Mədəniyyət

Tblilisidə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti təşkil olunub

5 İyun 2023 13:09
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tblilisi şəhərində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi iştirakçılarının konserti təşkil olunub.

Gürcüstanın Tblilisi şəhərində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi iştirakçılarının 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların sevinci" adlı konserti təşkil olunub.

Konsertin əvvəlində çıxış edən Filarmoniyanın direktor müavini, "Gənclərə dəstək" layihəsinin koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə tamaşaçılara layihə haqqında geniş məlumat verib və eyni zamanda bayram münasibəti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəl-zadənin təbriklərini çatdırıb.

Solistlər respublika və beynəlxalq müsabiqələr laureatları Ağa Ramazanlı (tar), Ləman Qurbani (piano), Adnan Kərimli (zərb alətləri), Zəhra Zeynalova (piano), Surə Rüfət (violin), Nuray Həsənli (piano), Baçi Mikeladze (piano), Aleko Kidelidze (piano), Tamar Kvitsiani (piano), Elene Meparişvili (violin), Ana-Maria Getsazde (violin) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib. Konsertin sonunda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva iştirakçılara təşəkkürünü bildirib və onlara diplomlar təqdim edib.

Beləliklə, "Uşaqların sevinci" adlı konsert iştirakçılarına ölkələrinin mədəniyyətini beynəlxalq səviyyədə təqdim etməyə və digər ölkələrin milli mədəniyyəti ilə tanış olmağa imkan verdi.

Konsertin təşkilatçılarından tamaşaçılar və iştirakçılar üçün hazırlanmış xatirə hədiyyələri, suvenirlər xoş bir əlavə idi.

Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri - Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.