Cəmiyyət

Keşlə qəbiristanlığı köçürülür - FOTO

25 Noyabr 2014 16:00
2 Şərh     Baxış: 5 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məzarlıq "Ağ şəhər" layihəsi çərçivəsində plana düşüb; Xırdalandakı qəbiristanlığın da yaxın zamanlarda köçürüləcəyi xəbərləri yayılıb; 100 minlərlə ailənin həssas yeri olan bu prosesə insanların sakit yanaşacağı inandırıcı görünmür

Bakıda daha bir qəbiristanlıq köçürülmək ərəfəsindədir. Hər kəsin Keşlə qəbiristanlığı kimi tanıdı məzarlıqdakı qəbirlərin yaxın vaxtlarda köçürülməsi planlaşdırılır. Musavat.com-a verilən məlumata görə, yaxın bir-neçə il ərazində ərazidə olan bütün qəbirlər başqa bir yerə köçürüləcək.

Aldığımız məlumatı dəqiqləşdirmək üçün Keşlə qəbiristanlığına yola düşdük. Bizi ilk qarşılayan ərazinin mühafizəçisi oldu. Həmin şəxs də təsdiqlədi ki, yaxın illərdə qəbiristanlığı köçürəcəklər: "Bizə də deyiblər ki, köçürülmə olacaq. Səbəb kimi də buradan yolun keçəcəyini göstəriblər. "Ağ şəhər" layihəsinə düşdüyü üçün bura da söküləcək".

- Qəbirləri haraya köçürəcəklər?

- Yəqin ki, şəhərdən kənara. Çünki Yasamalda da belə olmuşdu. Ümumiyyətlə qəbiristanlıqları şəhərdən kənara köçürmə prosesi gedir.

- Dəqiq yer demirlər?

- Xeyir, bir söz deməyiblər. Dəqiq olan budur ki, qəbiristanlığı köçürəcəklər.

Keşlə qəbiristanlığında mollalıq edən şəxslə də söhbətləşdik. Adının gizli saxlanılmasını istəyən mollanın sözlərinə görə, onun bu köçürülmədən xəbəri yoxdur: "Mən bu xəbəri ilk sizdən eşidirəm. Amma elə bir şey olsa, bu, yaxşı qarşılanmayacaq. Çünki burada azı 100 min qəbir var. Onların yaxınları, qohumları nə deyər? Heç kim köçürülməyə razı olmaz. Bu dini baxımdan da yaxşı qarşılanmır. Bundan əlavə, köçürülmə zamanı kim təminat verə bilər ki, ölülərin qalıqları zərər görməyəcək?! Üstəlik məzar daşlarına qoyulan xərclər də var. Bəziləri məzar daşları üçün 1000, 2000, 5000 və hətta 100 min manat pul xərcləyirlər. Onların xərcini kim ödəyəcək? Yəqin ki, ödənər. Belə bir qərar verilibsə, hər şey nəzərə alınmalıdır".

Mollanın bu sözləri bizim də diqqətimizi çəkdi. Qəbiristanlıqda olan məzarların böyük hissəsi yeni məzarlar idi. Onlar da mərmər daşlarla hazırlanıb, ətrafları hasarlanıb. Bir sözlə, məzarlıqda xeyli dəbdəbəli qəbirlər var. Qəbiristanlıq köçürülən zaman bunlar nəzərə alınacaqmı?

Ərazidə olarkən bir neçə maraqlı məlumatlar əldə etdik. Qəbiristanlıqda bəzi deputatların, məmurların da yaxınlarının məzarları var. Hansı ki, həmin məzarlıqların ərazisi 1 sotdan da çoxdur. Həmin qəbirlər üçün külli miqdarda pullar xərclənib.

Çəkilişdə olduğumuz zaman təsadüfən bir nəfər öz yaxınının məzarı başına gəldi. Dua oxutdurub, təmizlik işləri apardı. Qəbiristanlığın köçürüləcəyi ilə bağlı söhbətimizi eşidər-eşitməz bizə yaxınlaşdı: "Qəbiristanlığın köçürülməsi yaxşıdır. Ətrafa fikir verin. Qəbirlərin hamısı sıx-sıxdır. Bəzi adamlar öz yaxınlarının məzarını ziyarət etmək üçün yol tapmır. Baş daşlarının qiymətləri minlərlə manatdır. Baş daşlarına xərclədikləri pulları, sağ olan zamanlarda həmin adama xərcləsəydilər, bəlkə hələ də sağ idi. Öləndən sonra bu dəm-dəstgah kimə lazımdır? Hamısı göstəriş üçündür.

Mənim anam rəhmətə gedib. Sadəcə, baş daşı qoydurmuşam. Avropa ölkələrində bütün qəbirlər standartdır. Adlardan başqa heç bir fərq yoxdur. Bizdə isə baş daşları və onun ətrafının hasarlanması üçün milyonlar xərclənir. Heç kim istəməz ki, yaxın insanının məzarı açılsın. Amma belə qərar verilibsə, ediləcək bir şey yoxdur".

Məsələnin dini tərəfdən necə qarşılandığını öyrənmək üçün dini ekspert Kənan Rövşənoğlu ilə danışdıq: "Dini baxımdan belə bir qadağa yoxdur. Əgər bu köçürülmə vacibdirsə, köçürülə bilər. Amma insanlar öz yaxınlarının məzarının açılmasını, köçürülməsini istəmirlər. Bunu yaxşı qarşılamırlar".

Qeyd edək ki, bu zamana qədər bir neçə qəbiristanlıq Bakı ətrafı ərazilərə köçürülüb. Nərimanov rayonu ərazisindəki beynəlmiləl qəbiristanlığı, Yasamal qəbiristanlığı, xristian qəbiristanlığı və bir neçə başqa məzarlıqlar da bu cür köçürülüb.

Başqa bir mənbədən əldə etdiyimiz xəbərdə isə bildirilir ki, yaxın illərdə Xırdalan qəbiristanlığı da köçürülə bilər. Artıq Bakı o qədər böyüyür ki, bu cür kütləvi məzarlıqlar paytaxtdakı yenidənqurma işlərinə mane olur. Lakin 100 minlərlə qəbirin sahiblərinin bu prosesə necə təpki verəcək, bax bunu indidən demək çətindir.

Mövzunu davam etdirəcəyik.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.