Seriallar

Serial ulduzları nə qədər qazanırlar? - REYTİNQ

12 Mart 2014 09:44
3 Şərh     Baxış: 6 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor bir bölümdən 28 min manat, telekanal isə milyonlar qazanır

Hamı bir tərəfdə serial çəkir. Dünyanın dörd bir yanında adına "sabun köpüyü" deyilən seriallar üçün milyonlar əziyyət çəkir və bu işə görə milyardlar qazanılır. Çoxları üçün evdar qadınların əyləncəsi, bəziləri üçün kinematoqrafiyanın daha bəsit versiyasıdır bu. Amma həyatımızın bir hissəsinə çevrilməyi bacarıb. Bəziləri həftənin günlərini "həmin gün kinom var" deyib "bron" etdirir, növbəti bölümdə nə olacağının həyəcanı ilə həftəsini keçirir.

İndi isə Azərbaycan izləyicisi üçün xeyli seçim var. Həm yerli telekanallarda, həm də Türkiyə kanallarında xeyli sayda serial yayımlanır. Ölkə başçısının serialların çəkilişi üçün ayırdığı vəsait hissə-hissə televiziya kanallarına ödənilir. Təkcə 2013-cü ildə Şuranın verdiyi vəsaitlər hesabına 15-dən çox serial çəkilib.

Amma bu, ölkədə serial industriyasının inkişafı üçün yetərli deyil.

Ötən gün Türkiyənin "Sabah" qəzetində Türkiyədəki seriallar, onların telekanallara, aktyor-aktrisa heyətinə qazandırdığı milyonlar barədə maraqlı bir material dərc edilmişdi. "Yeni Müsavat" onun əsasında qonşu ölkənin serial bazarı barədə bilinməyənləri sizin diqqətinizə çatdırır.

Serial sektoru barədə bilmədiklərimiz


Hər seriyaya görə 28 min manat qazanan aktyorlar

Öncə aktyor-aktrisa heyətinin qonorarı barədə.

1. "Lalə Devri" serialı ilə məşhurlaşan Serenay Sarıkaya hazırda rol aldığı "Medcezir" serialına başlayanda hər seriyaya görə 15 min lira (6-7 min AZN) alıb. Amma daha sonra maaşına 10 min lira (4 min AZN) əlavə etdirən S.Sarıkaya hazırda hər seriyaya görə 25 min lira (11-12 min AZN) qazanır.

2. "Aşk-ı Memnu" serialı ilə ulduzu parıldayan Kıvanç Tatlıtuğ isə yeni dizisi ilə ayda 260 min lira (120 min AZN) qazanacaq. Bu da Türkiyə miqyasında bir aktyora ödənən ən yüksək məbləğ sayılır.

3. Kənan İmirzalıoğlu hər seriyaya görə 60 min TL (28 min AZN) qazanır.

4. Tuba Büyüküstünün tarifi də K.İmirzalıoğlu ilə eynidir - 60 min TL.

5. "Möhtəşəm yüzil"in sultanı Halit Ergenc daha öncəki seriallarda hər bölümə görə 35 min lira (15 min AZN) qazanırdı. Amma "Möhtəşəm yüzil"in populyarlığı ona başlanğıcda hər bölümə görə 45 min lira (21 min AZN), hazırda isə 60 min lira (28 min AZN) qazandırır.

6. "Qurdlar Vadisi"nin Necati Şaşmazı hər bölümə görə 60 min lira (28 min AZN) qazananlardandır.

7. Məşhur "Şehrazat", H.Ergencin həyat yoldaşı Bərgüzar Korelin tarifi isə nisbətən aşağıdır - hər bölümə görə 55 min TL (20 min AZN).

8. "Aşk-ı Məmnu" ilə şöhrətin zirvəsini bir daha fəth edən Beren Saat hazırda bir seriyaya görə 60 min TL (28 min AZN) qazanır.

Serial sektoru 130 min nəfəri əhatə edir.

Serialların çəkilişi konkret bir film şirkəti tərəfindən həyata keçirilir. Onlar serialın ssenarisini, baş rol ifaçılarını və sair detalları kanala proyekt olaraq təqdim edirlər. Kanal rəhbərliyi serialın bəyəniləcəyini düşünürsə, razılaşır və beləcə yayım dönəmində həmin serialın da yaşam haqqı yaranır. Türkiyədə bir serial kanala 170-200 min manata başa gəlir. Bir serialın yaradıcı və texniki heyətinin sayı 130 nəfərə yaxın olur. Türkiyə seriallarında ən çox pul baş rol ifaçısına sərf olunur. Bu haqda bir qədər sonra. Amma serialın bütün maliyyəsinin 25 faizi aktyor və aktrisalara ayrılır. Telekanal bir serialın uğurlu olub-olmamasını 4-6 seriyada anlayır. 10-cu seriyadan sonra isə serial öz xərclərini qarşılamış olur.

Türkiyədə serial yayımı zamanı, yəni fasilələrdə nəzərdə tutulan reklam məbləği isə 3 milyard dollara çatıb. Film şirkətlərində belə təəssürat var ki, əslində seriallar tamaşaçının izləməsi üçün yox, reklamların izlənməsi üçün çəkilir. Amma maraqlıdır ki, bir Türkiyə serialının xarici kanalda izlənməsi o qədər də baha başa gəlmir. Yəni bu serialın bir bölümü üçün şirkətə cəmi 10 min dollar ödənilir.

Seriallar vaxtilə 60 dəqiqə, reklamlar isə 15 dəqiqə imiş. Sonradan daha çox reytinq qazanmaq üçün 80 dəqiqəyə çıxdı seriallar, nəticədə isə insanlar 100 dəqiqə ərzində bir seriala məhkum olundular. Bundan isə daha çox qazancı telekanallar götürdü. Telekanallar 80 dəqiqəlik bir serialın arasına təxminən yarım saatlıq bir reklam sıxışdırır. Bundan isə hər serial 170-400 min manat reklam gəliri əldə edir. Kanalların reklam tarifləri bir-birindən fərqli olsa da, buna daha çox reytinq göstəriciləri qərar verir. Vacib bir detalı qeyd etmək lazımdır ki, Türkiyədə dizi sektoru hazırda 130 min nəfəri işlə təmin edir. Həftə ərzində yerli serial sektorunda 10 milyon manat həcmində pul dövriyyə edir.

Serial evinin bir günlük kirayəsi 750 dollardır.

İmkanlı, gəlirli firmaların da əsas hədəfi seriallar, daha doğrusu, onlara sponsorluq etmə istəyidir. Təkcə bir serialda loqosunu yayımlatmaq üçün müraciət edən firmaların sayı 30-dan artıqdır. Amma sponsorluq etmək istəyənlər daha böyük pullar ödəməlidir. Sponsorluq üçün firmaların ödədiyi məbləğ 17-25 min dollar arasındadır. Amma serial populyarlıq qazanan andan etibarən firmalar bu sponsorluq üçün daha böyük məbləğ ödəyirlər. Maraqlıdır ki, belə bir sponsorluğun altına girənlər pullarını beşqat artıq geri qazanırlar. Məsələn, bir müddət öncə, Kanal D-nin efirində yayımlanan "Min bir gecə"nin sponsoru Koçak Gold serial sayəsində bilərzik satışlarını 30 faiz artırmışdı.

Firma yetkilisi serialın hər seriyasına sponsorluq üçün 25 min manat ödəsə də, bunun əvəzində yaxşı qazandığını da etiraf edib.

Serialın çəkilməsi üçün evini, villasını kirayə verənlər də bu sahədə çox qazananlardır. Araşdırmamız nəticəsində məlum oldu ki, ortabab bir həyət evinin təkcə bir günlük kirayəsi 750 dollardan başlayır. Bir serialın təxminən 6 ay davam etməsi şəraitində ev sahibinin də buradan yaxşı qazanacağı sirr deyil. Bəzən bu yüksək qiymətlər ucbatından serial rejissorları maket ev, yəni studiya-evlərə üstünlük verir. Bu halda nə evə görə çox pul ödəmək zorunda qalırlar, nə də evə dəyən ziyana görə başları ağrıyır. Maşın kirayəsi də serialların pul qazandırdığı sahələrdəndir. Türkiyə seriallarında gördüyümüz bahalı, şıq maşınlar üçün də kirayə maşın bazarı canlanır. Burada da bir günlük maşın qiyməti 50-200 manat arasında dəyişir. Filmdə bir neçə maşından istifadə olunduğunu nəzərə alanda bu, heç də kiçik məbləğ deyil. Bəzən film çəkən şirkətlər qənaət məqsədilə aktyorların və ya yaradıcı heyətdəki digərlərinin maşınlarından istifadə edirlər. Amma bu, çox geniş yayılmış hal deyil.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.