Mədəniyyət

"Görəsən, bu qız mənim yazılarımı oxumur?"

17 İyul 2014 21:48
0 Şərh     Baxış: 1 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, 1937.az-ın qonağı şair Rüstəm Behrudidir.

Özünü tənqid etmək, doğrudan da, maraqlıdır. Amma gərək oturub yaxşı-yaxşı fikirləşəsən bu barədə. Görüm mənim səhvim harda olub, harda günah eləmişəm, harda düz hərəkət eləmişəm və harda peşman olmuşam... Belə demək mümkünsə, yaşadığım 57 illik ömrü bir anlıq göz önündən keçirib, daha sonra bu barədə danışmaq rahat olardı.

Birdən-birə deyəndə ki, özünü tənqid eləməlisən, bu, bir az çətin məsələ olur və adama qəribə gəlir. Adam mat qalır. Düzdür, özünü tənqid eləmək kimlərəsə maraqlı görünə bilər, amma bir məsələ də var: sən tələm-tələsik danışıb özünə qarşı haqsızlıq eləyə bilərsən.

Məsələn, öz-özümə düşünürəm: Mən nəyi etiraf eləyim? Burda bir məsələ də var. Hardasa 10-15 il bundan əvvəl etiraflar müəyyən bir nəticə verərdi. Təəssüf ki, indi zaman dəyişib və indi 57 yaşlı Rüstəm Behrudinin düşünmədən səhvlərini etiraf eləməyi belə çıxa bilər ki, mən bütün həyatımı günah içində yaşamışan.

Mənə elə gəlir ki, bundan sonra o səhvləri, o günahları düzəltmək mənim üçün çox çətin olar. Həm də bir şeyi deyim: kim öz səhvini etiraf eləyər? Ay elədi haaa...

Şəxsi həyatımda bəyənmədiyim ən birinci cəhət çox səmimi olmağımdır. Düzdür, səmimi olmaq pis xüsusiyyət deyil. Amma mən səmimiliyimin cəzasını çox çəkmişəm və səmimi olmaqdan yorulmuşam. Adamlar bundan həmişə sui-istifadə eləyiblər.

Həmişə səmimi olmağımın peşmancılığını özümdə hiss eləmişəm. Ancaq bu peşmançılıq mənə heç vaxt dərs olmayıb. Yenə də davam edirəm və yenə də səmimiyəm.

Yaradıcılığımda tənbəlliyim məni çox narahat eləyir. Yazdıqlarımın üzərinə yenidən qayıda bilməməyim mənim üçün üzücü bir şeydir. Mən ömür boyu yazdıqlarımın üzərində işləmədim. Nə yazdımsa, o da qaldı. Mənə elə gəlir ki, bu cəhət yaradıcı bir adam üçün mənfi hal sayılmalıdır.

Mən çox tez əsəbiləşən və özündən çıxan adamam. Bəzən emosiyalarıma nəzarət eləyə bilmirəm. Amma əsəbi olmağımın da səbəbi var. Boş-boşuna deyil. Bütün həyatını şeirlərinə, yazılarıma görə yaşayan və həmişə sözünü deyən, heç vaxt kimdənsə və ya nədənsə çəkinməyən Rüstəm Behrudi haqqında bu yaxınlarda - söz vaxtına çəkər - Günel Mövlud götürüb hardasa yazıb ki, Rüstəm Behrudi yalandan özünü dərviş kimi aparır. Yəni nahaqqa göz yumur.

Mənə maraqlıdır, görəsən, bu qız mənim mətbuatda gedən yazılarımı oxumur?

Sözüm onda deyil. Məsələ burasındadır ki, belə şeylər məni əsəbiləşdirir. Elə özümə qarşı ən böyük tənqidim də budur ki, niyə əsəbiləşirəm? Axı mənim 57 yaşım var. Əhəmiyyət verməyim, getsin.

Bir şey də deyim. Mən yazdıqlarımın hamısını bəyənirəm. Pis çıxmasın, nə yazmışamsa, xoşuma gəlir. Amma bir məsələ də var ki, şairin şeirlərini, bütün yazdıqlarını bəyənməsi elə ən böyük tənqid olunası cəhətdir. Əlbəttə, bunu da başa düşürəm.

Mən bir az tənbələm, amma yazmaq istəyəndə saatlarla otura da bilirəm. Tənbəllik yaradıcı adam üçün bağışlanmaz səhvdir. Hətta deyərdim ki, günahdır. İllər keçəndən sonra fikirləşirsən ki, bu günə qədər yazsaydım, indi korifey sənətkar olardım.

İstedadlı adamın ağlına hər an maraqlı nəsə gələ bilər. Ərincəklik eləmək yaxşı deyil, yazmaq lazımdır. Yaradıcılığa qarşı biganə olmamalısan. Məsuliyyətli olmaq lazımdır. Amma təəssüf ki, məndə belə deyil və bu cəhətimdən də heç xoşum gəlmir. Bəlkə, səhv deyirəm?

Bir şeirimdə belə yazmışam:

Üstünə getmədiyim düşmənim,

Yasına getmədiyim dostlarım oldu.

Doğrudan da, bu mənim ən böyük və bağışlanılmaz səhvim oldu.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.