Fevralın 3-də 7A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlər arasında mübahisə yaranıb.
Milli.Az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.
Paylaşımdan görünür ki, sürücü avtobusun kənar şüşəsinin sındığını əsas gətirərək hərəkəti dayandırıb, bu isə sərnişinlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva oxu.az-a açıqlamasında qeyd edib ki, mübahisəyə səbəb hadisə yerində sığorta şirkətinin gəlməsini gözləməsi olub:
"Fevralın 3-də "BakuBus" MMC-nin balansında olan 7A nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-527 dövlət qeydiyyat nişanlı avtobusda yüngül yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən sürücüsü Aqil Mehdiyev dərhal Monitorinq Mərkəzinə məlumat verib, müvafiq olaraq hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət olunub. Sürücü qaydalara uyğun olaraq hadisə yerində sığorta şirkətinin gəlməsini gözləyib. Lakin bəzi sərnişinlər sürücüdən avtobusu hərəkət etdirməyi tələb edib, nəticədə sürücü və sərnişinlər arasında mübahisə yaranıb".
Ə.Əliyeva qeyd edib ki, hadisə zamanı sürücü bütün daxili prosedurlara uyğun hərəkət edib:
"Sərnişinlərimizdən bu kimi hallarda sürücüyə qarşı anlayışlı olmalarını və təhlükəsizlik qaydalarına riayət edən sürücülərimizə dəstək göstərmələrini xahiş edirik"./oxu.az
Milli.Az