İqtisadiyyat

Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib

16 Yanvar 2020 20:21
Baxış: 844

Dövlət büdcəsi gəlirlərinin proqnoz layihəsi ölkənin iqtisadi və sosial inkişafının proqnozları, məqsədli proqramları, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslərin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası"nda əksini tapıb.

Dövlət büdcəsi gəlirləri üzrə proqnoz layihəsi Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na uyğun təqdim edilmiş hesabat və məlumatlarla yanaşı, aşağıdakılardan istifadə edilməklə tərtib olunur:

- Dövlət Statistika Komitəsi tərəfindən hər il fevralın 5-dək razılaşdırılmış formada təqdim olunan son 3 ili əhatə edən statistik məlumatlar;

- dövlət büdcəsinin gəlirlərini təmin edən İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyinin sorğusu əsasında isə büdcə təşkilatları tərəfindən mart ayının 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üzrə büdcəvergi siyasətinin əsas istiqamətlərinə dair təkliflər və büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması üçün "Büdcə sistemi haqqında" qanuna əsasən tələb olunan məlumatlar;

- İqtisadiyyat Nazirliyi tərəfindən cari il martın 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının xülasəsi və proqnoz göstəriciləri, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun növbəti il üçün ilkin proqnozları, həmçinin hər il avqustun 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozlarının və dövlət investisiya proqramının dəqiqləşdirilmiş variantı və növbəti il üçün dövlətvbüdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiyavproqramının istiqamətləri ilə bağlı məlumatlar;

- büdcədənkənar dövlət fondları və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondu (rayon və şəhərlər də daxil olmaqla) tərəfindən mart ayının 1-dək təqdim olunmuş növbəti büdcə ili və sonrakı üç il üçün öz büdcə layihələrinin ilkin variantı, iyulun 1-dək isə büdcə layihələrinin dəqiqləşdirilmiş variantı;

Dövlət Neft Fondu tərəfindən hər il fevralın 5-dək təqdim olunmuş növbəti büdcə ili və sonrakı üç il üçün öz büdcə layihələrinin (dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərclər istisna olmaqla) ilkin variantı, iyulun 1-dək isə büdcə layihələrinin (dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərclər istisna olmaqla) dəqiqləşdirilmiş variantı;

- məqsədli büdcə fondları tərəfindən hər il martın 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üçün büdcə layihəsinin ilkin variantı, iyulun 1-dək isə dəqiqləşdirilmiş variantı;

- İqtisadiyyat Nazirliyi tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş vergi və dövlət rüsumları üzrə əvvəlki ildə tətbiq edilən və cari ildə gözlənilən güzəşt

və azadolmalara (vergi və dövlət rüsumlarının növləri ayrılıqda göstərilməklə) dair məlumatlar, hər il iyunun 15-dək isə iqtisadi maraqlar mərkəzi üzrə yenidən uçota alınmış vergi ödəyicilərinə (şəhər və rayonlar, əvvəlki ildə hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödəmə məbləğləri göstərilməklə) dair məlumatlar;

- Dövlət Gömrük Komitəsi tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş vergi və gömrük rüsumları üzrə əvvəlki ildə tətbiq edilən və cari ildə gözlənilən güzəşt və azadolmalara (vergi və gömrük rüsumlarının növləri ayrılıqda göstərilməklə) dair məlumatlar;

- İqtisadiyyat Nazirliyi tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş növbəti ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısı və özəlləşmədən daxilolmaların proqnoz göstəriciləri;

- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, nazirliklər, komitələr, dövlət idarə və təşkilatları, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlər, yerli icra hakimiyyəti orqanları tərəfindən cari il martın 1-dək növbəti il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün təqdim olunmuş məlumatlar və sənədlər, iyunun 1-dək isə həmin məlumat və sənədlərin dəqiqləşdirilmiş variantı;

- nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşdirilən digər təşkilatlar, dövlət büdcəsindən maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatlar, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən və dövlət sifarişinə aid olan tədbirlərin, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflər.

Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması zamanı istifadə olunan növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozları hər il ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və strateji proqram sənədləri əsasında ölkə üzrə İqtisadiyyat Nazirliyi tərəfindən, regionlar üzrə isə yerli icra hakimiyyət orqanları tərəfindən tərtib olunur.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.