Texnologiya

Dünya Qızlar Gününü qeyd etdi

23 Aprel 2015 23:55
0 Şərh     Baxış: 1 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Telekommunikasiya İttifaqı: "Qadınların yeni nəsli üçün İKT sahəsində parlaq gələcək imkanlar mövcuddur" 

"Qızlar, qadınlar və innovasiya"- Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) qlobal məkanı aprel ayında məhz bu mövzu ətrafında səylərin birləşdirilməsinə səsləyib. Hər kəsi aprelin 23-nə təsadüf edən "İKT Qızlar günü"nün milli səviyyədə təşkilinə çağıran BTİ ölkələr üzrə builki tədbirlərdə rekord sayda qız və gənc qadınların iştirakına ümid edir. 

İKT sektorunu parlaq gələcək gözləyir

Bəs "İKT bayramı"na çevrilən belə bir gündə BTİ qadınların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki rolunu necə görür, necə dəyərləndirir?

Beynəlxalq təşkilat hesab edir ki, qadınların yeni nəsli üçün İKT sahəsində parlaq gələcək imkanlar mövcuddur: "İKT sektorunu parlaq gələcək gözləyir. Bu sahə çox az öyrənilib, az tədqiq edilib. Yaradıcılığa açıq, innovasiyalar, yeni iş üsulları, qarşılıqlı təsirlər və təlimləri özündə cəmləşdirən bu sahə qadın və kişilərə eyni dərəcədə maraqlıdır". 

Gələcək işçi qüvvəsini formalaşdıracaq altı əsas amil 

Milli.Az ICTnews-a istinadən bildirir ki, gələcək İnstitutu (Institute for the Future) gələcək işçi qüvvəsini formalaşdıracaq altı əsas amili müəyyən edir. Buraya ömrün uzunluğu; "ağıllı" qurğuların və sistemlərin inkişafı; hesablama sistemləri sahəsində irəliləmə, məsələn, sensor qurğular və hesablama imkanları; yeni multimedia texnologiyaları; sosial şəbəkələrin daimi inkişafı; hər yerdə birləşdirilmiş dünya kimi daxildir: "Şübhəsiz, belə bir gələcəyin əsası məhz İKT-nin sektorudur. Məşğulluq nöqteyi-nəzərindən və milli və beynəlxalq inkişafın əsasını təşkil edən əsas iqtisadi amil kimi, İKT sektoru enerjili və artan sektor olaraq qalır". 

İKT sektorunda bir zamanlar qadınlar öndə olsa da...

Amma məşğulluğun belə artması əmək bazarında, eləcə də İKT sahəsində qadınlar üçün iş yerlərinin sayının analoji artımına gətirib çıxarmadı. Əksinə, iqtisadiyyatın qabaqcıl sferalarında qadınların məşğulluğuna aid olan rəqəmlərin getdikcə enməsi müşahidə olunur. Halbuki vəziyyət heç də həmişə belə olmayıb. Məsələn, ABŞ hökuməti üçün ən birinci kompüter olan "ENIAC" proqramının istehsalçıları məhz qadınlar olub. Həmçinin 1980-ci ildə ABŞ-da diplomlu mütəxəssislərin arasında informatika üzrə mütəxəssislərin 37 faizi gənc qadınlar idi. Bizim günlərimizdə isə onların payı 20 faizdən də aşağı düşdü. Hərçənd indiki dövrdə yeniyetmə qızlar kompüter və internetdən oğlanlardan heç də az istifadə etmirlər, buna baxmayaraq, texnologiyalarla bağlı peşələri qızlar oğlanlarla müqayisədə beş dəfə az seçirlər. 

Qarşıdakı 7-8 ildə İKT sahəsində iş yerlərinin doldurulması üçün mütəxəssis defisiti ilə üz-üzə 

Mütəxəssis-qadınların çatışmazlığı ona gətirib çıxardı ki, hazırda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organization for Economic Cooperation and Development, OECD) ölkələrində İKT sahəsi üzrə qadın mütəxəssislərin sayı 20 faizdən də azdır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrin əksəriyyəti həyəcana səbəb olan bu amil üzündən İKT sahəsində meydana çıxan yeni iş yerlərinin doldurulması üçün ixtisaslaşdırılmış heyətin çatışmazlığını proqnozlaşdırırlar. Avropa İttifaqının hesablamalarına əsasən, İKT sahəsində iş yerlərinin doldurulması üçün mütəxəssis defisiti qarşıdakı 7-8 il ərzində 700 min insana çatacaq. Qlobal miqyasda isə çatışmazlıq 2 milyon insan səviyyəsində qiymətləndirilir. 

"Biz niyə işə daha çox qadın götürməliyik?" 

BTİ tərəfindən aparılan tədqiqatın gedişatında müəyyən olub ki, qadınların yalnız 30 faizi orta texniki heyətdə, 15 faizi rəhbər vəzifələrdə, strategiya və planlaşdırma sahəsində çalışanlar isə 11 faizdir. Araşdırmalar bu suala da cavab axtarıb: "Biz niyə işə daha çox qadın götürməliyik?"

Dinamik və müxtəliftərəfli İKT sektorunun əsasını peşəkar biliklərə malik istedadlı insanların yığımı təşkil edir. Bu mənada, İKT sahəsinin daim artan ehtiyaclarının təmin olunması üçün istedadların məcmusu, insan kapitalının formalaşdırılması diskriminasiya qoyulmadan aparıla bilər. Bu, eyni zamanda İKT sahəsində ixtisaslaşdırmaların daha böyük diapazonda genişləndirilməsi zərurətini göstərir ki, bu da qızlar və qadınların diqqətini cəlb edə, onlarda maraq oyada bilər. Müntəzəm aparılan tədqiqatlar göstərir ki, qızlar onların fikrinə görə cəmiyyətə "xeyir gətirən" peşələrin seçiminə, məsələn, səhiyyəyə, təhsilə meyillidirlər. Bu baxımdan, İKT də istisna deyil. 

İKT sektorunda işə qadınların və qızların cəlb edilməsi yalnız sosial ədalət deyil, bu, effektiv iqtisadiyyatı ifadə edir 

Tədqiqat göstərir ki, son onillikdə kişi və qadınlar arasında məşğulluqda ayrı-seçkiliyin aradan qaldırılması Avropada iqtisadi artımın əldə olunmasında əhəmiyyətli amil oldu. Asiya-Sakit okean regionunda qadınlar üçün məşğulluq imkanlarının məhdudlaşdırılması ildə 42-46 milyard ABŞ dollarına başa gəlir. Dünya Bankının nəticələri göstərir ki, analoji məhdudiyyətlər ərəb dövlətlərinin bütün regionuna çox baha başa gəlir, eyni zamanda dünyada iqtisadi imkanlarda gender fərqinin ən dərin əks olunduğu ölkələr də məhz onlardır. Ümumdünya İqtisadi Forumu təsdiq edir ki, nə qədər resursa malik olmasından asılı olmayaraq, dünyada yalnız kişi və qadınlar arasında bu resursları ədalətlə bölən ölkələr daha ciddi, uğurlu nəticələr əldə edirlər. Beləliklə, İKT sektorunda işə qadınların və qızların cəlb edilməsi - bu, yalnız sosial ədalət nöqteyi-nəzərindən düzgün mövqe deyil. Bu, həmçinin effektiv iqtisadiyyatı ifadə edir.

İKT sahəsində əmək bazarının gələcəyi 

İndiki əsrin başlanğıcında "dotkom"ların ("dot.com"- şirkətlərlə bağlı tətbiq edilən termin; biznes-modeli tamamilə internet şəbəkəsinə əsaslanan şirkətlərə şamil olunur) çox sürətli meydana çıxmasından başlayaraq, texnologiyalar sahəsində iş yerlərinə tələbat daim artır. İndi Amerika Birləşmiş Ştatlarında İT sahəsində iş yerlərinə olan tələbat "dotkom"ların çiçəklənməsinin ən pik həddində olduğundan da artıqdır. Qiymətləndirilmələrə görə, bu rəqəm İKT sektoru üzrə Avropada 700, ABŞ-da 800 min, Braziliyada 200 min iş yeridir. Proqnozlaşdırılır ki, qarşıdakı illərdə bu sektorda ən azı 1,7 milyon insan işləməyə başlayacaq. Kompüterlər tətbiq edilməyə başlayan vaxtdan İKT sektoru kökündən dəyişdi. İndi "biliklərə əsaslanan iqtisadiyyat", eyni zamanda sosial dəyişikliklərin gücünə çevrilən texnologiyalar daha əvvəl görünməmiş miqyasları əldə edir. 

İKT-nin meydana gətirdiyi, kreativlik və intuisiya tələb edən "hibrid peşələr"ə gənc qadınların marağı artacaq

Gözlənilir ki, yeni malların və xidmətlərin hazırlanması işgüzar dairələr, ev təsərrüfatları və hökumətlərin tələbatını stimullaşdıracaq. Bu da İKT sektoruna investisiyaların yönəldilməsini daha da sürətləndirəcək. Proqnozlaşdırılır ki, İKT-nin əlavə artımı nəqliyyatda, energetikada, sənaye istehsalatında yer alan "ağıllı" tətbiqlərin hesabına "yaşıl artım"la bağlı olacaq. Bu da özlüyündə ixtisaslaşdırılmış əlavələrə - proqramlara tələbatı şərtləndirəcək. İKT, eyni zamanda müxtəlif iqtisadi sektorlar üzrə spesifik texnologiyalarla birləşir ki, bu birləşmə də nəticədə "hibrid peşələr"in meydana çıxması ilə xarakterizə olunur. Bu peşələrə gənc qadınların böyük maraq göstərəcəyi gözlənilir. Xüsusən, kreativlik və intuisiya tələb olunan sahələrdə, məsələn, proqram təminatının əlavələrinin (proqramlarının) hazırlanmasında onların iştirakı yüksələ bilər.

BTİ-dən tövsiyə: "İKT sektorunda qadınların fəallığının artırılmasına dəstək bu qurumlar tərəfindən yürüdülən siyasətin əsasını təşkil etməlidir"

BTİ qadınların İKT sektorunda iştirakının artırılması ilə bağlı tövsiyələrini də səsləndirib. Belə ki, informasiya-rabitə texnologiyaları, elm və texnika sahələrinə cavabdeh nazirliklər İKT sahəsində proqram və təşəbbüslərin reallaşdırılmasında gənc qadınlarla daha çox sıx əməkdaşlıq yaratmalıdırlar. "İKT Qızlar günü"ndə milli səviyyədə təşkil edilən müxtəlif formatlı tədbirlərdə qadınlara İKT sektorunun gələcək perspektivləri daha aydın izah edilməli, onların bu sahədə çalışmasına maraq oyadan müxtəlif təşviq tədbirləri reallaşdırılmalıdır. Ümumilikdə İKT sektorunda qadınların fəallığının artırılmasına dəstək bu qurumlar tərəfindən yürüdülən siyasətin əsasını təşkil etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.