Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 778 min nəfərdir.
Trend xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O bildirib ki, bu il yanvarın 1-ə olan məlumata əsasən, onlardan 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir.
"Muzdla çalışan işçilərin sayında əsas məqam özəl sahədə əmək müqavilələrinin sayının artması olsa da, dövlət sektorunda azalmanın qeydə alınması da diqqətdən kənar qalmır. Belə ki, əvvəlki ilin 1 yanvar tarixi ilə müqayisədə özəl sekorda çalışanların sayı 53 min nəfər artıb. Dövlət sektorundakı işçilərin sayında isə 16 min 300 nəfər azalma qeydə alınıb.
Dövlət sektortunda işləyənlərin sayının azalması bir sıra sahələrdə aparılan struktur islahatları nəticəsində işçi sayının mobilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, hələ də əksər dövlət qurumlarında boş vakansiyalar qalmaqdadır. Bəzi hallarda vakansiyalar üzrə marağın aşağı olması, bir sıra hallarda işə qəbul şərtlərinə uyğun müraciətlərin olmaması müşahidə edilir.
Bütövlükdə isə, əmək müqaviləsi ilə çalışanların sayının əmək qabiliyyətli vətəndaşlarımız ilə müqayisədə az olması da əsas çağrışlardandır",- paylaşımda qeyd edilib.
Milli.Az