Ölkə

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa və Ağdama səfər edib - YENİLƏNİB - VİDEO - FOTO

20 Oktyabr 2024 18:09
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Şuşa və Ağdam olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikinci qrupun səfəri ötən gün Xankəndi şəhərindən başlanıb. Bu gün səhər saatlarında isə qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Onlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, 30 illik işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da diqqətdə saxlanılır.

Qonaqlar, həmçinin Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi və İsa bulağı ilə tanış olublar. Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Günün ikinci yarısında qonaqlar Ağdam rayonunda olublar. Şəhər mərkəzində yerləşən Cümə məscidi ilə tanış olan qonaqlara məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də 30 illik erməni işğalı dövründə digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb və erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar. Şəhər işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub. Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olub. Lakin işğal zamanı Ağdam yerlə-yeksan edilərək xarabalığa çevrilib. İşğaldan azad edildikdən sonra Ağdamda geniş tikinti-quruculuq işlərinə start verilib. Hazırda şəhər mərkəzi ilə yanaşı, ətraf bir neçə kənddə də tikinti işlərinin aparıldığı və yaxın zamanlarda əhalinin Ağdama qayıdışının təmin olunacağı bildirilib.

Qeyd edək ki, sözügedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altıgünlük nəzərdə tutulub və ikinci qrupun səfəri bu gün başa çatıb. Onlar öncə Xankəndi şəhərində, sonra isə Şuşa və Ağdamda olublar.

--------

12:44

Gürcüstan azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfəri davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, artıq ikinci qrupun sözü gedən ərazilərə səfəri başlayıb.

Növbəti qrupun səfəri ötən gün Xankəndi şəhərindən start alıb. Bu gün qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib.

Onlara şəhər haqqında ətraflı məlumat verilib. Səfər zamanı həmçinin şəhərdə həyata keçirlən tikinti quruculuq işləri barədə də qonaqlara məlumat verilib. Günün ikinci yarısında qonaqlar Ağdama səfər edəcəklər.

Qeyd edək ki, sözü gedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altı günlük nəzərdə tutulub və ilk qrupun səfəri başa çatıb, onlar öncə Şuşa şəhərində daha sonra isə Xankəndi və Ağdamda olublar.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.