İqtisadiyyat

“Azsamand” avtomobillərinin istehsalı və satışı dayandırılıb

11 Noyabr 2010 13:31
Baxış: 12 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azsamand" şirkətinin prezidenti Cəzmi Qaya APA-ya bildirib ki, 2010-cu ilin əvvəlindən indiyədək zavodda avtomobil buraxılmayıb. İstehsalın dayanmasına səbəb İrandan avtomobil hissələrinin alınmaması olub. Hazırda şirkət yalnız indiyədək buraxılmış avtomobillərin təmiri və servisi ilə məşğuldur. Satışın dayanması isə indiyədək buraxılmış bütün maşınların satılıb qurtarması ilə əlaqədardır. Zavodun fəaliyyətə başladığı vaxtdan indiyədək istehsal olunan 1500-dən artıq avtomobilin hamısı satılıb. Şirkət 2009-cu ildə təqribən 300, 2008-ci ildə 500 avtomobil satıb.

Ölkədə "Azsamand"lara tələbatın böyük olduğunu deyən C.Qaya zavodda yeni model avtomobillərin buraxılmasına hazırlıq getdiyini bildirdi. Yeni ildən zavodda "İran Hodro" şirkətinin buraxdığı "Soren" avtomobillərinin istehsalına başlanacaq. İndi "Azsamand"ın nümayəndələri bu məsələ ilə bağlı İranda danışıqlar aparırlar.

Yeni modelin qiyməti də fərqli olacaq. İndiyədək buraxılan avtomobillər nağd 15 500 ABŞ dollarına və müxtəlif müddətlərə kreditlə satılıb. Yeni "Soren" avtomobilləri isə nağd 12 min manata və ya 3 illik kreditlə 15 min manata satılacaq.

Xatırladaq ki, Azərbaycanda "Azsamand" avtomobillərinin istehsalına 2005-ci ildən başlanıb. İran tərəfilə əldə olunmuş razılığa əsasən, avtomobillərin ehtiyat hissələri bütünlüklə İrandan gətirilir və Şamaxı Avtomobil Zavodunda montaj olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.