Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilib.
Bu barədə Milli.Az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin, bu sektoru təmsil edən "Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə növbəti görüş keçirilib. Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə, xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və s. məsələlər müzakirə edilib.
Görüş zamanı assosiasiya nümayəndələri qarşılıqlı əməkdaşlıq formatında aparılan belə müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib. Dövlət Vergi Xidmətinin nümayəndələri dövlət - biznes əməkdaşlığının daha da genişləndirilməsinin prioritet olduğunu, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyini iştirakçıların diqqətinə çatdırıb. Sonda sahibkarların konkret təkliflər hazırlayaraq Dövlət Vergi Xidmətinə rəsmi qaydada təqdim etməsinə dair razılıq əldə olunub.
Milli.Az