Ölkə

Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlarla bağlı qanunvericilik layihələri hazırlanır

11 Aprel 2019 12:46
Baxış: 1 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Nərimanov Rayon Məhkəməsində Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Məhkəmə islahatlarında yeni mərhələ" mövzusunda brifinq keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının və Mətbuat Şurasının rəhbər şəxsləri, hakimlər və digər hüquqşünaslar, millət vəkilləri, vətəndaş cəmiyyətinin və çoxsaylı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti barədə geniş ictimai müzakirələrin aparıldığı vurğulanıb, hazırkı tədbirin bu mühüm sənədin mahiyyətinin və istiqamətlərinin əhaliyə daha dolğun və ətraflı çatdırılmasında önəmi qeyd olunub.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, məhkəmə sahəsində islahatlar mühüm əhəmiyyət kəsb edir və bu sahədə kütləvi informasiya vasitələrinin də üzərinə mühüm vəzifə düşür. O qeyd edib ki, KİV-lər bu islahatlarla bağlı cəmiyyətə düzgün informasiya çatdırmalıdır. Mətbuat Şurası bu istiqamətdə Ədliyyə Nazirliyi ilə birgə tədbirlər həyata keçirir.

Sonra çıxış edən Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov vurğulayıb ki, Prezident İlham Əliyevin 3 aprel fərmanı məhkəmə-hüquq sahəsində islahatların "yol xəritəsi" rolunu oynayır. O qeyd edib ki, bu fərman ədalət məhkəməsinin şəffaflaşdırılmasına, hər hansı müdaxilənin qarşısının alınmasına, məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqinə, ekspertiza fəaliyyətinin yaxşılaşdırılmasına və digər məsələlərə yönəlib. Fərmanın icrası ilə bağlı Ədliyyə Nazirliyinə bir sıra mühüm tapşırıqlar verilib.

E.Qasımovun sözlərinə görə, Ədliyyə Nazirliyi fərman imzalanandan dərhal sonra geniş kollegiya iclası keçirib, işçi qrupu yaradılıb.

Tədbirdə daha sonra nazirliyin aidiyyəti struktur qurumlarının, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbərləri və digər çıxış edənlər məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində Fərmanın müstəsna əhəmiyyəti, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, vəkilliyin fəaliyyətinin gücləndirilməsi və digər mövzularda çıxışlar ediblər.

Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı bu sahədə islahatların yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli həyata keçirilməsinə rəvac verib.

Ədliyyə və məhkəmə sistemi üçün mühüm "yol xəritəsi" olan Fərmanın Ədliyyə Nazirliyi tərəfindən təxirə salınmadan icrasına başlanılıb, o cümlədən bu mühüm sənədin müstəsna əhəmiyyəti barədə ardıcıl maarifləndirmə tədbirləri, ictimai müzakirələr davam etdirilir.

Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir, məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, işlərə daha operativ və keyfiyyətlə baxılması, məhkəmələrdə şəffaflığın artırılması və elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür. Bununla əlaqədar məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik daim təkmilləşdirilir, təkcə ötən ilin sonunda dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda məhkəmələrin işinin səmərəliliyinin artırılması, məhkəmə icraatının elektron qaydada aparılması, işlərə daha tez və sadələləşdirilmiş qaydada baxılması, həmçinin məhkəmə statistikasının elektronlaşdırılması, vətəndaşların məhkəmələrə onlayn müraciət imkanlarının yaradılması məqsədi ilə əsaslı dəyişikliklərin edilməsi barədə yeni qanunlar qəbul olunub.

Diqqətə çatdırılıb ki, aprelin 3-də imzalanan Fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların tərkib hissəsidir. Kompleks şəkildə qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan Fərmanın icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə Əlaqələndirmə Komissiyası yaradılıb, tədbirlər planı təsdiq olunaraq həyata keçirilir.

Brifinqdə Fərmanla Ədliyyə Nazirliyinin üzərinə düşən bir sıra mühüm vəzifələrə toxunulub, o cümlədən ədliyyə və məhkəmə fəaliyyəti, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanun layihələrinin hazırlanması, Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin geniş tətbiqi, mediasiya institutunun və beynəlxalq arbitraj prosedurlarının təşviqi, icra və ekspertiza fəaliyyətinin alternativ mexanizmlərinin tətbiqi təcrübəsinin öyrənilməsi ilə bağlı tədbirlərin görülməsi vurğulanıb.

Çıxışlarda dövlət başçısının Fərmanının vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə xidmət etdiyi qeyd olunub, bu mühüm sənədin vaxtında və dürüst icrasının məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında tam icrasının təmin olunmasına, şəffaflığın artırılmasına, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə imkan yaradacağı bildirilib. Sonra sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.