İqtisadiyyat

Avropa bizimlə qaz oyunu oynayır

13 Fevral 2015 10:39
0 Şərh     Baxış: 2 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təbii qazla təminat məsələsində Rusiyadan asılılıqdan qurtulmaq Avropa Birliyi üçün artıq həyati əhəmiyyət kəsb edən məsələyə çevrilib. Təqribi hesablamalara görə, AB ölkələrinin əksəriyyəti "mavi yanacaq" ehtiyacının ən azı 27 faizini məhz Rusiyadan alınan təbii qaz hesabına ödəyir.

BBC ekspertləri hesab edirlər ki, rəsmi Bakının təşəbbüsləri olan TAP və TANAP layihələri, habelə Azərbaycanın iqtisadi-enerji baxımından gələcəyi hesab edilən Cənub Qaz Dəhlizi (CQD) layihəsinin ilk Məşvərət Şurasının keçirilməsi ərəfəsində layihənin indiki vəziyyəti suallar yaradıb.

Layihəyə şübhəli yanaşma prezident İlham Əliyevin ötən həftə Münhen Təhlükəsizlik Şurasının görüşündə Avropa İttifaqı üzvlərini "daha çox əlaqələndirmə və çevikliyə" çağırması barədə fikirlərindən sonra yaranıb.
 

Həmin vaxt cənab Əliyev deyib ki, "bəzən Avropa təşkilatlarının qaydaları çox vaxt aparır. Biz bürokratiya ilə bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik".
 

Təhlilçilərin fikrincə, İlham Əliyevi bu sözləri dilə gətirməyə məcbur edən təkcə, qaz məsələlərində diversifikasiya istəyən Avropa İttifaqından gələn "ciddi siqnallar" deyil, həmçinin "ciddi siyasi və maddi dəstəyin verilməməsidir".
 

Xəzər dənizi qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya daşımağı əsas götürən şaxələnmiş layihənin təməlqoyma mərasimi ötən ilin sentyabrında reallaşıb. 3500 km-dən çox uzanaraq yeddi ölkədən keçən layihəyə təxmini yatırım 45 milyard dollardır.

İqtisadçılar hesab edirlər ki, TAP, TANAP və Cənub Qafqaz Boru Kəmərinin daxil olduğu Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan hələ 2013-cü ildən öz seçimini açıq göstərsə də, Avropa İttifaqı ölkələrində "gözlənilməz" hadisələr baş verir.
 

Qədim Elladanın tərs dönüşü

Ən son belə hadisə yenicə hakimiyyətə gələn solçu Yunanıstan hökumətinin sələfinin bağladığı layihələrə şübhə ilə yanaşması və nəzərdən keçirməyə meylli olması olub. Bu layihələrin arasında Azərbaycan Dövlət Neft Şirkətinin Yunanıstanın qaz operatorunu almaq üçün imzaladığı müqavilə də var.
 

Yetərincə laübəli, qarışıq vəziyyət yaranmışdı: Azərbaycanın Avropa Birliyinə təbii qaz nəqli layihələrində birgə sənəd imzaladığı və tərəfdaşı sayılan ölkələrdən heç biri indiyədək belə davranmamışdı.
 

Yunanıstanda ifrat solçular və millətçilərin bloku parlament seçkilərində qalib gələndən sonra rəsmi Afina faktiki olaraq əvvəllər imzaladığı müqavilələri təftiş etməyə başlayıb. Daha konkret olsaq, yunanlar o sənədləri az qala rədd edir və bununla da yeni sövdələşmələrə başlamaq istəyində olduqlarına işarə vururlar.

Halbuki Avropa Birliyi 9 il əvvəl şaxələnmiş enerji layihələri ilə bağlı xüsusi proqram qəbul edərək, bunu enerji təhlükəsizliyinin ana xətti elan etmişdi.

Belədə rəsmi Bakının davranışını hələ çox təmkinli, düşünülmüş və səbrli saymaq olar.
 

Azərbaycanın səbri isə sonsuz deyil. Bakı indi Avropa Birliyinin qaz nəqli layihələri, xüsusilə də Cənub Qaz Dəhlizi ilə bağlı mövqelərini konkretləşdirmək istəyir.
 

Durum çox sadədir

Əgər Avropa Birliyi təbii qaz məsələsində indiki mövqelərindən əl çəkməyərək Azərbaycanla baqqal sövdələşmələri aparmağa davam edərsə, Bakı problemin alternativ həll yollarını aramaq məcburiyyətində qalacaq.

Bəlli - vəziyyət dəyişməzsə və Bakı avropalıların yalanlarına bundan sonra da dözərsə, Cənub Qaz Dəhlizi layihəsini 2020-ci il yox, heç 2030-cu ildə də reallaşdırmaq mümkün olmayacaq.
 

Avropalı məmurlar, deyəsən, nə etdiklərinin fərqində deyillər.
 

Belə ki, ARDNŞ ötən il Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-ni satın almaq barədə prinsipial razılıq əldə edib. Di gəl, sənədlərin qüvvəyə minməsi hələlik mümkün deyil: razılaşmanı Avropa Birliyinin Enerji Komissarlığı təsdiqləməli, sövzələşmənin antiinhisar qanunvericiliyinə uyğun olub-olmadığını araşdırandan sonra rəy verməlidir.

Və eyni zamanda Yunanıstanın yeni hökuməti "layihənin yenidən nəzərdən keçiriləcəyini" vurğulayıb.

Tək siyasi yox
 

Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün Avropa Birliyi Azərbaycana tək siyasi yox, həm də maliyyə dəstəyi verməli, marşrutun inşasında bilavasitə iştirak etməlidir.
 

Layihə ilə bağlı xərclərin bir qismini Bakı öz üzərinə götürür, amma dünya bazarında enerjidaşıyıcıları, xüsusilə də xam neft və təbii qazın qiymətləri ilə bağlı situasiya çox mütəhərrik olduğundan Azərbaycan olduqca ciddi risklərlə üzləşməmək üçün təkbaşına fəaliyyət göstərmək istəmir.

Avropa Birliyi layihəyə qoşulmazsa, xam neft satışlarından əldə edilmiş gəlirlər hesabına formalaşmış valyuta ehtiyatlarımızın əksəriyyətini Cənub Qaz Dəhlizi layihəsinə xərcləməli olacağıq.
 

Niyə, nə üçün? Avropa Birliyini Rusiyadan qaz asılılığından qurtarmaq üçün?! Absurd.

Situasiya çox mürəkkəbdir. İran, İraq, Kipr, İsrail və ABŞ da Avropa Birliyinin qaz bazarında paylara yiyələnmək istədikləri üçün Azərbaycan bundan sonra gözləmə mövqeyi tuta bilməz.
 

Layihə inşası 2020-ci ildə başa çatacaq boru kəməri vasitəsilə Avropa Birliyinə ildə 12 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutur.

Sadəcə, Macarıstanın "mavi yanacağa" olan illik tələbatının 12 milyard kubmetr olduğunu xatırlasaq, Avropa Birliyinin gözləmə mövqeyini tutmasını "Azərbaycanın ötürməyə çalışdığı qazın həcmi böyük deyil və bu səbəbdən də layihə xüsusi maraq kəsb etmir" anlamı ilə izah etmək irrasionallıqdır.

Avropanın belə "naz" etməsinin səbəbi də var. Avropa Birliyi qaz nəqli layihələrinə Türkmənistanın aktiv şəkildə qoşulmasını istəyir. Lakin Rusiyanın "Qazprom" konserninin "bazarına girməyə" cəsarət etməyən Aşqabad avropalıların şirnikləndirici vədlərinə və dilətutmalarına rəğmən, hələlik susmağa üstünlük verir.

Bakını alət etmək istəyirlər
 

Azərbaycan qazının Avropa Birliyi bazarlarına çıxarılması və genişşaxəli şəkildə nəql edilərək satılmasını gündəmə gətirən Brüssel əslində rəsmi Bakının layihələrindən Rusiyaya təzyiq vasitəsi kimi istifadə etməkdədir.
 

Daha konkret olsaq, Avropa Komissiyası və "Qazprom" arasında aparılan danışıqlarda avropalılar dəfələrlə Azərbaycanın təbii qaz layihələrini istinadla vurğulayaraq Cənub Qaz Dəhlizinin xüsusi aktuallıq kəsb etdiyni deyiblər.

Onlar "mavi yanacaq" təminatı məsələsində satıcıların sayını artıraraq diversifikasiyanı aktivləşdirəcəklərini deyir, bu minvalla "Qazprom"a təzyiqlər göstərir və Rusiyanı qarşısına qoyulan şərtlərin bir çoxu ilə razılaşmağa vadar edirdilər.

Proses davam edir və belə getsə, daha da aktivləşəcək.
 

Əgər 5 il əvvəl Avropa Birliyi Rusiyanın "Qazprom" şirkətindən təbii qazın hər 1000 kubmetrini 341 dollara satın alırdısa, bu ilin ortalarından bəri həmin qiymətin 15 faiz azaldılacağı gözlənilir.
 

Bu, Avropa Birliyinin rusiyalılarla sövdələşmələrdə Azərbaycanın təklif etdiyi layihələrlə "Qazprom"u şantaj etməsinin nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib.
 

Dövlət başçısı deyib: "Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizindən çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır".
 

Görünən budur ki, Rusiya ilə sövdələşmələrdə əldə etdiyi faktiki və aşkar gəlirin bir hissəsini Avropa Birliyi Azərbaycanın təklif etdiyi layihələrə ayırmalı, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün konkret addımlar atmalıdır.

Və ən nəhayət, Avropa Birliyi anlamalıdır ki, Azərbaycanı kiçik dövlət sayaraq Bakıdan yararlanmaq, maraqlarımızı sui-istismar etmək cəhdləri nəticəsizdir.
 

Orxan Hun

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.