Hadisə

1 manatlıq hesab üstündə yeməkxanada DAVA - Təfərrüat

11 Fevral 2024 15:31
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yardımlı rayonunda 1977-ci il təvəllüdlü Mənsur həmkəndlisi Elməddinə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə Yardımlı rayonunun Vərgədüz kəndində baş verib. Mənsur kənddə yerləşən yeməkxanada aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan Elmədinin yumruqla vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Mənsurun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mənsur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Yardımlı rayon Vərgədüz kəndində kəndində yaşayır: "Hadisə günü, saat 19 radələrində Vərgədüz kəndində həmkəndlim Vaqifin yeməkxanda olmuşam. Orada 3-4 stəkan pivə içdim. İçdiyim piyvələrin pulunu isə qohumum Əli ödədi. Yeməkxanadan çıxaraq evə gedərkən orada olan Vaqifin oğlu Elməddin mənə "dünən də burada pivə içmisən, 1 manat borcun var, borcunu ver" dedi. Mən də Elməddinə həmin gün yeməkxanaya gəlmədiyimi, borcumun olmadığını bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Elməddin məni təhqir etdiyinə görə əsəbləşdim və yumuruqla onu vurdum. Etdiyim əməldən peşman olmuşam".

İş üzrə zərərçəkmiş Elməddinin sözlərinə görə, hadisə günü, saat 19 radələrində Vərgədüz kəndində atasına məxsus yeməkxanada ona kömək edib: "Həmin vaxt atam yeməkxanada olmayıb. Yeməkxanada həmkəndlim Mənsur və digər şəxslər olub. Mənsur pivə içdi və içdiyi pivələrin pulunu başqa şəxs ödədi. Mənsura yeməkxanaya 1 manat borcunun olmasını, həmin pulu verməsini bildirdim. Mənsur cavabında əvvəlki gün yeməkxanaya gəlmədiyini, borcunun olmadığını bildirdi. Daha sonra isə "sən sübut et ki, sənə dünən içdiyim pivələrin pulunu verməmişəm" dedi. Əsəbi halda "sən yalan danışırsan" deyərək əli ilə məni itələdi. Daha sonra əlləri ilə boğazımdan tutdu və sifət nahiyyəmə yumruqla vurmaq istədi. Mənsurun yumruq zərbələrindən yayınmaq üçün əlimi sifət nahiyəmə tutdum, yumruq zərbəsi sağ əlimə dəydi və əlimdən xəsarət aldım".

Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mənsur 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Təqsirləndirilən şəxsin cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.