Təhsil

Sosioloq: "Qadın müəllimlərin əhatəsində oğlan uşaqlarının düzgün yetişməsindən söhbət gedə bilməz"

18 Noyabr 2024 15:30
Baxış: 68
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ümumtəhsil sektorunda işləyənlərin 83%-i qadın müəllimlərdir. Ekspertlər qadın müəllimlərin sayına görə ölkəmizin dünyada birinci yerə çıxdığını söyləyir. Bunu pedaqoji sahədə təhsil alan tələbələrin sayında, hər il müəllimlərin işə qəbulu üzrə müraciətlərdə də gördüklərini vurğulayırlar. Təkcə Bakı şəhəri üzrə məktəblərdə qadınların sayı 90-95% təşkil etdiyi halda, kişi müəllimlərin sayı 7%-dən çox deyil.

Bəs niyə kişi müəllimlərin sayı azalıb?

Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova Milli.Az-a açıqlama verib.

O bildirib ki, hazırda qadın müəllimlərin üstünlük təşkil etməsini yaxşı bir hal kimi qiymətləndirənlər var.

"Müəllim müəllimdir, nə qadın-kişi?" deyənlər də var. Lakin bir qədər dərindən düşünsək, onda görəcəyik ki, bu balansın pozulması heç də yaxşı hal deyil və zaman-zaman bunun zərərlərini görəcəyik.

Azərbaycan Şərq ölkəsidir, burada ailələrdə birinci başçı kişi, yəni ata, daha sonra qadın, anadır. Yəni bizim ailələrdə patriarxal münasibət hökm sürür. Deməli, ailələrimizdə uşaqlar da bu münasibətin varlığını görür. Lakin məktəbdə kişi müəllim görməyəndə, təbii ki, bu, onun davranışlarına da təsir edəcək. Ana əsas tərbiyəverəndir, amma onu da unutmayaq ki, ananın yumşaqlığını ata sərtliyi tamamlayır. Uşaq anadan çox atadan çəkinir. 

Digər bir məsələ isə bəzən evdə ilk olaraq oğlan uşağı, sonra qız uşağı dünyaya gəlir. Həmin ailələrdə qız daha çox oğlan xarakterli böyüyür, əksinə olanda isə oğlan qızların təsiri altında yumşaq xarakterli böyüyür. Elə bu faktın özü onu göstərir ki, insanda mühitə uyğunlaşma prosesi gedir. Belə isə tamamilə qadın müəllimlərin əhatəsində oğlanların düzgün yetişməsindən söhbət gedə bilməz".

Sosioloq qeyd edib ki, şagirdlərdə kişi müəllimin gördüyünü qadın, qadın müəllimin gördüyünü kişi müəllim görə bilməz. 

"Hər birimiz orta məktəb şagirdi olmuşuq. Məsələn, qadın müəllim qızların yetkinlik yaşındakı halları, onlardakı dəyişikliyi, bu vəziyyətdən yaranan və əhval-ruhiyyəyə təsir edən halları yaxşı bilir və yeri gələndə qızlarla söhbətlər apararaq onları düşdüyü vəziyyətdən çıxarır, kömək etmiş olurlar. Axı bunu kişi müəllim nə görə, nə də hiss edə bilir.

Oğlanlarda yaranan problemləri - fikir dağınıqlığı, aqressivliyi, anın dəyişən vəziyyəti təbii ki, qadın müəllim kişi müəllim qədər görə, duya bilməz. Odur ki, kişi müəllim bu hallara nəzarət edə və vaxtında qarşısına ala bilər.

Yəni, elə bir sistem düşünülüb hazırlanmalıdır ki, məktəblərdə kişi müəllimlərlə qadın müəllimlərin balansı qorunsun. Unutmayaq ki, disbalans harada yaranırsa, orada problemlər mövcud olur".

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.