İyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd), eyni zamanda, I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan keçirilib.
DİM-dən Milli.Az-a verilən məlumata görə, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib.
İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində> "E-xidmətlər"> "DİM-in nəşrlərinin elektron versiyalarının satışı"> "Test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.
İyulun 8-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun