Cəmiyyət

Kiyevdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevaya həsr edilmiş kitabın təqdimatı olub - FOTO

23 Aprel 2014 23:25
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kiyevdə "Xəstəxanadaxili infeksiyaların aktual problemləri: mikroorqanizmlərin mikroblara qarşı preparatlara rezistentliyi, dezinfeksiya və sterilizasiya" mövzusunda beynəlxalq elmi-praktiki konfransda "İnfeksiya nəzarəti standartları" kitabının təqdimatı olmuşdur.

Kitabın müəllifi həmvətənimiz, tibb elmləri doktoru, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin baş mütəxəssisi, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu yanında Ukraynanın milli əlaqələndiricisi Aydın Salmanovdur.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, konfransın işində Dünya Səhiyyə Təşkilatının, Ukrayna Ali Radasının, Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Milli Tibb Elmləri Akademiyasının, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin nümayəndələri, ABŞ, Kanada, Almaniya, Türkiyə, Belarus və Gürcüstandan gəlmiş aparıcı alimlər iştirak etmişlər. Beynəlxalq konfransın işini milli və beynəlxalq televiziya kanalları, habelə çoxsaylı elektron kütləvi informasiya vasitələri işıqlandırmışdır.

Kitabın "Cərrahiyyədə risklərin idarə edilməsi" adlanan birinci hissəsi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə, habelə kitabın müəllifinin N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı dövrlə (1970-ci illərin sonu 1980-ci illərin əvvəli) bağlı Zərifə xanım Əliyeva haqqında xatirələrinə həsr edilmişdir.

Kitabın ikinci hissəsində müalicə-profilaktika müəssisələrinin işində tətbiq edilmək üçün risk-menecment sisteminin əsas prinsiplərinin formalaşmasına yanaşmalar nəzərdən keçirilir.

Səhiyyə sahəsində risklərin idarə edilməsi ilə bağlı mühüm elmi-praktiki informasiyanın cəmləşdiyi bu kitab hüquqşünaslar, səhiyyə təşkilatçıları və menecerləri, müxtəlif ixtisaslar üzrə həkimlər, əczaçılar, epidemioloqlar, habelə I-IV səviyyəli tibbi profilli ali məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Aydın Salmanov 192 elmi işin, 10 monoqrafiyanın, tibbi ali məktəblərin tələbələri üçün iki dərsliyin və bir tədris vəsaitinin müəllifidir. Bundan əlavə, o, Ukraynanın səhiyyə sahəsində üç qanunun və Ukraynada xəstəxanadaxili infeksiyalara fəal epidemioloji nəzarət milli konsepsiyasının müəllifidir. Ukrayna Nazirlər Kabinetinin fəxri fərmanı və dörd dəfə Ukrayna Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Foto: AzərTAc

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.