Sərgilər

"Iteca Caspian" apreldə beynəlxalq sərgilər keçirəcək

3 Mart 2014 12:19
Baxış: 1 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Iteca Caspian" şirkəti tərəfindən planlaşdırılan beynəlxalq sərgilər mövsümü cari ilin aprel ayında start götürəcək. Bütün sərgilər Azərbaycan Respublikası dövlət strukturlarının rəsmi dəstəyi ilə həyata keçirilir. Bir sıra layihələr isə beynəlxalq sənaye assosiasiyalarının rəsmi dəstəyi çərçivəsində təşkil olunacaq. Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına ("UFI") üzvlük bu tədbirlərin beynəlxalq statusunu daha da möhkəmləndirir, belə ki, sərgilər hər il sözügedən assosiasiya tərəfindən statistik məlumatların və təşkilati səviyyənin müvafiqliyi baxımından tam yoxlanılır və nəticədə sərgilərə keyfiyyət nişanı təqdim edilir. Sərgilərin uğurunu təmin edən mühüm amillərdən biri də "ITE Group plc" şirkətinin beynəlxalq ofislərdən ibarət şəbəkəsinin birgə fəaliyyətdir. Bu şəbəkəyə daxil olan "ITE Moscow" (Rusiya), "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE China" (ÇXR) və "ITE Gulf" (BƏƏ) şirkətləri beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgilərdə iştiraka fəal surətdə cəlb edirlər.

Hazırda 2014-cü il mövsümündə keçiriləcək sərgilərdə iştirak üçün ərizələrin intensiv qəbulu keçirilir. Bu isə təşkilatçıların Azərbaycanda sərgilər üzrə 15% artım olacağını öncədən proqnozlaşdırmalarına imkan yaradır. Artıq indidən sərgi iştirakçılarının siyahısında "Azersun Holding", ARDNŞ, "BP Azerbaijan", "Nokia-Siemens Networks", "Cross Caspian Oil and Gas Logistics LLC", "Saipem", "Mətanət A", "Milla", "Şirin", "Azərbaycan Dəmir Yolları" QSC, "Herrenknecht AG", "GEA Westfalia", "Huawei Technologies Investment Co Ltd", "RussNeft", "Schlumberger", "Turkiye Petrolleri A.O.(TPAO)", "Total E&P Azerbaijan", "Samsung Techwin Co., Ltd" və s. bu kimi aparıcı sənaye şirkətləri yer alırlar. Bundan əlavə, sərgilərdə öz milli stendləri ilə iştirak edən ölkələrin də sayı getdikcə çoxalır, belə ki, bu il Almaniya, İtaliya, Çin, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Bolqarıstan, Misir, Gürcüstan, Yunanıstan, Macarıstan, Hindistan, Sloveniya, Tailand, Çernoqoriya, Mavriki adaları, Argentina, Dominikan Respublikası, Estoniya və bir sıra digər ölkələr öz milli ekspozisiyaları ilə çıxış edəcəklər.

Bu il sponsorların da tərkibi genişlənmişdir: 8-ci Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" ("Agrihort Azerbaijan 2014") sərgisinin Baş sponsoru "John Deere" şirkətidir. Bu sərginin qeydiyyat sponsoru kimi isə "Aztexnika" şirkəti çıxış edəcək. Ənənəyə çevrilmiş Beynəlxalq "Xəzər Neft və Qaz" ("Caspian Oil and Gas") sərgi və konfransının sponsorları arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azeri MI Drilling, AZFEN J.V Construction, Baker Hughes, BP, Bos Shelf, Caspian Drilling Company, Caspian Marine Services, Caspian Geophysical, Cross Caspian Oil&Gas Logistics LLC, Dentons, Inpex, Nobel Oil, Statoil, Total, Tekfen Construction, RussNeft və digər şirkətlər var. COG Konfransının rəsmi hava daşıyıcısı isə "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətidir. Bu il 4-cü Xəzər Beynəlxalq "Yol infrastrukturu və İctimai nəqliyyat" ("Road & Traffic 2014") sərgisinin sponsoru qismində "Azvirt" şirkəti çıxış edir. Cənubi Qafqaz regionunun əsas tikinti forumu olan "BakuBuild 2014" sərgisinin sponsoru isə "NB Group" şirkətinin "Corella" (Baş sponsor) və "Azpol" ("Qızıl sponsor") brendləri olacaq. Həmçinin, ardıcıl olaraq ikinci ildir ki, "Holcim Azerbaijan" şirkəti sərgidə qeydiyyat sponsorluğuna üstünlük verir. Sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir. "JW Marriott Hotel Absheron Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları, eləcə də turoperator "Greenwich Travel Club" şirkəti 2014-cü ildə keçiriləcək bütün sərgilərin rəsmi tərəfdaşlarıdırlar.

Ümumilikdə isə "Iteca Caspian" şirkəti 2014-cü ildə Azərbaycanda 25 sərginin keçirilməsini planlaşdırır. Bunların arasında həm ənənəvi, həm də yeni layihələr var. Sevindirici haldır ki, qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən "WorldFood Azerbaijan", "BIHE", "BakuBuild" və "BakuTel" kimi iri sərgilər öz iyirmiillik yubileyini, "CTE" sərgisi isə beşillik yubileyini qeyd edəcəklər. Keçirildiyi illər ərzində bu sərgilər Xəzər regionunda aparıcı mövqe tutmaqla yanaşı, peşəkarlar üçün çoxsaylı iştirakçı və ziyarətçini cəlb edən ənənəvi görüş yerinə çevrilmişdir. Təşkilatçılar tərəfindən yubiley tədbirlərlə bağlı xüsusi proqram da planlaşdırılır və bu proqram sərgi layihələrini daha geniş şəkildə nümayiş etdirməyə imkan yaradacaq.

15-17 may tarixində Azərbaycanın avtomobil həvəskarlarının çoxdan bəri gözlədikləri 8-ci Bakı Beynəlxalq "Motor Şou" ("BIMS 2014") sərgisi keçiriləcək. Xəzəryanı regionunun ən böyük avtomobil sərgisi olan bu tədbir yerli və xarici avtomobil istehsalçılarını, habelə avtomobil texnikası və komplektləşdiricilərinin dünyaca məşhur brendlərinin distribyutor və dilerlərini bir araya gətirəcəkdir. Sərgi iştirakçıları arasında minik avtomobillərin istehsalı sahəsində məşhur olan "Bentley", "Toyota", "Lexus", "Volvo" və digər dünya istehsalçılarının distribyutorları da var. Motosiklet dilerləri isə "Aprilia", "Suzuki", "Harley Davidson" və "Vespa" kimi dünya üzrə aparıcı istehsalçıların modellərini təqdim edəcəklər. Kommersiya sektorunda "MANN" və "HOVA" şirkətlərinin istehsalı olan traktorlar, özüboşaldan yük maşınları və yarım-qoşqular nümayiş etdiriləcək. Sərgidə avto-hissələr, avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasına aid olan digər məhsullarla bağlı tematik bölmə əhəmiyyətli yer tutacaqdır.

"BIMS" sərgisi ilə paralel olaraq, bu il yeni layihə - 1-ci Xəzər Beynəlxalq "Kater və Yaxtalar" ("CIBS 2014") sərgisi də start götürür. Bu sərgi Azərbaycanda kater və yaxtalar bazarını yaxından tanıdacaq dinamik və maraqlı bir tədbir olacaq. Debüt sərgi fəal istirahət üçün su-motor texnikasını və əlaqədar məhsulları nümayiş etdirməklə yanaşı, Azərbaycanda parlaq hadisəyə çevriləcəkdir.

2014-cü ildə keçiriləcək sərgilərin siyahısında daha bir yeni layihə - 1-ci Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi" ("ADEX 2014") sərgisi də yer alır. "ADEX 2014" sərgisi dünya sənayesinin mühüm görüş yerinə və iştirakçı ölkələrin hərbi potensialının nümayişi, bilik mübadiləsi və təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi üçün platformaya çevrilməklə yanaşı, müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq naminə hərbi mütəxəssislərin və aparıcı şirkətlərin diqqətini cəlb edəcəkdir. Sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunacaq.

Sərgilərin ayrılmaz tərkib hissəsini təşkil edən intensiv işgüzar proqram çərçivəsində maraqlı seminarlar, konfranslar, iclas və ustad dərsləri ("master-klass") keçiriləcək. Bu il artıq dördüncü dəfədir ki, "Iteca Caspian" şirkəti sərgi iştirakçıları üçün "Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli" mövzusunda praktiki seminar təşkil edir. Mart ayının 14-də "Fairmont Baku" otelində keçiriləcək bu seminar şirkət direktorları, marketinq üzrə direktor və menecerlər, satış üzrə direktor və menecerləri, eləcə də sərgilərdə iştiraka hazırlıqla üçün məsul olan şirkət əməkdaşlarına tövsiyə edilir. Seminarın aparıcısı "EkspoEffekt" sərgi konsaltinqi agentliyinin Baş direktoru, "sərgilərdən maksimum faydanı necə əldə etməli" adlı kitabın müəllifi Nikolay Karasev (Rusiya) olacaq. Seminarın məqsədi sərgi təcrübəsini sistemləşdirərək tamamlamaq və şirkətlərin özlərinə kənardan baxmasına imkan yaratmaq, habelə sərgilərdə iştiraka hazırlıq zamanı tez-tez təsadüf edilən səhv və stereotiplərə yol verməməkdir.

Sərgilər Bak Ekspo Mərkəzində keçirilir. Sərgiyə gələn qonaq və iştirakçıların rahatlığı üçün isə əvvəlki kimi bir sıra servislər fəaliyyət göstərir, belə ki, sərgiləri ziyarət etmək istəyən şəxslər üçün "N. Nərimanov" metro stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz çatdırılmanı həyata keçirən komfortlu avtobuslarla yanaşı, sərgilərin yerləşdiyi ərazidə iştirakçılar üçün pulsuz biznes və media mərkəzi, habelə kafe və restoran da var.

Sərgi ziyarətçilərinin qayğısına qalan təşkilatçılar Baku Ekspo Mərkəzində ziyarətçilərin qeydiyyatını yüngülləşdirmək məqsədilə hər il yeni texnologiyalardan istifadə edirlər. Bu il isə təşkilatçılar sərginin daimi ziyarətçiləri üçün xüsusi servis hazırlayıblar, belə ki, Bakı Ekspo Mərkəzindəki keçidlərin birində ziyarətçilər üçün (istifadəsi xüsusi plastik kartlarla mümkün olan) turniket quraşdırılacaq. Bir il ərzində etibarlı olan bu plastik kartlar təşkilatçılar tərəfindən daimi ziyarətçilərə və mötəbər qonaqlara təqdim ediləcək. Bu kartın sahibləri qeydiyyat prosesini keçmədən, sərgiyə birbaşa daxil ola biləcək və təşkilatçılar tərəfindən göstərilən əlavə xidmətlərdən, o cümlədən "VIP"-salonlar, biznes mərkəzləri, seminarlar və sərginin digər əlavə tədbirlərindən faydalana biləcəklər. Bundan əlavə, plastik kart sahibləri sərginin tərəfdaşları tərəfindən eksklüziv təkliflər alacaqlar.

Qeydiyyat prosesinin alternativi olaraq, sərgi ziyarətçilərinin hər biri üçün Bakı Ekspo Mərkəzinin foyesində özünəxidmət terminalları da quraşdırılacaq. Bu terminal (operator xidmətinə ehtiyac olmadan) qeydiyyat prosesindən sərbəst şəkildə və tez keçməyə imkan yaradır. Bunun üçün ziyarətçidə döş nişanı ("bedc") almaq məqsədilə bilavasitə terminala daxil edilən sərgi ziyarətçisinin bar-kodu olmalıdır. Bar-kod üstündə ad yazılmış dəvətnamədə və sərgi saytında "onlayn" qeydiyyat üçün nəzərdə tutulmuş elektron biletdə göstərilib. Qeyd etmək lazımdır ki, tezliklə mobil telefonlara proqram təminatını yükləməklə dğ elektron qeydiyyatdan keçmək mümkün olacaq. Bütün bu yeniliklər sayəsində ziyarətçilər öz vaxtlarından daha səmərəli şəkildə yararlanaraq, qeydiyyat növbəsində vaxt itirməyəcəklər. Bundan əlavə, qabacadan qeydiyyat iştirakçıların siyahısını, sərgilərlə bağlı məlumatları və sərgini müşayiət edən işgüzar tədbirlərin təqvimini əldə etməyə imkan verir.

Bu il həm iştirakçıların, həm də ziyarətçilərin istəklərini nəzərə alan təşkilatçılar 2014-cü ildə həyata keçiriləcək əksər layihələr çərçivəsində şənbə gününü sərginin son iş günü kimi seçiblər və bu da sərgi iştirakçılarına son istifadəçilərlə ünsiyyət vaxtını artırmağa imkan yaradır.

Beləliklə, yeni sərgilər sayəsində yeni texnologiya və əlaqələr, habelə tərəfdaşlar və nəhayət, ölkənin sürətlə inkişaf edən iqtisadiyyatı üçün yeni investisiya axını təmin olunacaq, çünki, hər ixtisaslaşmış sərgi bütöv bir sənaye sahəsi üçün demək olar ki, qeyri-məhdud imkanların təklif olunduğu görüş məkanıdır.

2014-cü ildə keçiriləcək sərgilərin təqvimi ilə www.iteca.az veb-saytında tanış olmaq mümkündür. Sərgilərlə bağlı daha ətraflı məlumat üçün isə [email protected] elektron poçtu vasitəsilə təşkilatçılara müraciət edə bilərsiniz.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.