Cəmiyyət

Həyatı düzgün yaşamaq resepti

19 Sentyabr 2014 11:24
5 Şərh     Baxış: 11 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

İnsan həyatının ən ciddi məsələlərindən biri budur ki, onun gərək yaşayışına, baş verənlərə bəsirəti, baxış əhatəsi olsun. Əgər bu olmasa insan çox dar, məhdud, qapalı mövcudiyyətdə olar. Hər durum, vəziyyət, hal üçün çıxış yolları axtarar. Bəzən o çıxış yolları da öz-özlüyündə insana doğru-dürüst görünə bilər. Lakin diqqət edəndə anlayar ki, əslində çox yanlış, səhv yanaşma sərgiləmişdir.

Bu, həyatın hər bir sahəsinə - istər mənəvi-ibadi məsələlərə, istər fərdi mükəlləfiyyətlə bağlı işlərə, istər iqtisadi məsələlərə, istərsə də ictimai həyata aid məsələlərə aiddir. İnsanın mövcudiyyətinə və həyatına baxışı bu cür olmasa ki, bir neçə il yaşayıb, sonra bu dünya ilə vidalaşır, onun bütün həyata bəsirətli baxışı da olmaz. Yəni bu dünyanın müvəqqəti mahiyyətini qavramayan, diqqətdə saxlamayan insan, özündə həyata düzgün baxış formalaşdıra bilməyəcək, öz həyati prioritetlərini düzgün müəyyən etməkdən məhrum olacaqdır.

Dünyani doğru yaşamaq bəsirətlilikdən keçir

İnsan öz həyatının bir neçə onillikdən ibarət olduğunu nəzərə alsa, çox şeylərə əhatəli baxa biləcək. Bizim bütün çətinliklərimizin kökündə dayanan budur ki, bu baxışı unuduruq. Nəticədə mükəlləfiyyətimizi bəzən dərk edə bilmirik. Bütün bəşəriyyət bu dünyaya bir gün gəlir və bir gün yetişir ki, həyata əlvida deməli olur. Hər gün nə qədər insan dünyasını dəyişir və nə qədər insan dünyaya gəlir. Hər an, hər dəqiqə bu mütəmadi, təkrar-təkrar baş verir.

Bir də görürsən ki, insan elə bir şeyləri özü üçün bu dünyada dərd edir ki, növbəti on ili üçün o dərdlər gülməli gəlir. On yaşında uşağın özünə dərd etdiklərinə insan iyirmi yaşında güləcək. Amma insanın ümumi baxışı olsa, çox məsələləri bəri başdan qaydasına qoyar. Dediyimiz kimi, bəsirətlilik həyatın bütün sahələrinə aiddir. İnsanlar qırx-əlli yaşında olarkən ailə həyatında başa düşdüklərini iyirmi-otuz yaşında başa düşsəydilər və ya ümumi baxışa sahib olsaydılar, sözsüz ki, daha fərqli həyat tərzləri olardı.

İnsan hər bir məsələyə ümumi deyil, ayrı-ayrılıqda yanaşsa, elə zənn edər ki, olduğu vəziyyət - ən prioritet məsələsidir. Misal üçün, bir insan ağrı hiss edərkən, elə zənn edir ki, dünyada yeganə aktual məsələ - onun ağrısıdır. Bu, bir çox insanlara tanış olan haldır.

Toxunulan mövzu təkcə fərdi müstəviyə aid deyildir. İctimai həyatda da bütün məsələlərə ayrı-ayrılıqda baxılması zərərlidir. Bir il, beş il, on il çərçivəsində bəzən doğru görsənən şeylərin daha çox müddət üçün yanlış olduğu üzə çıxır. Bir ay ərzində düz görsənən məsələlərin beş ay ərzində yanlışlığı ortalığa çıxa bilər. Həqiqət budur ki, hər bir insanın Allah qarşısında öhdəlikləri var. İnsan onları anlasa, həyatına bəsirətli yanaşar. İnsan Yaradan qarşısında missiyasını dərk etsə, tamamilə fərqli həyat yaşayar. Insanın bəsirətli həyat yaşaması - həyatını ümumilikdə düzgün yaşamasının universal reseptidir.

Bütün dünya qəmləri bəsirətsizlikdən qaynaqlanır

Həzrət Əmirəlmöminin (ə) buyurur: "Bəsirətli - eşidərək düşünən, baxaraq görən, ibrətlərdən bəhrələnən, sonra aydın yolları qət edən və beləliklə uçurumlara düşməkdən çəkinən şəxsdir". Həzrət (ə) bizlərə bəsirətli insanın formulunu göstərir. Hər kəs eşidir, amma çoxları düşünmür. Hamı baxır, amma adamların çoxu görmür. Hər kəs cürbəcür hadisələrlə qarşılaşır, amma əksəriyyət onlardan ibrət götürmür. Bəsirətli insanın o qədər dərin üfüqləri görmək bacarığı var ki, bilir ki, qarşıda uçurumlar var. Anlayır ki, uçuruma düşsə, məhv olacaq. Ona görə də büdrəyən kimi qalxır və hər şey edir ki, ora düşməsin. Anlaya bilir ki, müvəqqəti qəflətlər insanı uçuruma aparar. Bunun rahat həlli isə ölümü xatırlamaqdan keçir. Bu an ölsə, nə baş verəcək? Nələr onu darıxdıracaq, nələr onu düşündürəcək, içərisindəkilərdən nələr narahatlıq meydana çıxaracaq? Ölümü yada salmaq bütün həyatı qaydasına salır. Bunu təsəvvür etmək, insana bəsirətli dünyagörüşünü verir.

Bütün pessimistliklərin, dünyəvi qəmlənmələrin də dərmanı - bəsirətlilikdir. Bütün dərdlərin çarəsi - geniş baxışa sahib olmaqdadır. Çünki, insan geniş baxmayanda, üfüqləri görməyəndə, hər şeyə bu saniyə ilə yanaşanda, düşünür ki, bu nə həyatdır yaşayır?! Həyatını bütöv görəndə və əhatəli baxanda, başa düşür ki, hər şey bu saniyə ilə müəyyən edilmir. Yalançı xoşhaledici şeylərə də aldanmır. Əksinə, gerçək imtahanların fərqinə vara bilir.

Bizlər çox şeyi eşidirik, çox şeyləri dilimizə gətirik. Gündəlik namazlarımızda dəfələrlə "Yalnız Sənə ibadət edirik, yalnız Səndən yardım istəyirik" deyirik. Amma bunun barədə düşünürükmü? Ümumiyyətlə yalnız Ondanmı istəyirik? Hər gün külli miqdarda ibrət götürülməli məsələlərlə qarşılaşırıq. Onların neçə faizindən ibrət götürürük? Həyatımızda aydın yolları kənara qoyub, mürəkkəb yolları getməyə üstünlük veririk.

Bəsirətli insan o kəsdir ki, uçurumlu yollardan çəkinir. Yəni əhatəli baxış ona imkan verir ki, yolunun üstündəki uçurumları görsün və bu reallığı nəzərə alaraq, həyat yolunu addımlasın.

Ən bəsirətli insan kimdir?

Həzrət Əmirəlmöminin (ə) insanların ən bəsirətlisinin kim olduğunu açıqlayır: "İnsanların ən bəsirətlisi - öz eyblərini görən və öz günahlarından əl çəkən şəxsdir". Bəsirətli insanın tam baxış əhatəsi var, ona görə də eyblərini görə bilir. Görə bilir ki, çox danışandır, qeybətə meyllidir, günaha meyllidir və s. Bəsirətli insan diqqət edər ki, namazlarına münasibəti necədir. İnsan gərək özünü təftiş etsin, nəzarətdən keçirsin. Bəsən insan düşünür ki, ən ideal vəziyyətdədir, heç bir eybi, qüsuru yoxdur. Bu insanın qətiyyən bəsirəti yoxdur. Bəsirəti olan insan öz durumundan xəcalət çəkər. Necə ki, mütəxəssis, ixtisası olan məsələyə baxanda bütün eybləri görə bilir, eləcə də bəsirəti olan insan öz eyblərini görə bilər. Bizim dünya məsələlərində müəyyən baxışımız var. Amma özümüzə tam, əhatəli baxa bilmirik.

Bəsirətli insanın vəziyyəti elə bir həddə çatar ki, özünü düşünməyi kənara qoyar. Anlayar ki, özü ilə bağlı olan məsələlər nəhayətdə bu dünyada qalacaq. Ancaq digər insanlarla bağlı gördüyü işlər, insanlara etdiyi yaxşılıqlar onun bu dünyada olub-olmamasından asılı olmayaraq, heç bir zaman bu dünyadan getmir. Bundan əlavə həmin etdiyi yaxşılıqların mükafatı da Qiyamətdə ona çatır. Əziz İslam Peyğəmbəri (s) buyurur: "Hər kim mömini şad edər - məni şad etmişdir. Hər kim məni şad edər - Allahı şad etmişdir". Biz hamımız iddialıyıq ki, əziz Rəsulullahı (s) şad edək. Peyğəmbərimizi (s) şad etməyin yolu - möminləri sevindirməkdən keçir. İnsanın daxilinin vəziyyəti çox mühümdür. Bir var ki, insan elə yaşamaq istəyir ki, digər insanlar onun rəftarlarından xoşhal olsun, problemləri aradan getsin, insanların dərdlərini aradan aparsın. Bir də var ki, insan başqalarının problemlərinə, çətinliklərinə sevinir. Belə insan - daxili çürümüş vəziyyətdə olan insandır. Əgər insan bir mömini şadlandırsa, əziz Peyğəmbərini (s) şadlandırmış olar. Peyğəmbəri (s) şadlandıran insan - Allahı şadlandırıb.

Əslində mahiyyət etibarilə bu, Allah bəyənən xətt üzrə davranmaq deməkdir. Başqasının pisliyini istəmək, başqasının halına şərik olmamaq, başqasına laqeyd olmaq bioloji varlıq olmaqdan o yana bir şey deyil. Normal insan başqalarına şəfqətlə, məhəbbətlə, hörmətlə yanaşar. İndi bəşəriyyətin ən çox ehtiyacı olan məsələ budur. Bəşəriyyətin mehribanlığa, hörmətə, qayğıya ehtiyacı var. Bəşəriyyət indi elə bir vəziyyətdədir ki, hamı bir-biri ilə kobudluq edir, hamı bir-birinə əsəb nümayiş etdirir. Bəşəriyyətin bu gün ən böyük ehtiyacı - məhəbbətə, sayğıyadır. Peyğəmbərimizin (s) də mahiyyətcə bütün öz gözəl əxlaqı ilə bu məsələləri öyrədir.

Təbii ki, söhbət bütün bəşəriyyət üçün təhlükəsi olan, fəsad yiyəsi olan, insanlara zülm edənlərə məhəbbət bəsləməkdər getmir. Belə insanlara münasibət bəllidir. Amma adi insanlara münasibət - sevgi, şəfqət, məhəbbətlə olmalıdır. İnsan bunu edəndə düşünsə ki, Peyğəmbərini (s), Rəbbini sevindirir, bunun mükafatı da daha geniş olar.

Qəlbin tərbiyəsi ilə məşğul olaq

Həzrət Əmirəlmöminin (ə) buyurur: "Həqiqətən bu qəlblər - bədən kimi iztirablı olar. Ona görə də qəlblərinizin şad olması üçün hikmətli, gözəl sözlər axtarın". Necə ki, bədənimizin fiziki hissəsindən muğayat oluruq, qayğısına qalırıq, onun sağlamlığına fikir veririk, xəstələnəndə müalicəsini edirik, davamlı olaraq əzələləri formada saxlayırıq, qəlblərimizlə də gərək məşğul olaq. Çünki qəlblərimizin də durumu bu vəziyyətdədir. Məktəblərdə bədən tərbiyəsi dərsi var, amma qəlb tərbiyəsi dərsi yoxdur. Bədən tərbiyəsi - mühüm, zəruridir. Amma qəlb və ruh tərbiyəsi bundan qat-qat daha önəmlidir. Təəssüflər olsun ki, bəşəriyyətin qəlb tərbiyəsi adında deyəcək bir sözü yoxdur. Bəşəriyyətə uşaqlıqdan bədəninin tərbiyəsi ilə məşğul olmaq öyrədilir. Bədəninin hər bir məsələsinin qaydasında olub-olmamasını nəzarətdə saxlayırlar. Amma biz övladlarımızın qəlbi və ruhi tərbiyəsi ilə məşğul olmuruq. Biz qəlbimizin, ruhiyyəmizin, mənəviyyatımızın tərbiyəsi ilə məşğul olmuruq. Həzrət Əmirəlmöminin (ə) xəstə qəlblərin müalicəsi ilə məşğul olmağın yolunu göstərir. Qəlblərimizin müalicəsi hikmətli gözəl sözlərdədir. Qəblərimizin dərmanı moizələrdə, xütbələrdə, hikmətli sözlərin mütaliəsindədir.

Həzrət Əlinin (ə) nəzərində dünya

Həzrət Əli (ə) buyurur: "Nə deyək o evdən ki, əvvəli çətinlikdir, sonu yoxluqdur. Halalında hesab, haramında cəza vardır. Zəngini fitnəyə, imtahana düçar olar, yoxsulu isə qəmə giriftar olar". Bəsirətli insan dünyaya bu istiqamətdən baxar. Bəsirətlilik ustası olan Həzrət Əmirəlmöminin (ə) dünyanın bu sifətlərini bir daha bizə xatırladır. Dünyaya gəldiyimiz gündən çətinliklər bizi əhatəsinə alır. Bu çətinliklərlə həyatı yaşayırıq və bir də ayılırıq ki, artıq getmək vaxtı gəlib. Bu dünyanın sonu - yoxluqdur. Əgər bu dünyada halal ruzi əldə etsək, onun da Qiyamətdə hesab-kitabı olacaq. Bu dünyada qazanılan haramların isə cəzaları var. İmkanı olan insanlar hər zaman fitnə və imtahanlarla qarşılaşacaq. İmkanı olmayan isə qəmə düçar olacaq. Dünyanın mahiyyəti budur.

Bütün mənəvi xəstəliklərin kökü qəlb tərbiyəsinin olmamasındandır

İnsan öz qəlbinin tərbiyəsi ilə məşğul olmalıdır. Bu gün çox təəssüflər olsun ki, toplumumuzda da yayılan intiharlara meylliliyin səbəbi budur ki, insanlar qəlbinin vəziyyəti ilə, ruhiyyəsi ilə, mənəviyyatı ilə məşğul deyil. İnsan öz Qiyaməti ilə, ölüb-diriləcəyi gün ilə, Məadı ilə məşğul deyil. İnsan bu dünyanı doğru dəyərləndirə bilsə və intiharın yarada biləcəyi faciənin fərqində olsa, heç bir zaman özünü intihara yönəltməz. Yaxşı işlər nümunə yaratdığı kimi, pis işlər də nümunə yaradır. Bəzən bir neçə insan pis işlərə əl atır, toplumda da ona doğru can atmaq yayılır. Bəsirətli, geniş baxışlı insan dünyanın mahiyyətinin elə bu çərçivədə olduğunu dərk edər və bu dünyadan axirətini qazanmaq üçün vasitə kimi istifadə edər. Toplumda buna görə də ruhi, qəlbi tərbiyə olmalıdır. Bu da özümüzə diqqət ayırmaqdan, özümüzün varlığı haqqında, aqibətimiz haqqında düşünməkdən keçir.

Allahım, bizə geniş, əhatəli baxmaq, bəsirətlilik əta et!
Allahım, bizə qəlbimizin durumu ilə məşğul olmaq ləyaqətini nəsib et!
Allahım, bizə dünyanın mahiyyətini dərk etməyi nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.