COP29 konfransı zamanı şəhər mərkəzi və tədbir məkanları istiqamətində nəqliyyatın hərəkətinə ediləcək dəyişikliklərə uyğun olaraq, "Bakı metropoliteni" QSC stansiyalarının hazırlığı yekunlaşdırılıb. Bu dövrdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər qurumlarla sıx əməkdaşlıq aparılıb.
"Bakı metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyası istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Avtobus marşrutlarının əsas hissəsinin yönləndiriləcəyi "Ulduz" stansiyasının vestibülündə iki əlavə "BakıKart" terminalı quraşdırılıb. Sərnişinlərin girişinin daha intensiv təşkil edilməsi məqsədilə stansiyanın avtomat buraxılış-nəzarət məntəqəsində dörd əlavə turniket quraşdırılıb.
Həmçinin, nəzarətçi köşkü yenilənib, əlil arabası istifadəçilərinin rahat keçidini təmin edən zona yaradılıb. Stansiyanın platformasında və keçidlərində avtobus marşrutlarının istiqamətini müəyyən etmək üçün müvafiq nişanlama işləri aparılıb, məlumat lövhələri yerləşdirilib. COP29-un gedişində əlavə tədbirlərin görülməsi də diqqət mərkəzində saxlanılacaq.
Stansiyaların infrastrukturunun fəaliyyətinin təşkili, sərnişin axınının tənzimlənməsi və nəzarət mexanizmlərinin tətbiqi ilə əlaqədar müvafiq hazırlıq tədbirləri görülüb. Şəhər mərkəzi istiqamətində avtobus marşrutlarının yönləndiriləcəyi "Xətai", "Qara Qarayev", "Neftçilər", "Xalqlar dostluğu" və "Əhmədli" stansiyalarında da nəzarət və tənzimləmə mexanizmləri həyata keçiriləcək.
Ümumilikdə, adi iş rejimi şəraitində tətbiq edilən nəzarət qaydaları qüvvədə saxlanılmaqla, əlavə növbətçilik cədvəlləri tərtib edilib. Bütün stansiyaların, həmçinin infrastruktura uyğun digər strukturların rəhbər və mütəxəssisləri cəlb edilərək, metro stansiyalarının infrastrukturuna, mühəndis-texniki qurğulara əlavə nəzarət mexanizmləri təmin ediləcək. Sərnişin məmnunluğu və rahatlığı xüsusi diqqətdə saxlanılacaq.
Milli.Az