10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq "Təhsil" və 8-ci Azərbaycan Beynəlxalq "Karyera" sərgiləri öz işinə başlayacaq. "Təhsil" və "Karyera" sərgiləri bu mövzu üzrə sərgi formatında keçirilən yeganə tədbirdir. Bu isə həm ziyarətçilərə, həm də eksponentlərə gələcək ixtisasın və ya iş yerinin seçimi ilə bağlı qərar qəbul etmək üçün tədbirin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə etməyə imkan verir.8-ci Azərbaycan Beynəlxalq "Karyera" sərgisi
Milli.Az bir mühüm amili qeyd etməyi lazım bilir ki, bu sərgilər ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir və təhsil nazirliyi tərəfindən göstərilən rəsmi dəstək bu sektorların ölkədə inkişafı baxımından sərgilərin əhəmiyyətini vurğulamaqla yanaşı, milli qrup və yerli universitetlərin sərgilərdə iştiraka cəlb olunmasına da kömək edir. 15 sentyabr tarixindən etibarən paytaxtın bir sıra orta məktəblərinin ibtidai siniflərində "Sağlam təhsil" metodikasının tətbiq olunması bu cür sıx və qarşılıqlı əlaqənin parlaq nümunəsidir. Pilot metodikanın məsləhətçilərindən biri - "Sağlam təhsil - sağlam millət" unikal metodikasının müəllifi tibb elmləri doktoru professor Bazarnıy Vladimir Filippoviçdir. Prof. V. Bazarnıy təhsil müəssisələrinin sağlamlığın inkişafına əsaslanan tədris sisteminə keçirilməsi üzrə öz müəllif sistemini ilk dəfə "Təhsil və Karyera 2013" sərgisi çərçivəsində keçirilən seminar zamanı təqdim etmişdir (Prof. Bazarnıy bu sərgiyə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə sərginin təşkilatçıları tərəfindən dəvət edilmişdi).
Sərgilər həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" və "Caspian Event Organisers" (CEO) şirkətləri çıxış edirlər.
Bu il "Təhsil" və "Karyera" sərgilərinə dünyanın 20 ölkəsindən 122 iştirakçını bir araya gətirərək, sərgi meydançası üzrə 20% artım nümayiş etdirib. Sərgidə ənənəvi olaraq milli qruplar da iştirak edəcəklər və onların arasında Litvanın 15 nüfuzlu universitetini təqdim edən Litva milli stendi, eləcə də Slovakiyanın 44 universitetini təqdim edən "Study in Slovakia" təşkilatı var. Bu il Niderland Krallığı, Qazaxıstan, Latviya və Slovakiya sərgidə ilk dəfə iştirak edirlər. Krakov Dövlət İqtisad Universiteti (Polşa), BƏƏ-nin Aviasiya Universiteti, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti, Budapeşt Beynəlxalq Biznes Məktəbi, Britaniya Ali Dizayn Məktəbi (Moskva), "Webster University" (ABŞ), Malayziyanın "Help" və "Nottingham" Universitetləri, Niderland Krallığının "Saxion University of Applied Sciences", Mastrixt İdarəetmə Məktəbi və "Inholland" Tətbiqi Elmlər Universiteti, Qazaxıstanın Nazarbayev Universiteti, Latviyanın Baltik Beynəlxalq Akademiyası və s. bu kimi böyük xarici universitetlərin bu il sərgiyə qoşulması isə sevindirici haldır. Sərgiyə Azərbaycanın təhsil müəssisələrindən gələn nümayəndələrin də sayı durmadan artır, belə ki, bu il eksponentlərin siyahısında Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Təfəkkür Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, "CELT" və ölkənin bir sıra digər təhsil müəssisələri var. Sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi də iştirak edəcək və onun stendində qarşıdan gələn illər üçün təhsil nazirliyinin plan və proqramları barədə məlumatlar nümayiş etdiriləcəkdir.
Ümumiyyətlə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura və aspirantura, eləcə də ikinci ali təhsil və "MBA" proqramları, işgüzar xarici dil kursları, habelə təcrübə və treninqlər təklif ediləcək. Ziyarətçilər sərgidə aparıcı universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət yaradaraq, universitetə daxil olma prosesinə necə başlamağı, bu prosesə daha yaxşı necə hazırlaşmağı, sənədləri təqdimetmə müddətləri, təhsil qiymətləri və yaşayışın necə təşkil olunduğu barədə onları maraqlandıran suallara cavab ala biləcəklər. Ziyarətçilər həmçinin universitetlərin reytinqi, ixtisaslar və bir sıra digər məsələlər xüsusunda da məlumat ala biləcəklər. Xarici iştirakçılar tələbə / nümayəndə heyəti mübadiləsi və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq proqramı üzrə Azərbaycan universitetlərinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar.
Hazırda Azərbaycanda müasir təchizat sistemini tələb edən uşaq bağçaları və orta məktəblər tikilir və ya təmir edilir. Bununla əlaqədar olaraq, sərginin "Təhsil müəssisələri üçün avadanlıqlar" adlı sektorunda interaktiv yazı lövhələri, orta və ali təhsil müəssisələri üçün kompyuterlər və laboratoriya avadanlıqları nümayiş etdiriləcək. Sərgi iştirakçılarının tam siyahısı ilə www.eduexpo.az veb-saytında tanış olmaq mümkündür.
Bu il "Karyera" sərgisi müstəqil layihə kimi və yeni brend altında keçirilir. Bu isə artıq öz müsbət nəticələrini verib və ötən il ilə müqayisədə sərgi iştirakçılarının sayca artması bunu bir daha sübut edir. Sərgidə 22 şirkət ("Azercell Telecom", "Azərsu", "Azersun Holding", "Azərenerji", "Bakcell", "BP", "Halliburton Eurasia Limited", "JTI", "SOCAR", "Unibank" və s.) bank işi, neft-qaz, telekommunikasiya, maliyyə, hüquq xidmətləri, energetika, satış və marketinq, su resursları, qida və kənd təsərrüfatı sektorlarında iş vakansiyalarını təklif edəcəklər. Bu il Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi də sərgidə iştirak edərək, gənc və istedadlı insanları "Baku Games 2015" böyük idman bayramı çərçivəsində həyata keçiriləcək işlərə dəvət edəcəkdir. Ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edən beynəlxalq sərgi və konfrans təşkilatçısı - "Iteca Caspian" şirkəti isə layihə meneceri, mühasib, veb-dizayner, eləcə də çağrı mərkəzinin ("Call Centre") əməkdaşı kimi çalışmaq istəyən şəxsləri öz 1210 saylı stendinə dəvət edəcək. Sərgidə ziyarətçilər işədüzəltmə üzrə pulsuz konsultasiyalarda iştirak etmək imkanı qazanacaqlar.
Bu il sərgini geniş işgüzar proqram müşayiət edəcək, belə ki, sərgi çərçivəsində 10 oktyabr saat 15:00-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "Sabah" layihəsinin təqdimat mərasimi keçiriləcək. Bu layihə təlim-tərbiyə metodlarının təkmilləşdirilməsi, Azərbaycanda akademik və təhsil mühitinin dəyişdirilməsinə yönəldilmişdir. Oktyabr ayının 11-də saat 12:00-da isə "Gələcəyini qur!" gənclərə dəstək layihəsinin təqdimatı keçiriləcək. Bu təhsil layihəsinin sponsorlarından biri də "Iteca Caspian" şirkətidir. Həmçinin, 11 oktyabr saat 15:00-da Bakı Ekspo Mərkəzində "Təhsil" sərgisinin debütantlarından biri - Niderland Krallığının "Saxion" Tətbiqi elmlər universiteti Azərbaycanlı tələbələr üçün öz xidmət və imkanlarının təqdimatını keçirəcəkdir.
Beləliklə, sözügedən sərgilər həm təhsil, həm də gələcək peşə seçimi üçün unikal meydançaya çevriləcək. "Karyera" sərgisinə giriş iş axtarışında olan hər kəs üçün, "Təhsil" sərgisi isə yalnız sənaye peşəkarları, tələbə və abituriyentlər, habelə 10 və 11-ci sinif şagirdləri və onların valideynləri üçün açıq olacaq. Artıq sərgilərin veb-saytlarında sürətli qeydiyyat sistemi fəaliyyət göstərir və indi abituriyent və tələbələr, eləcə də vakansiya axtarışında olan şəxslər sərgidə iştirak edən universitetlərin nümayəndələri ilə əvvəlcədən görüş təyin edə biləcəklər. Bunun üçün sərginin www.eduexpo.az və ya www.careerexpo.az veb-saytlarında təhsil müəssisəsinin, yaxud şirkətin adını seçərək görüş üçün münasib vaxtı göstərməklə, xüsusi formanı doldurmaq kifayətdir. Bu sorğu operativ şəkildə universitet və şirkət nümayəndələrinə göndəriləcək. Beləliklə, universitet və şirkət nümayəndələri öz eksklüziv təklifləri barədə danışmaq üçün sizin tərəfinizdən müəyyən edilmiş vaxtda və öz stendlərində abituriyentlərin yolunu gözləyəcəklər. Bu xidmət sayəsində ziyarətçilər növbəyə durmadan və danışıqları aparmaq üçün təyin edilmiş qrafik əsasında sərgi vaxtından daha səmərəli istifadə edə biləcəklər.
Sərginin iş günlərində xüsusi avtobuslar təşkil ediləcək və bu avtobuslar ziyarətçiləri müntəzəm olaraq "Nəriman Nərimanov" metro-stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz daşıyacaqdır.
Sərgilər öz işini 12 oktyabr tarixinə kimi davam etdirəcək.
Milli.Az