Dünya

Ukraynanın şərqində silahlar işə düşdü - YENİLƏNİB - FOTOSESSİYA

7 Aprel 2014 17:15
9 Şərh     Baxış: 4 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:29

Naməlum şəxslər Ukraynanın Donetsk vilayətinin dövlət Televiziya şirkətini ələ keçirməyə çalışıblar. Bu zaman telekanal binasında atışma baş verib.

Milli.Az-ın Vesti.ru-ya istinadən məlumatına görə, naməlum şəxslər avtomobillə televiziyanın binasına yaxınlaşıblar. Onlar havaya bir neçə atəş açıblar.

Telekanalda xidmət aparan daxili işlər nazirliyi əməkdaşları da cavab atəşi açıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər.

Bu arada, Xarkov şəhərində isə Ukraynanın federallaşmasının tərəfdarları ilə Avromaydan mitinqinin iştirakçıları arasında qarşıdurma yaranıb. Hadisə yerində atəş səsləri eşidilib. Federallaşma tərəfdarları maydançıları maydandan çıxara biliblər.

--------
14:43

Ukraynanın cənub-şərq bölgələrindəki bir sıra şəhərlərdə Rusiyaya meylli dəstələr dövlət qurumlarının binalarına hücum edərək onları ələ keçiriblər.

Özlərini "səfərbərlik edən könüllülər" adlandıran şəxslər ələ keçirdikləri binalarda möhkəmlənirlər.
 

Milli.Az UNN-a istinadən bildirir ki, Xarkov şəhərində vilayət administrasiyasının, Luqanskda Ukrayna Təhlükəsizlik Xidmətinin binaları Rusiyaya meylli şəxslərin əlindədir.

Donetsk şəhərində bir sıra dövlət qurumlarının binalarına da "könüllülər" hücum ediblər. Əllərində Rusiya bayrağı tutmuş bu şəxslər "Stepan Banderaya ölüm!", "Rusiya, Rusiya!", "Rusiyaya birləşmək istəyirik!" qışqırırlar.
 

Onlar Ukraynanın federallaşması, habelə ölkənin cənub-şərq vilayətlərinin Rusiyaya birləşməsi ilə bağlı referendumun keçirilməsini tələb edirlər.

Ukraynanın hakimiyyət dairələri şərq bölgələrindəki qiyama çox sərt reaksiya veriblər.

UDAR partiyasının lideri Vitali Kliçko ölkənin hüquq-mühafihə orqanlarından və Təhlükəsizlik Xidmətindən "situasiyanın alovlanmasına imkan verməmək üçün gərəkli bütün addımların atılmasını" tələb edib.
 

Ukraynanın cənub-şərq vilayətlərində mitinqlər və dövlət binalarına hücumlar keçirənlər isə "xalq mer"lərinin azad olunmasını, referendum keçirilməsini istəyirlər.

Bu gün Donetskdə başlamış aksiyada regionun statusu ilə bağlı referendumun keçiriləcəyi vaxt müəyyənləşəcək.

Bir qədər əvvəl, daha konkret olsaq, 40 dəqiqə öncə Donetsk Vilayət Xalq Deputatları Şurasının buraxıldığı elan olunub.
 

Xarkov şəhərində vilayət administrasiyasının binası Rusiyaya meylli könüllülərin əlindədir. Onlar əvvəllər Sevastopol şəhərindəki "xalq mitinq"lərində oxunmuş mahnıları ifa edirlər. Şəhərdəki inzibati binaların əksəriyyətindən Ukrayna bayraqları çıxarılıb.

Şayiələrə görə, Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç artıq Donetskdədir. Lakin Ukrayna Təhlükəsizlik Xidməti bu informasiyanı təkzib edib.
 

Xarkov, Luqansk, Donetsk və s. şəhərlərdə bölgənin Rusiyaya birləşdirilməsini tələb edənlər barrikadalar qurur, Ukrayna milisinə hücum edirlər.

Xarkovda çadır şəhərciyi də yaradılıb.
 

Ukraynanın DİN başçısı Arsen Avakov iğtişaşlar və qiyama qarşı "qan tökülmədən" mübarizə aparmaq fikrində olduqlarını deyib.
 

Nazir Facebook-dakı profilində yazıb: "Ruslar ölkədəki vəziyyəti gərginləşdirirlər. Putinlə Yanukoviç ölkənin şərqində - Luqansk, Donetsk, Xarkovda iğtişaşları sifariş verərək təşkil ediblər. Qiyamçılar çox deyil, amma aqressivlik həddən ziyadədir. Aksiya iştirakçıları qarşıdurmanın qan və qurbanlar mərhələsinə keçməsini istəyirlər. Bu adamlar arasında pul dalınca gələnlər, aldananlar çoxdur. Muzdlu marginalların axınının qarşısını alacağıq".
 

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili isə bildirib ki, əgər qiyamçılar ələ keçirdikləri dövlət binalarını 48 saat saxlaya bilsələr, Rusiya ordusunu Ukraynanın cənub-şərq bölgələrinə yeridəcək.
 

"Eyni ssenari də Krımda olmuşdu. Əvvəlcə mitinqlər, sonra işğal və qoşunların yeridilməsi. Hər şey o qədər primitivdir ki, Ukraynanın hakimiyyət dairələri olayları əvvəlcədən təxminləyə bilərlər. İndi əsas məsələ Ukraynanın şərq bölgələrini, şərq sərhədlərini qorumaqdır. Digər önəmli məsələ həmin bölgələrdəki hərbi hissələrin bəzi komandirlərinin Kiyevə tabe olmamaq barədə çıxışlarının qarşısının alınmasıdır. Rusiyanın Baş Kəşfiyyat İdarəsi belə ssenari hazırlayıb", - M.Saakaşvili Facebook-da yazıb.

Bu arada özünü "Ukraynanın Cənub-Şərqinin Birləşmiş Ordusu" adlanan qurum bəyanat yayaraq bildirib: "Yerli sakinlərə üz tuturuq! Əgər tələblərimiz yerinə yetirilməsə, Kiyevdəki hakimiyyətlə aşkar qarşıdurmaya başlayacağıq. Burada hər şey nəzarətimizdədir. Son sutka ərzində ordumuz xeyli böyüyüb. Ehtiyac varsa, Donetsk şəhərinə əlavə dəstələr göndərməyə hazırıq. Lakin bizə xalq dəstəyi gərəkdir. Dur ayağa, Cənub-Şərq!"
 

Milli.Az

---------
17:15

Böyütmək üçün şəkillərə klikləyin.




-----------
15:02




-----------
14:43
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.