Cəmiyyət

Azərbaycanda hər kəs öz avtomobili üçün nömrə seçə biləcək

29 Oktyabr 2011 13:09
1 Şərh     Baxış: 2 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Trend-in məlumatına görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər ediləcək. Dəyişiklikdə qeyd olunub ki, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanı yaradılmalıdır.

Digər bir dəyişikliyə görə, bununla bağlı dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar Baş Dövlət Yol Polisi İdarəsinin internet səhifəsində yerləşdiriləcək.

Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılacaq.

Azərbaycan ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılacaq.

Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə "Yol hərəkəti haqqında" qanunun 29-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş qaydada verilir.

Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu qanunun 29-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.

"Yol hərəkəti haqqında" qanunun 29-cu maddəsinin 2-ci hissəsində deyilir:

Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda rayon, şəhər yol polis qurumları tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

"Dövlət rüsumu haqqında" qanuna dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyası üzrə tariflər müəyyən olunub.

Belə ki, nömrə nişanı 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödəniləcək.

Nömrə nişanları 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 rəqəmlərindən və müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərf olduqda isə 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmlər ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat dövlət rüsumu nəzərdə tutulur.

Digər dövlət qeydiyyat nişanlarının verilməsinə görə 18 manat məbləğində rüsum nəzərdə tutulub.

Qeyd olunan qanun layihələri parlamentin müzakirəsinə təqdim olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.