Sərgilər

Beynəlxalq "Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası" sərgi və konfransı olacaq

3 İyun 2013 13:33
Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İyun ayının 4-dən 7-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionunun neft-qaz sahəsində ən böyük tədbir olan və öz uğuru fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq "Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası" ("Caspian Oil and Gas") sərgi və konfransı öz işinə başlayacaq. Bu müddət ərzində "Xəzər Neft və Qaz" sərgisi hər il dünya neft sənayesi liderlərini öz meydançasında bir araya toplamaqla bütün diqqəti Azərbaycana yönəldir.

Milli.Az-ın məlumatına görə, bu il "Xəzər Neft və Qaz" sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin banisi və onun ideoloji ilham mənbəyi olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsindən 5.600 şirkət iştirak etmişdir. Sərginin təzə meydançada - Bakı Ekspo Mərkəzində keçirilməsi isə onun inkişafına yeni təkan verərək sərgi tarixində mühüm hadisəyə çevrildi. Beləliklə, "Xəzər Neft və Qaz" sərgisinin bütün beynəlxalq standartlara cavab verən sərgi kompleksində keçirilməsi onu keyfiyyətcə yeni səviyyəyə yüksəltmiş oldu.

Sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirak etməsi bu tədbirin yüksək statusunu daha da möhkəmləndirir. Cənab Prezident bu il də sərginin rəsmi kataloqu üçün iştirakçı və qonaqlara salamlama məktubu göndərib. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) isə "Xəzər Neft və Qaz" layihəsinə əvəzsiz dəstək göstərirlər. Hər il sərgi və konfransda yüksək səviyyəli qonaqlar toplaşaraq tədbirin açılış mərasimində iştirak edirlər, belə ki, "Xəzər Neft və Qaz 2013" sərgi və konfransının "VIP" - qonaqları arasında Gürcüstanın energetika naziri cənab Kaxa Kaladze, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya baş nazirinin xüsusi diplomatik elçisi cənab Çarlz Hendri, İsveç Ticarət Nazirliyinin dövlət katibi cənab Qyunnar Oom, Energetika Xartiyasının baş katibi cənab Urban Rusnak, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini cənab Annageldi Mammetyazov və digər şəxslər var.
 
Yubiley "Xəzər Neft və Qaz" sərgisi neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən dünyanın 28 ölkəsindən 386 şirkəti bir araya gətirir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunacaqlar. Ötən il ilə müqayisədə sərgi meydançalarının həcmi 22%, eksponentlərin ümumi sayı isə 25% artmışdır. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20%-ni təşkil edən yeni şirkətlər isə sərgiyə marağın azalmadığına sübutdur. Sərginin keçirildiyi illər ərzində həm sevindirici hal, həm də əsas nailiyyət ondan ibarətdir ki, bu tədbirə qatılan yerli şirkətlərin sayı ildən-ilə artır və bu il onlar sərgi iştirakçılarının ümumi sayının 30%-ni təşkil edirlər. Sərgi sponsorlarının rekord sayı da tədbirin statusunu bir daha vurğulayır (20 sponsor şirkət).

"Xəzər Neft və Qaz 2013" sərgisinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Qızıl sponsorları isə "BP Azerbaijan" və "Statoil" şirkətləridir. Sərginin digər sponsorları arasında "Axpo Trading", "Azfen-Tekfen", "Azeri MI Drilling Fluids", "BNP Paribas", "Bos Shelf", "Caspian Drilling Company", "Caspian Marine Services", "Cross Caspian Oil and Gas Logistics", "IHS Global Ltd", "Interpipe", "McDermott Caspian Contractors, Inc.", "Nabucco", "Nobel Oil", "RussNeft", "RWE", "Siveco" və "TexnoProm" şirkətləri də yer alır. Sərgi və konfransın Baş media tərəfdaşı qismində isə "Caspian Energy International Media Group" şirkəti çıxış edir.

Bu il iyunun 5-də öz işinə başlayan ənənəvi konfrans ilk dəfə olaraq "Jumeirah Bilgah Beach Hotel" mehmanxanasında keçiriləcəkdir. Konfransın əsas mövzuları arasında "Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu", "Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq", "Geoloji tədqiqat və Azərbaycanın karbohidrogen ehtiyatları potensialının genişləndirilməsi", "Yataqların işlənilməsi üzrə əsas layihələr: şelf infrastrukturları üzrə innovasiyalar", "Azərbaycanda neft-kimya və neft emalı potensialının inkişafı" və "Maye qazların inkişafı, emalı və nəqli sahəsində yeni təmayüllər".

"Ətraf mühit və sənaye təhlükəsizliyi standartlarının artırılması" iclası çərçivəsində müzakirə olunacaq Xəzər regionunun ekoloji sisteminin qorunması sahəsində ətraf mühit və beynəlxalq əməkdaşlıq məsələləri də diqqətdən kənar qalmayacaq. Belə ki, iclas zamanı 50-dən çox spiker məruzə ilə çıxış edəcək. Ümumilikdə isə təqribən 600 nümayəndə konfransda iştirakını təsdiq etmişdir. Konfransın proqramına ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Roland Kobia, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya Baş nazirinin xüsusi diplomatik elçisi cənab Çarlz Hendri, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini cənab Annageldi Mammetyazov, İran İslam Respublikasının Neft Nazirliyinin Avropa, Amerika və Xəzər dənizi ölkələri üzrə şöbəsinin baş direktoru cənab Huseyn Esmaili Şahmirzadə və Estoniyada yerləşən Müdafiə Tədqiqatları Beynəlxalq Mərkəzinin direktoru cənab Metyu Brayzanın çıxışları daxil edilib. Oksford və Tripoli Universitetlərinin nümayəndələri, İsrailin Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəsi, eləcə də ATƏT-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşı və bir sıra digər şəxslər konfransda öz məruzələri ilə çıxış edəcəklər.

Bu il keçiriləcək konfrans üçün də rekord sayda sponsor qeydə alınıb (ümumilikdə 23 sponsor şirkət). Belə ki, konfransın baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Qızıl sponsorları isə "BP Azerbaijan" və "Statoil" şirkətləridir. Konfransın digər sponsorları arasında "Axpo Trading", "Bakcell", "BNP Paribas", "Caspian Geophysical JV", "ConocoPhillips", "Cross Caspian Oil and Gas Logistics", "Dentons", "Ernst&Young", "IHS Global", "Inpex", "Interpipe", "Nabucco", "Nexans", "Nobel Oil", "RWE", "Siveco Romania", "TAP", "TexnoProm", "Total" və "Wartsila" şirkətləri yer alır. Konfransın rəsmi hava daşıyıcısı isə "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətidir. Beləliklə, keçirildiyi ilk gündən etibarən respublikanın və ümumilikdə bütün regionun neft-qaz sənayesinin inkişafına öz töhfəsini verən "Xəzər Neft və Qaz 2013" konfransı bu sahənin hər bir mütəxəssisinə peşəkar ünsiyyət üçün unikal imkan yaratmaqla yanaşı, özü ilə geniş informasiya, təcrübə və ən yeni texnologiya axınını gətirəcək.

Sərginin işgüzar proqramını neft-qaz sahəsini təmsil edən nümayəndələrin geniş auditoriyası üçün aktual seminarlar tamamlayacaq. Belə ki, 5-6 iyun tarixində Bakı Ekspo Mərkəzində "Yeni ölçmə texnologiyaları və kollektorların kalibrasiyasında onların nəticələrinin təhlili" (təşkilatçı: "Ukrmetrteststandart" şirkəti), "TOFD" üsulu - əsas prinsiplər, standartlar, üstünlüklər və işçi heyətin sertifikatlaşdırılması" (təşkilatçı: "Belqazpromdiaqnostika" Unitar Müəssisəsi), "MAGNATECH avtomatik qaynaq kompleksi" (təşkilatçı: "Maqnatek" şirkəti) və "Qrako şirkətinin yanğın əleyhinə passiv mühafizə üsulları" (təşkilatçı: "GRACO" şirkəti) mövzularında seminarlar keçiriləcək. Sərgi çərçivəsində həmçinin "BP" şirkəti və onun "Azəri-Çıraq-Günəşli" ("AÇQ"), "Bakı-Tbilisi-Ceyhan" ("BTC"), "Şahdəniz" ("ŞD") və "Cənubi Qafqaz Boru Kəməri" ("CQBK") layihələri üzrə tərəfdaşları "Alıcılarla tanış olun" ("Meet the Buyer") şüarı altında tədbir keçirəcəklər. Bu tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təchizat, tullantıların toplanması və utilizasiyasının təşkili, habelə müxtəlif işgüzar xidmətlərin göstərilməsi sahələrində ixtisaslaşmış 90-a yaxın yerli şirkət iştirak edəcəkdir. İşgüzar proqramla www.caspianoilgas.az vebsaytında ətraflı tanış olmaq mümkündür.

Bu il "Xəzər Neft və Qaz" sərgisi daha parlaq və dolğun keçməyi vəd edir. Təşkilatçılar tərəfindən əlavə proqramlar da planlaşdırılaraq həyata keçirilmişdir, belə ki, ümummilli lider Heydər Əliyevin yubileyi münasibətilə 11 may tarixində sərgi və konfrans iştirakçıları ilə birlikdə Mərkəzi Botanika bağında nadir ağaclar və gül kolları əkilmişdir. Həmçinin, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Bakı Ekspo Mərkəzində yubiley stendi yerləşdirilmişdir və bu stenddə ulu öndərin iştirakı ilə sərginin tarixi məqamları əks etdirilir. Hələ ötən ilki yubileydən etibarən təşkilatçılar neftçi peşəsini seçən ən yaxşı tələbələrə təqaüdlərin verilməsi ənənəsinin əsasını qoymuşlar. Belə ki, Azərbaycan Dövlət Neft Akademiyasına ən yüksək balla daxil olan tələbə hər il xüsusi "Xəzər Neft və Qaz" təqaüdünü alacaq. Bakı Ekspo Mərkəzində sərgi iştirakçıları və ziyarətçilər rəssam Sabir Çopuroğlunun neftlə çəkilmiş rəsmləri və elə sərgi zamanı "Azərbaycan - neft diyarı" mövzusunda öz bacarıqlarını nümayiş etdirəcək "Kids Art" rəssamlıq məktəbi yetirmələrinin qalereyası ilə tanış ola biləcəklər. Həmçinin, 20 il ərzində sərgidə iştirak etmiş bütün şirkətlərə xatirə suvenirləri təqdim olunacaq.

Sərgiyə həsr olunan nəşrlərdə yubiley "Xəzər Neft və Qaz" sərgisi ilə bağlı materiallar dərc olunacaq. İlk olaraq, sərgi və konfransın rəsmi kataloqları və "Caspian Oil and Gas Daily News" ("Gündəlik xəbərlər") qəzetinin xüsusi buraxılışlarını qeyd etmək lazımdır. Bu qəzet hər gün sərgi və konfransın fəaliyyətini işıqlandıracaq və iştirakçılarla müsahibələri və "Xəzər Neft və Qaz" sərgisinin nəticələrini dərc edəcək. "Xəzər Neft və Qaz" sərgisi ilə bağlı ən son xəbərlər operativ şəkildə www.cog.az və www.oilgasconference.az vebsaytlarında yerləşdiriləcəkdir. Sərgi və konfransın bir çox illər ərzində informasiya tərəfdaşı olan "Caspian Energy International Media Group" şirkəti ilə yanaşı, geniş auditoriyanı "Xəzər Neft və Qaz" sərgisinin tarixi ilə tanış edən "Caspian Energy" jurnalının da xüsusi buraxılışı bu sərgiyə həsr olunacaq. Jurnal həmçinin sərgi və konfransın iştirakçıları arasında paylanılacaqdır. Beləliklə, sərgi və konfransın 20 illik yubileyi ilə bağlı təşkil olunan əlavə tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi ilə xüsusi təntənə və bayram abu-havası yaradacaq.

Bu gün haqlı olaraq "Xəzər Neft və Qaz" sərgisi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-aliləri İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən neft strategiyasının uğuru hesab olunur. Təşkilatçılar əmindirlər ki, 20 illik bir müddəti arxada qoyan bu sərgi gələcəkdə də regionun neft sektoru üzrə nailiyyətlərinin vizit kartı, eləcə də işgüzar əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq naminə yeni perspektivlərin müəyyənləşdirilməsi üçün platforma olaraq qalacaq. Sərginin təşkilatçıları qismində Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian" MMC çıxış edirlər. Beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal şəkildə təşviq edən "ITE Group plc" şirkətinin tərəfdaşları - "ITE LLC Moscow" (Rusiya), "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE China" (ÇXR) və "ITE Gulf" (BƏƏ) şirkətləri bu layihə üzərində işə cəlb olunublar. "Iteca Caspian" şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir. Sərginin rəsmi otelləri qismində "Jumeirah Bilgah Beach Hotel" və "Qafqaz Poynt Hotel" mehmanxanaları, rəsmi turoperatoru qismində isə "Greenwich Travel Club" şirkəti çıxış edirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.