Hadisə, Kriminal

Rauf Mirqədirovun həbsinin səbəbləri açıqlandı - YENİLƏNİB

21 Aprel 2014 18:10
0 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
18:10

Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, R.Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

R.Mirqədirov tutulduğu andan hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin olunub.

Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.


---------
16:40


Baş Prokurorluq Türkiyədən deportasiya olunaraq Bakıda həbs edilmiş jurnalist Rauf Mirqədirovla bağlı rəsmi açıqlama verəcək

Bu barədə modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun sözlərinə görə, Rauf Mirqədirov haqqında rəsmi məlumat yaxın saatlarda ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

----------
13:31

"Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov barəsində həbs qəti imkan tədbiri seçilib


Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.

Onun sözlərinə görə, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qəti imkan tədbiri seçilib.

APA-nın əldə etdiyi məlumata görə, R. Mirqədirov ermənilərlə iş birliyində günahlandırılır. Onun Azərbaycan dövlətinin məlumatı olmadan Ermənistana səfər etdiyi və ölkədə bir sıra görüşlər keçirdiyi bildirilir.

Hüquq müdafiəçisi E. Behbudov isə Azərbaycan və Ermənistan arasında danışıqlar aparmaq səlahiyyətinin yalnız ölkə başçısına məxsus olduğunu deyib: "Bilirsiniz ki, ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib və ölkələr arasında müharibə hələ bitməyib. Belə olan şəraitdə iki dövlət arasında danışıqları yalnız ölkə başçıları apara bilərlər".

E. Behbudov yaxın günlərdə R. Mirqədirovla görüşəcəyini deyib.

Qeyd edək ki, "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.

Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.