Mədəniyyət

İmprovizələrlə dolu "Axırıncı aşırım": Qəmlonu niyə o öldürdü? - FOTO

15 İyun 2014 12:35
3 Şərh     Baxış: 18 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az bildirir ki, modern.az saytı "Kadrarxası" layihəsini davam etdirir. Bu dəfə kadraraxasında Fərman Kərimzadənin "Qarlı aşırım" povesti əsasında çəkilmiş "Axırıncı aşırım" filminin "Bəylər"i, dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, sevimli aktyor, rejissor Əbdül Mahmudov danışır.

Arayış: 15 may 1944-cü ildə Hacıqabul rayonunun Atbulaq kəndində anadan olmuş Əbdül Mahmudov əslən Şamaxıdandır. Ata tərəfi Ərdəbildən gəlib. 1961-ci ildə orta məktəbi bitirən Ə.Mahmudovun kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş verib.

Aktyor 1962-1966-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Adil İsgəndərovun kursunda aktyorluq ixtisasına yiyələnib. "Axırıncı aşırım" filmi çəkilən müddətdə isə Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsinə daxil olub. 1971-1973-cü illərdə Moskvada Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G.Daneliya kimi məşhur sənətkarlardan dərs alıb. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor işləyib. Bir ara kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, iki nəvəsi var.

"Axırıncı aşırım" filmi 1971-ci ildə çəkilib. Film Fərman Kərimzadənin "Qarlı aşırım" povesti əsasında lentə alınıb. Əsərdəki hadisələr Sovet hakimiyyətinin qurulduğu bir dövrdə Azərbaycanın dağ kəndlərindən birində cərəyan edən hadisələrlə bağlıdır. Filmin quruluşçu rejissoru Kamil Rüstəmbəyov, quruluşçu operator Rasim İsmayılov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Arif Məlikov, direktoru Nazim Ələkbərovdur.

Rollarda Həsən Məmmədov, Adil İsgəndərov, Həsənağa Turabov, Hamlet Xanızadə, Əbdül Mahmudov, Məlik Dadaşov, Şahmar Ələkbərov və başqaları çəkiliblər. Film real faktlar əsasında lentə alınıb. Abbasqulu ağa Şadlinski, Kərbəlayı İsmayıl və Qəmlo həqiqətən həyatda yaşamış insanların obrazlarıdır.

""Axırıncı aşırım" filmi "7 oğul istərəm" filminin davamı kimi çəkilməyə başladı"

Əbdül Mahmudov:  "Axırıncı aşırım" filmi "7 oğul istərəm" filminin davamı kimi çəkilməyə başladı. O vaxt rəhmətlik Kamil Rüstəmbəyov "Yeddi oğul istərəm" filmini başlayırdı, artıq aktyorlar da seçilmişdilər. Səbəbi bəlli olmadan filmi dayandırdılar. Filmi Tofiq Tağızadəyə verdilər. O vaxt Adil İskəndərovun dövrü idi. Hər şey mərkəzdən idarə edilirdi. Bu arada Cəfər Cabbarlı adına kinostudiyada pis bir ab-hava yarandı. Belə bir hala təbii olaraq Adil İskəndərov razılıq verə bilməzdi. Kamil müəllim də klassik, tarixi mövzuda çalışan rejissor idi. Vətənə bağlı, ziyalı bir azərbaycanlı idi. Həmin ərəfədə gənc yazıçı Fərman Kərimzadə "Qarlı aşırım" povestini təzəcə tamamlamışdı. Yaxın dostluq münasibətlərimiz vardı. O vaxtı kinostudiyada redaksiya kollegiyasının üzvü idi. Müzakirə zamanı belə qərara gəlindi ki,  "Qarlı aşırım" filmini çəkək".

Əbdül Mahmudov: "Əsər Adil İsgəndərova təqdim olundu və o, povesti çox bəyəndi, yüksək qiymətləndirdi. Məsləhət olundu ki, povestin əsasında film üçün ssenari yazılsın. Həm Kamil müəllimin haqqını özünə qaytarmaq üçün, həm də ona yaxın mövzu olduğundan filmi ona verdilər. Adil İskəndərov onu çağırıb dedi ki, "Kamil, qadası, nə olubsa, olub, lənət şeytana, götür əsəri, Allah işini avand eləsin".

"Axırıncı aşırım" Azərbaycan kişiliyi adına mükəmməl bir film oldu. Kamil müəllim də əsəri oxudu, çox xoşuna gəldi. Beləcə filmin çəkilişləri başlandı.

Filmin adı niyə dəyişdirilib?

Bədii Şurada müzakirə zamanı belə qərara gəlinir ki, sadəcə olaraq filmin adı dəyişdirilsin. Beləcə "Qarlı aşırım" "Axırıncı aşırım" oldu.

Əbdül Mahmudov: "Buna səbəb isə filmin çəkilməsi üçün az vaxtın ayrılması oldu. Filmin adı "Qarlı aşırım" olardısa, mütləq qışda çəkilməliydi, bu zaman qarla zəngin mənzərələr lazım gələcəkdi. Bu isə həddən artıq  çox vaxt aparacaqdı. Bütün bunlar əlavə əzab-əziyyət idi, texnika baxımından çətinlik yaranacaqdı. O vaxt texnika indiki kimi kompakt deyildi. O çəkilişləri ki, biz Qobustanda etdik, onları dağa-dərəyə dartsaydıq, 3 ayın əvəzinə 6-7 ay tələb olunacaqdı. Kamil müəllim də filmi aktyorların üstündə qurdu. Təbiət səhnələri filmdə o qədər də rol oynamadı, əsas yük aktyor işi üzərində qurulmuşdu. Heç təsadüfi deyil ki, Azərbaycan kino tarixində ilk dəfə Tiflisdə keçirilən SSRİ kinofestivalında "Axırıncı aşırım" ən yaxşı kişi roluna görə iki baş mükafat aldı. Mükafat "Kərbəlayı" və "Abbasqulu bəy" roluna görə Adil İsgəndərovla Həsən Məmmədova verildi. İlk dəfə olaraq SSRİ tarixində "Azərbaycanfilm" iki ən yaxşı mükafat aldı. Bu, həm rejissorun, həm də aktyor heyətinin uğurlu işinin nəticəsi idi".

"Filmdəki kənd qurama idi"

Filmin çəkilişləri haradasa bir ilə yaxın vaxt alır. Ağır epizodların çəkilməsi böyük aktyor məharəti tələb edir.

Əbdül Mahmudov: "Filmdə çox böyük rəssam işi vardı. İmanın evində taxıl axtarılan epizodu xatırlayırsınızmı? Həmin epizod kinostudiyanın pavilyonunda çəkilmişdi. Kənd ab-havası yaratmaqdan ötrü səhnə pavilyonda qurulmuşdu.

Çox böyük dekorasiyalar vardı. Çünki filmdə atışma, vuruşma səhnələri gedirdi. İki cür pavilyonlar vardı. Birincisi "natura" pavilyonları idi, digəri isə münasib yer tapılaraq o ərazidə tikilirdi".

Aktyor bildirir ki, tamaşaçılar film boyu kənd mənzərəsi, kənd ab-havası görsələr də, film çəkilişlərinin kəndlə heç bir bağlılğı olmayıb.

Əbdül Mahmudov: "Filmdə gördüyünüz kəndin dekorasiyası Qobustanda qurulmuşdu. Filmin çəkilişləri əsasən Qobustanda - "Böyük daş"da, "Kiçik daş"da, "Çınqıl daş"da çəkildi. Demək olar ki, filmin çəkilişləri əsasən Bakıda və Qobustanda aparılıb. Filmin kəndlə heç bir əlaqəsi yox idi. Orada adı çəkilən "Qara qaya" adlı yer də Qobustandadır".

"Filmdə baş rolu mən oynamalı idim"

Filmdə baş rolu Əbdül Mahmudov oynamalı imiş. Ssenaridə Bəylər obrazı əsas aparıcı surət olub. Lakin Ə.Mahmudovun Moskvaya getməsi bütün ssenarini dəyişdirib.

Əbdül Mahmudov: "Filmdə baş rolu mən oynamalı idim. Bəylər rolunu. Film özü Bəylərin toyunda dava-qırğınla başlayır. Sonra onun evində taxıl axtarışı başlayır. Mənim arzum idi ki, Moskva Kino İnistitutuna daxil olum. Moskvada rejissorluq fakültəsinə imtahan vermişdim. Filmin 4 epizodu çəkilmişdi. Moskvadan Azərbaycana rəsmi göndəriş gəldi ki, mən instituta qəbul olmuşam. Bu mənim üçün bayram xəbəri oldu. Kinostudiyanın direktoru Adil müəllim və o vaxtkı nazirimiz mənim fikrimi örənmək üçün toplandılar. Soruşdular ki, "bu qədər əzab-əziyyətlə inistituta daxil olmusan, fikrin nədir?" Mən təbii olaraq oxumaq istəyimi bildirdim. Lakin filmə təsdiq olunmağım da vardı. Nə isə, qərara gəlindi ki, Kamil müəllim və Fərman müəllimlə də məsləhətləşim. Hər ikisi məni yaxşı başa düşürdü.  Çünki o vaxt Moskvada instituta daxil olmaq çətin məsələydi. Mən gedəsi oldum. Beləcə mənim rolumu bölüşdürdülər, böyük üstünlüyünü Şahmar Ələkbərova verdilər. Şahmarla qucaqlaşdıq, ayrıldıq. Daha sonra məsləhət olundu ki, mən çəkildiyim 4 epizod filmdə saxlanılsın, guya komsomol kimi bizi tuturlar. Filmin davamında isə üstünlük İmana verildi. Buna görə də 2-3 dənə əlavə epizod yazdılar ki, film birbaşa İmanla bağlansın. Beləliklə də, mən çemodanımı götürüb Moskvaya üz tutdum".

Filmdə qəbristanlıq səhnəsi də dekorasiyadır

Əbdül Mahmudov: "Film başdan-başa improvziələrlə doludur. Olur ki, çəkiliş meydanında adi gün işığının düşməsi, relyef, adi bir daş parçası mükəmməl improvizələrə səbəb ola bilir. Qobustan səhnələrində, asma körpü, banditlərin sığındığı kəndlər hamısı improvizələr idi. Filmdə Xəlilin yüyrəkdə yellətdiyi uşaq tanışlardan birinin idi. Qəbristanlıq səhnəsi də rəssamlar tərəfindən qurulub. O həqiqi qəbristanlıq deyildi. Dekorasiyalar quruldu, relyefə uyğun olaraq çəkildi, çox da inandırıcı alındı". Mənim obrazımı Ramiz Məlik səsləndirib".

"Çəkilişdə istifadə olunan silahlar olduqca təhlükəli idi"

Əbdül Mahmudov: "Taxıl səhnəsi çəkiləndə kisələrdəki taxıllar əsl taxıl idi. Lakin toplu halda, 2-ci, 3-cü planda kənarda 50-60 kisə qoyulurdu. Onlar ölçü baxımından həqiqi taxıl kisələrinə uyğun düzəldilmiş "yalançı" kisələr idi. Filmdə istifadə edilən silahlar dövrün, zamanın tələblərinə uyğun istifadə edilən həqiqi silahlardır. Kinostudiyanın özünün böyük cəbbəxanası vardı. Orada top-tüfəngdən tutmuş, hər dövrə aid olan qılınc-qalxan tapmaq olardı. Rejissor başda olmaqla, rejissor assistentləri hamısı birlikdə hazırlıq dövründə bu prosesi həyata keçirmişdi. Silahlar həqiqi silahlar idi və müəyyən qədər təhlükəli sayılırdı".

"Həsən Məmmədov qayadan özü yıxıldı"

Əbdül Mahmudov: "Abbasqulu bəyin güllələndiyi səhnədə aktyorun bədənində detonasiya quruldu, ora qanla bağlı əlavə rənglər də qoyuldu. Belə çəkilişlər aktyordan böyük məharət tələb edir. Aktyor plastika baxımından, aktyor oyunu baxımından mükəmməl olmalı idi. Silahların atılması, onun yaralanması hərəkətinə reaksiyası üst-üstə düşməli idi. Həsən Məmmədov da öz rolunun öhdəsindən çox böyük məharətlə gəldi. Ondan xüsusilə dəqiqlik tələb olunurdu. Atəşin açılması, aktyorun yaralanması, yıxılması o qədər dəqiq olmalı idi ki, tamaşaçıda heç bir şübhə yaratmasın. Eyni zamanda texniki heyətdən böyük təcrübə tələb olunurdu. Həsən Məmmədov rolunu özü oynamışdı. Çəkilişdəki qaya o qədər də hündür qayalıq deyildi deyə, ona çətin olmadı. Qayadan yıxılan da o özü idi. Filmdə hündür görünsə də, o qədər də hündür yer deyildi. Həsən Məmmədovun mükəmməl plastikası vardı və o, Azərbaycan film tarixində əvəzolunmazdır".

Əbdül Mahmudov deyir ki, H.Məmmədovun "Yeddi oğul" filmindən artıq at minmək təcrübəsi vardı.

"Atlar əvvəlcədən hazırlandı, aktyorlar cıdıra getdilər, orada məşqçilər tutuldu. Hər aktyora uyğun atlar seçildi. Aktyorlar atlarla məşq edib onları özlərinə öyrəşdirdikdən sonra çəkiliş oldu. O yerlərdə ki, aktyorlar atla sürətlə gedir, atdan yıxılırlar, onu kaskadyorlar edirdilər. Hər bir halda atı aktyor özü minirdi. Ehtiyac olanda kaskadyor əvəz edirdi".

Qəmlonun öldürülməsi səhnəsi iki variantda çəkilib

Əbdül Mahmudov: "Finalda Qəmlonun öldürülməsi səhnəsi iki variantda çəkildi. Hər iki variant lentə alındı, biri rus, digəri Azərbaycan dilində.

Filmin ilk orijinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmadı. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi oldu. Bundan sonra Kamil Rüstəmbəyov filmdə dəyişiklik etdi. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox, Xudayarın qardaşı öldürdü. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olundu. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən "Kərbəlayı Qəmlonu gəbərtdi" ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.