Cəmiyyət

"Cəzalandırma əməliyyatı" yaxşı heç nə vəd etmir

29 Noyabr 2015 12:07
Baxış: 2 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün, əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçibdir. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq.

İlham ƏLİYEV

Azərbaycan dövləti praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət xətti yürüdür. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. Təcrübə sübut edir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər.

Təəssüflər olsun ki, son dövrdə "güclünün hüququ", "yumruq hüququ" kimi yeni anlayışlar əxz etmiş beynəlxalq hüquq nəinki milli hüquqların qibtə etməyəcəyi səviyyəyə enmiş, həm də beynəlxalq hüququn "gərəksizləşməsi", habelə güclü dövlətlərin beynəlxalq maraqlarının təminatı "vasitəsi"nə çevrilməsi prosesləri güclənmişdir. Beynəlxalq hüququn "gərəksizləşməsi" prosesi güclü dövlətlərə hüdudsuz "fəaliyyət azadlığı" verir ki, bu da müxtəlif ölkələrin işğalı və dövlətlərin beynəlxalq hüquqlarının pozulması ilə nəticələnən halları kütləviləşdirir. Bu kimi faktlarla son vaxtlar daha çox qarşılaşırıq. Beynəlxalq hüquq normalarına məhəl qoymadan güclü bir dövlətin digərinin ərazisinə soxulması, işğal etməsi, "lazım gələndə" beynəlxalq təşkilatların, hətta BMT-nin belə müvafiq qərarlarının qəbul edilməsini gözləmədən "cəzalandırma əməliyyatı"na başlaması bəşəriyyətə yaxşı heç nə vəd etmir.

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra "əl-Qaidə" təşkilatını və "Taliban" rejimini Amerikaya hücumda təqsirləndirən rəsmi Vaşinqton 2001-ci il oktyabrın 7-də Əfqanıstanda müharibəyə başladı. BMT-dən heç bir icazə almadan, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarını gözləmədən hərbi əməliyyatlar keçirdi. Bundan əvvəl İraqla müharibəyə başlayan ABŞ yenə də BMT-nin mövqeyinə məhəl qoymamışdı. Bu gün İraq və Suriya kimi dövlətlər "İraq və Şam İslam Dövləti" (İŞİD) adlı terrorçu qruplaşmanın zülmündən əziyyət çəkir. Terrorçuların fəaliyyəti hər iki ölkəni daha böyük problemlərə düçar etməklə yanaşı, Türkiyə və digər dövlətlərə də təhdidlər yaradır. Suriyada və İraqda özlərini "İraq və Şam İslam Dövləti" adlandıran terrorçu qruplaşmaya qarşı əməliyyat genişlənir. Rusiyanın da Suriyada hərbi əməliyyatlara qoşulması və son günlər baş verən proseslər situasiyanı daha da mürəkkəbləşdirib.

Bu yaxınlarda Parisdə baş verən terror hadisəsindən dərhal sonra Avropa dövlətləri böyük əndişə içərisində genişmiqyaslı təhlükəsizlik tədbirlərini həyata keçirməyə başladılar. İngiltərə, Belçika, Almaniyada terrorçuluqda şübhəli bilinən xeyli sayda insan həbs edildi, Fransada isə Şimali Afrika və Yaxın Şərq ölkələrindən olan məcburi köçkünlərin çadır düşərgəsi müəmmalı şəkildə yandırıldı. ABŞ Dövlət Departamentinin qlobal terror təhlükəsi ilə bağlı yaydığı məlumatda isə bildirildi ki, böyük ehtimalla terror təşkilatları ABŞ-a, onun Avropadan olan müttəfiqləri və koalisiya üzvlərinə qarşı əks-hücum təşkil edəcək.

Terror təhlükəsinə qarşı dünyanın supergüclərinin təlaşa düşməsi bir daha sübut edir ki, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, heç bir dövlət terrorizmin törədə biləcəyi vəhşiliklərdən sığortalanmayıb. Müasir dövrdə terrorizm dinc yaşamağın başlıca təhlükəsinə çevrilməklə bütövlükdə insan hüquqları sisteminə, sivilizasiyaya ciddi və qlobal təhdiddir. Təəssüflər olsun ki, Azərbaycan xalqı uzun tarixi zamandan bəri erməni terroruna məruz qalsa da, dünyanın supergücləri terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistana qarşı konkret addım atmayıblar. Əksinə, təcavüzkar dövləti himayə etməklə onların cinayətkar əməllərini ört-basdır etməyə çalışırlar.

ABŞ, eləcə də digər Qərb ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı görünmürlər. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamədə erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb. Amma buna baxmayaraq, təşkilat Azərbaycanla bağlı qətnamələrini icra etmir. Bunun səbəblərindən biri də odur ki, təşkilatın beş daimi üzvü hərbi gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən tamamilə öz geosiyasi maraqlarından çıxış edir. Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi, təəssüf ki, etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, Qoşulmama Hərəkatı, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir. Əlbəttə ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili standartlarla üzləşirik. İkili standartlar bu gün reallıqdır. 
Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin birinci iclasında bildirib: "Bu gün, əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçibdir. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq. Biz ölkəmizi gücləndiririk. Uzun illər iqtisadi islahatlarla, - burada digər amillər də rol oynayır, - hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq. Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz daha da artmalıdır.
Əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasaydı, bu məsələ çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi. Əlbəttə, bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin hökumətlərinə də təsir göstərir. Bax bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi. Yenə də deyirəm, Azərbaycan öz yolu ilə gedəcək. Heç bir ölkə qondarma Dağlıq Qarabağ qurumunu tanımır, tanımayacaqdır. Biz buna heç vaxt imkan verməyəcəyik, öz diplomatik, siyasi səylərimizi gücləndirəcəyik".

Azərbaycan üçün işğal altında olan ərazilər üzərində nəzarətin bərpa edilməsi milli təhlükəsizlik məsələsidir. Azərbaycan dövləti milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Ölkə başçısı Azərbaycanın müstəqil dövlət kimi uğurlu siyasət apardığını dəfələrlə bəyan edib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

"Azərbaycan" qəzeti

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.