Süni intellekt standartları media nümayəndələrinə təqdim edilib.
Milli.Az xəbər verir ki, tədbirin məqsədi media nümayəndələrini süni intellekt üzrə qəbul edilmiş dövlət standartları ilə tanış etmək və sahədə düzgün, dəqiq ictimai kommunikasiya mühitinin formalaşdırılmasına dəstək göstərmək olub. Görüş zamanı iştirakçılara mövcud normativ baza, standartlaşdırma prosesi və bu prosesin dövlət, biznes və cəmiyyət üçün əhəmiyyəti barədə məlumat verilib.
Təqdimatda Azərbaycanda indiyədək qəbul edilmiş 8 süni intellekt dövlət standartı təqdim olunub. Bu standartlar terminologiyanın vahidləşdirilməsi, risklərin idarə olunması, idarəetmə və etibarlılıq mexanizmlərinin təkmilləşdirilməsi kimi sahələri əhatə edir və ölkədə süni intellekt ekosisteminin təhlükəsiz və beynəlxalq tələblərə uyğun inkişafına əsas təminatdır.
Həmçinin, təqdimatda informasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin fəaliyyəti vurğulanıb. Komitə beynəlxalq qurumlarla əməkdaşlıq edərək Azərbaycan üçün zəruri Sİ standartlarının hazırlanması və təsdiqini təmin edir.
Qeyd olunub ki, standartlar süni intellekt sistemlərində dəqiqliyi təmin edir, yanlış məlumatların qarşısını alır, şəffaflığı artırır, riskləri idarə edir və innovativ texnologiyaların təhlükəsiz tətbiqinə xidmət edir.
Milli.Az





