Səhiyyə

Azərbaycanda 6 ayda 42 min abort qeydə alınıb

24 İyul 2024 11:22
Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına hamiləliyin pozulması (abort) ilə bağlı 42 039 cərrahi xidmət göstərilib.

Bu barədə Milli.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, hamiləliyin süni pozulması (abort) ilə bağlı müayinə və müdaxilələr icbari tibbi sığorta təminatına daxildir. Xidmət hamilə qadınların sağlamlığının qorunmasını və zəruri hallarda lazım olan tibbi müdaxilələrin vaxtında həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.

Həmin müddətdə olan abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.

Hamiləliyin pozulması icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim göstərişi əsasında icra olunur.

Statistik göstəricilərə əsasən Bakı şəhərində qeyd olunan tibbi xidmət üzrə ən yüksək müraciət sayı Sabunçu Tibb Mərkəzi, Yeni Klinika, Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Abşeron Rayon Mərkəzi Xəstəxanası, rayonlar üzrə isə Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası və Tovuz Rayon Mərkəzi Xəstəxanalarına aiddir.

Məlumat üçün bildirək ki, ginekoloji problemlər, dölün anomaliyaları, borudan kənar hamiləlik, hamiləlik zamanı ananın sağlamlığı üçün risklər kimi tibbi göstərişlərə əsaslanan hallarda hamiləliyin pozulması zəruri hesab edilir. Bu məqsədlə xüsusi medikamentoz vasitələrdən, kiçik cərrahi müdaxilə ilə həyata keçirilən vakuum aspirasiya və uşaqlıq boşluğunun cərrahi yolla təmizlənməsi olan küretaj üsullarından istifadə olunur. Müvafiq üsul, xəstənin vəziyyəti və hamiləliyin mərhələsinə uyğun olaraq ixtisaslaşmış həkim tərəfindən təyin edilir.

Abortdan əvvəl və sonra aparılan obstetrik doppler müayinəsi, hamiləlik testi hormonu (HCG), ginekoloji USM (transabdominal və transvaginal), qan analizləri və biokimyəvi testlər icbari tibbi sığorta təminatına daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.