İqtisadiyyat

Amerikada bir gecədə milyarder olan iranlı – Ebay necə yarandı? - FOTO

26 Noyabr 2017 19:53
2 Şərh     Baxış: 4 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, evdən çıxmadan şoppinq imkanı yaradan sahibkarlardandır. 28 yaşında yaratdığı saytda gün ərzində 600 milyondan çox məhsul satılır. İran əsillidir, Fransada doğulub, Amerikada yaşayır. Söhbət "eBay"ın qurucusu Pyer Morad Omidyardan gedir.

Sınıq qələmlə yazılan milyarder taleyi...

Milli.Az bizplus.az-a istinadən bildirir ki, Pyer Morad Omidyar 1967-ci ildə Fransaya miqrasiya etmiş iki gənc iranlının ailəsində dünyaya göz açıb. Anası Yelax Mir-Calali dilçi alim, atası isə cərrah olub. Gələcəyin milyarderi 6 yaşında olarkən valideynləri ilə birlikdə Amerikaya köçüb. Məktəbdə oxuduğu dövrdən informasiya texnologiyaları ilə maraqlanmağa başlayıb. 1984-cü ildə məktəbi bitirib, 1988-ci ildə Taftsa Universitetində kompüter elmləri üzrə bakalavr dərəcəsi alıb. Bunun ardınca "Claris" ("Apple" korporasiyasının bölmələrindən birində) şirkətində işləyib. Burada o, "MacDraw" üçün proqram məhsulları hazırlamaqla məşğul olub. Məhz həmin ərəfədə Pyer internet vasitəsilə ticarətin inkişafı ideyası haqqında düşünməyə başlayıb.

1991-ci ildə üç dostu ilə birlikdə "Ink Development Corp" şirkətinin əsasını qoyub. Həmin şirkət sonra "eShop Inc." adlandırılıb. Proqram təminatı üzrə mühəndis vəzifəsini tutan Pyer üç il sonra "General Magic" mobil kommunikasiyalar şirkətinə xidmətlərin inkişafı üzrə mühəndis vəzifəsinə keçib.

"Echo Bay Technology Group" adlı internet saytının məsləhətçisi olub. 1995-ci ilin sentyabrında San-Xosedə (Kaliforniya) öz şəxsi saytında internet-hərrac səhifəsini açıb və müvafiq olaraq onu "Auction Web" adlandırıb. Satışa çıxarılan ilk məhsul isə qırılmış lazer pointer qələm olub. İş adamı qələmi 14,83 dollara satmağı bacarıb. Lakin vicdanı sızladığından, qələmi alan müştəri ilə əlaqə saxlayaraq, məhsulun keyfiyyəti haqqında onu məlumatlandırıb. Qarşı tərəf isə "bilirəm, mənim xarab lazer pointer kolleksiyam var" deyə bildirib. Bunu eşidən Omidyar saytın işini genişləndirib. Növbəti dəfə satışa nişanlısının Avropadan gətirdiyi, içərisində konfet olan qutunu çıxarıb. Bu da Omidyarın "eBay"ı nişanlısının konfet qutularını satmaq üçün yaratdığına dair söz-söhbətlərə səbəb olub...

Bir gecədə milyarder...

Getdikcə "eBay" internet vasitəsilə təyyarə bileti satan şirkətlə əməkdaşlığa start verib. Pyer sayt üçün "echobay.com" domeni almaq istəsə də, ona ünvanın artıq satıldığı bildirilib. Nəticədə o, saytın adını "ebay.com" kimi rəsmiləşdirib. 1997-ci idə şirkətin əməliyyatlarının sayı 2 milyona çatıb. 1997-ci ildə Omidyar aktiv reklam kampaniyasına start verir. Artıq ilin ortasında gündə təxminən 800 000 ticari əməliyyat aparılırdı. 1997-ci ilin sonuna şirkətin kapitalı 3 milyard dollar təşkil edirdi.

Yeri gəlmişkən, bu müddətdə Pyer həm şirkətin İdarə Heyətinin sədri, həm maliyyə direktoru, həm icraçı direktoru, həm də prezidenti idi. 1998-ci ildə o, vəzifələrindən yorulub "eBay"a direktor axtarmağa başlayır. Beləliklə Meq Vhitman adlı riyaziyyatçı xanım "eBay"ın ilk direktoru olur. Doğrusu, bununla da Pyerin uğurları başlayır. Belə ki, Meq vəzifəsinə təyin olunduğu ilk ildə şirkətin internet ünvanını genişləndirir. "eBay"ın hissələrinin 18 dollara yüksəlməsi gözləndiyi halda, hissələr 58 dollar olur- Omidyar Meq sayəsində bir gecədə milyarderə çevrilir.

Bundan əlavə, Meq işə başlayanda şirkətin 30 nəfər əməkdaşı var idisə, 2007-ci ilə qədər rəhbər olduğu müddətdə əməkdaşların sayı 15 min nəfərə çatır. Eləcə də Pyer Meq sayəsində "Skype" şirkətini 4,1 milyard dollara satın alır. 2009-cu ildə isə "Skype" "Microsoft"a 8,5 milyard dollara satır. Bu alqı-satqıdan Pyer 2,75 milyard dollar qazanc əldə edir. Meq 2007-ci ildə "eBay"ın rəhbərliyindən gedir, amma idarə heyətinin üzvü kimi vəzifəsində qalır. 2008-ci ildə Kaliforniyada bələdiyyə seçkilərində namizəd olduğu zaman "eBay"ın idarə heyətini tərk edir.

"eBay" pulu necə qazanır?

"eBay"a aid məhsul, anbar yoxdur. Şirkət həyata keçirilən alış-verişdən faiz alır və saytda yerləşdirilən reklamlardan qazanır. "eBay"da satılan məhsullara gəlincə, istehsalçı və satıcı əvvəlcə üzv olur. Saytda profil yaradaraq özü haqqında məlumat verir. Sonra bölmə üzrə satacağı məhsulun şəklini yerləşdirir. İlk foto pulsuz, diğərləri isə pullu olur. Satışa çıxarılan məhsulun başlangıç qiymətinə görə haqq ödənilir. Başlangıc məbləğ bir dollardan az olarsa, haqq 0,1 dollar təşkil edir. 500 dollar təşkil etdikdə isə 4 dollar elan haqqı ödənilir. Əgər 1000 dollarlıq satış reallaşdırılıbsa "eBay"a məhsulun 3,5 faizi dəyərində vasitəçi haqqı alır. Statistikaya əsasən, "eBay" hər saniyə reallaşdırılan 1700 dollarlıq satıştla milyardlar qazanır.

Şirkətin qazancının sürətlə artmasında Amerika qanunlarının da xidməti az deyil. Çünki bu ölkədə "online" satış vergiyə cəlb edilmir.

"eBay"da 600 milyon məhsul çeşidi müştərilərə təqdim edilir. Saytın istifadəçilərinin sayı 204 milyon nəfərdir. Təhlillərə görə, "eBay"da dəqiqədə bir cib telefonu satılır. "eBay" 30 ölkədə xidmət göstərir. Bu günə qədər saytda satılan ən bahalı məhsul "Gulfstream Jet" təyyarəsi olub. Təyyarə 2001-ci ildə 4,9 milyon dollara satılıb.

Pyer "eBay" sayəsində 8,5 milyard dollar sərvət qazanıb. "Forbes"ə görə, o, ABŞ-ın ən zəngin vətəndaşlarındandır. Onun 28 yaşında yaratdığı şirkətin bazar dəyəri hazırda 48 milyard dollardır.

Ailəsi

Milyarder Pamela adlı qadınla evlidir. Onların üç uşağı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.