Sobaların iç hissəsinin təmizlənməsi zamanı istifadə edilən ağır kimyəvi tərkibli yuyucu vasitələr divarlarda qalıq şəklində qalarsa, sonradan bişirilən yeməklərə mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, soba divarlarında yığılan yağ qalıqlarını və ləkələri təmizləmək üçün təbii üsullardan istifadə etmək daha məqsədəuyğundur:
Duz və limon qabığı: Yağ ləkəsi olan sahələrə nazik qatla iri dənəli duz səpin. Limon qabığının iç hissəsi ilə duzlu səthi dairəvi hərəkətlərlə ovun. Duz yağı hopdurur, limon qabığı isə təbii həlledici rolunu oynayır. Bu üsul yağ qalıqlarının yumşalmasına kömək edir. Sonda nəm parça ilə səthi silərək duz qalıqlarını təmizləyin.
Soda və su: Sodanı az miqdarda su ilə qarışdıraraq qatı məcun hazırlayın. Bu qarışığı sobanın iç səthindəki yağlı və çirkli yerlərə qalın qatla çəkin. Soda yağları həll edərək səthdən ayrılmasını təmin edir. Qarışığı ən azı 1 saat saxlamaq, inadkar ləkələr üçün daha effektiv nəticə verəcək. Vaxt bitdikdən sonra nəm süngərlə silərək fırını təmizləyin.
Sirkə və limon: Eyni miqdarda ağ sirkə və limon suyunu sprey qabına tökün. Hazırladığınız qarışığı sobanın yağlı səthlərinə püskürdün. Asidik tərkib yağ qatını yumşaldaraq təmizlənməsini asanlaşdırır. Təxminən 20 dəqiqə gözlədikdən sonra yumşalmış ləkələri parça ilə silin. Təmizlikdən sonra sobanın içini nəm parça ilə yaxalamaq tövsiyə olunur.
Soda və sirkə buxarı: İstiyədavamlı qaba isti su, 1 çay stəkanı sirkə və 2 xörək qaşığı soda əlavə edin. Qabı sobanın içinə yerləşdirib fırını aşağı temperaturda 10-15 dəqiqə işlədin. Yaranan buxar qurumuş yağları yumşaldaraq səthdən asanlıqla çıxmasını təmin edir. Sobanı söndürüb bir qədər soyumasını gözləyin, sonra daxili səthi parça və ya süngərlə silərək təmizliyi tamamlayın.
Mina Mikayılova
Milli.Az





