Ölkə

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi cəhdi Qərbin çeşidli planlarındandır - Sahil Kərimli

6 May 2024 17:18
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Gürcüstanda baş verən hadisələr ABŞ və Avropa siyasi dairələrinin təxribatıdır. Məqsəd Gürcüstanda, ümumiyyətlə, Cənubi Qafqazda sabitliyi pozmaqdır.

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.

S.Kərimli bildirib: "Qərb bununla aydın şəkildə göstərir ki, Cənubi Qafqaz üzərindən Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir və Gürcüstanı Ukraynaya çevirmək planları artıq işə salınıb.

Sirr deyil ki, ABŞ uzun illərdir Gürcüstanda ictimai-siyasi proseslərə ciddi təsir imkanlarına malik olub. Rekord sayda qeyri-hökumət təşkilatı yaratmaq və maliyyələşdirməklə Qərb Gürcüstanda öz istəklərinə cavab verən şəbəkə qura bilib. Gürcüstan cəmiyyətində çaxnaşma yaradılması, Avropa İttifaqına inteqrasiya adı ilə gürcü xalqının narkomaniyaya sürüklənməsi, milli dəyərlərin tapdanması kimi mənfi təzahürlər göz önündədir. Aydın məsələdir ki, bütün bunlar Gürcüstanın müstəqil və suveren ölkə kimi varlığını təhlükə altında qoyur".

Siyasi şərhçinin fikrincə, heç də uzaq olmayan keçmişə nəzər salsaq görərik ki, Qərb eyni məkrli planları illər əvvəl Ukrayna üzərindən də həyata keçirmişdi və hazırda Kiyevin acı taleyi göz önündədir. Ümumiyyətlə, ABŞ Cənubi Qafqazda hegemonluq etmək üçün bütün imkanlarını səfərbər edib. Hazırda regionumuzun zəif bəndi olan Ermənistana təsirlər göstərilir və İrəvan sülh prosesindən uzaqlaşdırılır. Ermənistanın Azərbaycanla yeni hərbi qarşıdurmalara sürüklənməsi və bununla da rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır.

"Azərbaycan daim müstəqil və milli maraqlara əsaslanan qətiyyətli siyasət yürütdüyündən ABŞ və Avropa ölkəmizə qarşı planlarında uğur qazana bilməyib. Belə olduqda, Ermənistandan alət kimi istifadə edilib. Paralel olaraq Gürcüstanda təhlükəli ssenarilər həyata keçirilir. Hazırda gürcü xalqı baş verənləri yaxşı anlayır və gələcək onilliklər üçün öz müqəddəratını müəyyənləşdirir. Əminliklə söyləmək olar ki, Gürcüstan cəmiyyətinin haqlı müqaviməti gec-tez ABŞ və Avropanın bölgəmizdən qovulması ilə nəticələnəcək. Əgər Qərbin Cənubi Qafqaz üzərindən oyunları tam dəf edilərsə, şübhəsiz ki, bölgəmizdə uzunmüddətli və dayanıqlı sülh əldə olunar, region ölkələri sabitlik, rifah içində inkişafa doğru irəliləyər", - deyə Sahil Kərimli vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.