Trend bildirir ki, 2013-cü ilin payız aylarında keçiriləcək sərgiləri fərqləndirən cəhət isə ondan ibarətdir ki, bütün layihələr üzrə orta hesabla 20% sabit artım müşahidə olunur. Azərbaycanda mövcud olan əlverişli iqtisadi şərait, "Iteca Caspian" şirkəti tərəfindən təşkil olunan sərgilərin unikal formatı, eləcə də xarici şirkətləri Azərbaycanda keçirilən sərgilərdə iştiraka cəlb edən beynəlxalq ofis və agentliklər şəbəkəsinin fəaliyyəti bu artıma müəyyən dərəcədə təsir göstərmişdir. Sərgilərin müvəffəqiyyət qazanmasının səbəbi bütün sərgilərin hökumət strukturlarının dəstəyi çərçivəsində keçirilməsidir. Artıq altı ildir ki, "BIHE", "BakuBuild" və "Bakutel" kimi ən böyük payız sərgiləri "UFI" - Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülür. Bu isə sərginin hamı tərəfindən qəbul edilən keyfiyyətinə zəmanət verməklə yanaşı, təşkilatçılar tərəfindən bəyan edilmiş statistik göstəriciləri də sübut edir. "Iteca Caspian" şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir. Sərginin rəsmi otelləri qismində "Jumeirah Bilgah Beach Hotel" və "Qafqaz Poynt Hotel" mehmanxanaları, rəsmi turoperatoru qismində isə "Greenwich Travel Club" şirkəti çıxış edirlər.Bu payız mövsümündə "Iteca Caspian" MMC və onun tərəfdaşı - "ITE Group plc" şirkəti doqquz sərginin keçirilməsini planlaşdırmışlar
Builki sərgi mövsümünü 4-6 oktyabr tarixində "JW Marriott Absheron" mehmanxanasında keçiriləcək 7-ci Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisi açacaq. Bu sərgi abituriyentlərə və onların valideynlərinə müxtəlif təkliflər arasında düzgün seçim etməkdə və gələcəyə düzgün sərmayə yatırmaqda kömək etmək üçün yeni dərs ilinin başlandığı bir vaxta təyin olunub. "Təhsil və Karyera" sərgisi təhsil sahəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Sərgiyə müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən dünyanın 20 ölkəsindən 100-dən artıq iştirakçının qatılacağı gözlənilir. Bakalavr və MBA proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemləri isə sərgi ekspozisiyasının əsasını təşkil edəcək. Diqqətəlayiq haldır ki, bu il ilk dəfə olaraq beş ölkə öz milli stendi ilə çıxış edir. Bu ölkələr müxtəlif şəhərlərin məşhur təhsil müəssisələrini təmsil edən Belarus, Litva, Ukrayna, Macarıstan və Polşadır. Sürətli iqtisadi ikişaf biznesin genişlənməsi və qiymətli kadrlara olan tələbatın artması deməkdir ki, bu da təhsil sahəsində inkişafı daha da fəallaşdırır. Bu təmayülü isə "ВР", ARDNŞ, "Azercell" və digər şirkətlərin iştirak etdiyi "Karyera" sektoru dolğun şəkildə əks etdirir. Bu sektorda öz karyeralarını bu və ya digər sahəyə həsr etmək istəyən gənclərdən ərizə və sənədlərin qəbulunu həyata keçirən işəgötürmə şirkətləri də iştirak edəcək və öz stendlərində ilkin müsahibələr aparacaqlar. Sərgi çərçivəsində şirkətlər təlim (treyninq) proqramları, məzun və praktikantlar üçün işəgötürmə proqramları, neft-qaz mütəxəssislərinin təhsili üçün maliyyə dəstəyi və Azərbaycanın neft və texniki sahələr üzrə ali təhsil müəssisələrinin məzunları üçün xüsusi proqramlar da təklif edəcəklər. "Təhsil və Karyera" sərgisinin daimi iştirakçısı - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sərgi çərçivəsində məktəb və ali təhsil müəssisələri məzunlarına düzgün iş seçimi, ərizə və sənədlərin qəbulu və işəgötürənlərlə müsahibə sahəsində yardım göstərən, habelə vakansiyaların axtarışında bir çox faydalı məsləhətlər verən gənclərin qeyri-hökumət təşkilatları və birlikləri ilə konsultasiya keçirməyi planlaşdırır. "Təhsil və Karyera" sərgisi yalnız orta məktəblərin sonuncu sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də sahə mütəxəssisləri üçün açıq olacaq.
Regionda çoxdan bəri gözlənilən və ən geniş tədbir sayılan "Xəzər İnşaat Həftəsi" 23-26 oktyabr tarixində keçiriləcək. Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, eləcə də xarici meydançanı və ümumi zalı əhatə edən "Xəzər İnşaat Həftəsi" üç böyük sərgini - "BakuBuild", "Aqua-Therm Baku" və "CIPS Caspian" sərgilərini özündə ehtiva edir. Bu il "Xəzər İnşaat Həftəsi" dünyanın 27 ölkəsindən 400-dən artıq şirkəti bir ekspozisiya çərçivəsində birləşdirəcək. Sərgiyə yaxşı hazırlaşmış iştirakçılar Bakıda öz sektorları üzrə ən son təmayülləri təqdim edəcəklər. "BakuBuild 2013" 19-cu Azərbaycan Beynəlxalq "İnşaat" sərgisi müasir və qabaqcıl inşaat texnologiyalarını, geniş çeşiddə tikinti materiallarını və istehsalın ön sıralarında duran şirkətlərin santexnika avadanlıqlarını, habelə yeni döşəmə örtüklərini, tikinti texnikasını, (həm açıqlıqda, həm də evlərdə quraşdırılan) uşaq meydançalarını, idman ləvazimatlarını, trenajorları və digər məhsulları təqdim edəcək. Yeni sektorlar arasında şəhər dekorasiyası üçün işıqlandırma və səs avadanlıqları bölümü də yer alır. Builki sərgidə ağır sənaye sahəsi, xüsusilə də Azərbaycan, Gürcüstan və BƏƏ-nin metallurgiya zavodları geniş şəkildə təmsil olunacaqlar. Son illər isə bu sərginin səciyyəvi cəhəti də formalaşıb, belə ki, şirkətlər təmsil etdikləri ölkələrin ticarət-sənaye palataları və dövlət orqanlarının fəal iştirakı ilə təşkil olunan böyük milli qruplar şəklində çıxış edirlər. Bu baxımdan, hazırkı sərgi də istisna deyil. Bu il milli qruplar həmçinin Bakı Ekspo Mərkəzinin böyük zalında da yerləşəcəklər. Onların arasında sərginin daimi iştirakçıları - Almaniya, Yunanıstan, İtaliya, İran, Portuqaliya və Finlandiya kimi ölkələrin milli qrupları yer alır. BƏƏ-nin milli qrupu isə bu il debüt edəcək.
Sevindirici haldır ki, yerli iştirakçıların da sayı artmışdır və ümumi sərgi meydançasının 33%-ni təşkil edir. Bundan başqa, bir sıra daimi iştirakçılar yeni formatda iştirak etmək qərarına gəliblər, belə ki, bu il sərginin Qızıl sponsoru qismində "Norm" şirkəti çıxış edir. Digər sponsorlar arasında "Holcim Azerbaijan" və "Emirates steel" (BƏƏ) şirkətləri yer alır.
Elə həmin tarixlərdə "Aqua-Therm Baku 2013" 5-ci Yubiley Beynəlxalq "İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji" sərgisi keçiriləcək. Sərgi ekspozisiyasına istilik sistemləri, izolyasiya materialları, ventilyasiya sistemləri, havapaylayıcı qurğular və bir sıra digər məhsullar daxildir. Bu il "Aqua-Therm Baku" sərgisi öz meydançasında Azərbaycan, İran, İspaniya, İtaliya, Rusiya, Türkiyə, Fransa və digər ölkələrdən 60-dan çox şirkəti bir araya gətirəcək. "Aqua-Therm Baku" sərgisi Bakı Ekspo Mərkəzinin ikinci və dördüncü zallarında keçiriləcək və həm sərgi sahəsinin genişliyi, həm də zəngin ekspozisiya baxımından fərqlənəcəkdir.
"CIPS Caspian 2013" 6-cı Xəzər Beynəlxaq "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri" sərgisi 23-26 oktyabr tarixində keçiriləcək. Sərgi potensial istehlakçılara etibarlı təhlükəsizlik sistemləri və yüksək səviyyəli intellektual mühafizə vasitələri sahəsində ən son təkmilləşdirmələri təqdim edən istehsalçı, diler və xarici şirkətlərin nümayəndələrini bir araya gətirəcəkdir. Belə ki, builki sərginin iştirakçıları arasında təhlükəsizlik sistemləri, siqnalizasiya, CCTV, girişə nəzarət vasitələri, yanğın təhlükəsizliyi sistemləri və yanğından mühafizə siqnalizasiyası kimi məhsulların istehsalçıları var.
Bu il 31 oktyabr - 2 noyabr tarixində ənənəvi "BIHE", "Beauty Azerbaijan" və "Stomatology Azerbaijan" sərgiləri keçiriləcək. Regionda yeganə tibb və səhiyyə sərgisi olan "BIHE" dövlət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, terapevtlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş yerinə çevrilib. "BIHE" sərgisinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilməsi onun statusunu bir daha təsdiqləyir. "BIHE" sərgisi ənənəvi olaraq tibbi məhsul və xidmətlərin geniş spektrini təqdim edəcək (tibb və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, sərfiyyat materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnologiyalı diaqnostika və müalicə metodları, səmərəli texnologiya və xidmətlər, tibbi texnika və s.). Bu il sərgidə Azərbaycan, ABŞ, Almaniya, Belarus, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər də iştirak edirlər. Çexiya Respublikası isə ilk dəfə olaraq bu ölkənin sənaye və ticarət nazirliyinin təşəbbüsü ilə öz milli ekspozisiya ilə çıxış edəcək. Həmçinin, Türkiyədə fəaliyyət göstərən klinikalar bu il növbəti dəfə sərgidə iştirak edirlər. Sərgini müşayiət edəcək işgüzar proqram çərçivəsində tibbi turizm mövzusunda seminar keçiriləcəkdir.
Həmin tarixlərdə "BIHE" sərgisinə paralel olaraq daha iki tədbir - 8-ci Azərbaycan Beynəlxalq "Stomatologiya" sərgisi və "Beauty Azerbaijan 2013" 7-ci Azərbaycan Beynəlxalq "Gözəllik və Estetik tibb" sərgisi keçiriləcək. "Beauty Azerbaijan 2013" sərgisi gözəllik salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanalarda geniş istifadə olunan məhsul və texnologiyaları təqdim edəcək. Sərgi aşağıdakı bölümləri ehtiva edir: peşəkar kosmetika, bədən, dəri və saça qulluq üçün vasitələr, gözəllik və spa salonları üçün avadanlıqlar, müalicəvi kosmetika, sərfiyyat materialları. Yerli iştirakçıların sırasına isə "Gazelli", "ZNK" və s. kimi şirkətlər daxildir.
"Iteca Caspian" MMC-nin təqvimində növbəti sərgi layihəsi olan "CTE 2013" "Xəzər: Ətraf mühit üçün texnologiyalar" 4-cü Beynəlxalq ətraf mühit sərgisi 20-22 noyabr tarixində keçiriləcək və Azərbaycan, Almaniya, BƏƏ, İspaniya, İtaliya, Qazaxıstan, Rusiyadan və Türkiyə olan şirkətləri bir araya gətirəcəkdir. Sərgi öz stendi ilə çıxış edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir. Sərgidə həmçinin Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi də iştirak edəcək. Dövlət orqanları da "CTE" sərgisinə xüsusi diqqət ayırırlar, belə ki, "Təmiz Şəhər" ASC, "Azərsu" ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Dövlət Aerogeodeziya Müəssisəsi, Bakı Kartoqrafiya Fabriki, Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-istehsalat Mərkəzi, Dövlət Yerquruluşu Layihə İnstitutu və digər qurumlar sərgidə fəal iştirak edirlər. Sərgi çərçivəsində təbii və bərpa olunan ehtiyatların (külək, su və torpaq) səmərəli istifadəsi sahəsində ən son təkmilləşdirmələr təqdim olunacaq və alternativ enerji avadanlıqlarının ən müasir nümunələri nümayiş etdiriləcəkdir. Aparıcı neft şirkətləri isə Azərbaycanda neft-qaz yataqlarının çoxillik istismarının nəticələrinin aradan qaldırılması üzrə ekoloji layihələrlə çıxış edəcəklər. Bu il sərgidə debüt edən şirkətlər Bakıya torpaq və suyun təmizlənməsi, habelə toksiki tullantıların idarə olunması üzrə yeni texnologiyalar gətirəcəklər.
2013-cü ilin payız sərgi mövsümü 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək "Bakutel 2013" 19-cu Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" sərgisi ilə başa çatacaq. Azərbaycan Respublikası Prezidenti Zali-aliləri İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda "İnformasiya və kommunikasiya texnologiyaları ili" elan edilib və bununla əlaqədar olaraq, "Bakutel 2013" sərgisi son illər Azərbaycanın İKT sektorunda əldə etdiyi nailiyyətlərin nümayişi üçün unikal meydançaya çevriləcək. Sərgi çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) kimi layihələr, habelə Azərbaycanın kosmik sənayesi təqdim olunacaqdır. Sərgi ekspozisiyası Azərbaycanda İT texnoparkının yaradılması mövsusuna da toxunacaq və bu layihə regionda orta və kiçik biznesin inkişaf baxımından ümid doğurur. Ənənəvi olaraq, sərgidə aparıcı İKT şirkətləri, mobil rabitə və kommunikasiya operatorları, habelə internet provayderləri iştirak edəcəklər.
Sərgiyə həmçinin Belarus, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və digər ölkələrdən olan şirkətlər də qatılacaqlar. Builki sərginin fərqli cəhəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil olunan milli stendlərin say etibarı ilə daha çox olmasıdır.
Sərgini geniş işgüzar proqram müşayiət edəcək, belə ki, sərgi çərçivəsində kiber təhlükəsizlik mövzusunda konfrans və Dünya azərbaycanlılarının I virtual konfransı, habelə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilati dəstəyi ilə "Azərbaycanda internet: dünən, bu gün və sabah" mövzusunda beynəlxalq elmi-praktik konfrans, TASIM konsorsiumuna daxil olan əsas telekommunikasiya operatorlarının illik forumu, "İnternet regional inkişaf və təşviqatın lokomotivi kimi" mövzusunda internet idarəçiliyi üzrə Azərbaycan Respublikasının birinci beynəlxalq forumu, Azərbaycan Respublikasında dövlət və özəl İKT sektorları arasında əməkdaşlıq üzrə mütəxəssislər mərkəzinin yaradılması ilə əlaqədar tədbir, o cümlədən Asiya və Sakit okean regionu üzrə iqtisadi və sosial komissiyanın "Biliklərə əsaslanan iqtisadi inkişaf üzrə SPECA layihəsinin (BMT-nin Mərkəzi Asiya üzrə xüsusi iqtisadiyyat proqramı) işçi qrupu"nun iclası və Azərbaycan-Argentina və Azərbaycan-ABŞ İKT forumları keçiriləcək.
Beləliklə, Azərbaycanda keçiriləcək bu sərgilər həm investorlar, həm də sahibkarlar üçün növbəti dəfə etibarlı görüş məkanı olacaq. Mütəmadi şəkildə bazara çıxarılan yeni material və texnologiyalar sayəsində mütəxəssislər son təmayüllər barədə məlumatlı olmaq üçün unikal imkan əldə edir və öz işlərini maksimum keyfiyyətlə həyata keçirərək uğur qazana bilirlər.
Hazırda bütün payız sərgiləri üzrə elektron qeydiyyat sistemi fəaliyyət göstərir. Sərgilərin daimi ziyarətçilərinə isə ənənəvi olaraq dəvətnamələr göndərilir. Sərgiləri ziyarət etmək istəyən şəxslər üçün N. Nərimanov metro stansiyası - Bakı Ekspo Mərkəzi marşrutu üzrə ödənişsiz və komfortlu avtobuslar təklif olunur.
Milli.Az