Cəmiyyət

Baxdığımız televiziya kanalları üçün ödədiyimiz pullar kimin cibinə gedir? - ARAŞDIRMA

17 Aprel 2014 01:00
3 Şərh     Baxış: 1 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir neçə kabel televiziyaları var və bunların sayı artmaqdadır. Onlar dünyanın müxtəlif telekanallarının pullu nümayişini təklif edirlər. Bu təkliflər nə dərəcədə qanunidir?

Uzağa getməyək, Rusiya və Türkiyədə telekanal paketləri Azərbaycandakı qədər ucuz qiymətə təklif edilmir. Ucuz dedikdə təbii ki, müqayisəli məbləğ nəzərdə tutulur. Əslində isə kabel televiziyalarının tarifləri heç ucuz deyil. Onların işləri nə dərəcədə qanunidir?

Hüquqşünas İradə Cavadova Milli.Az-a açıqlamasında bildirdi ki, kabel televiziyalarının yayımladıqları telekanallarla aralarında saziş olmalıdır. Əgər anlaşma yoxdursa, yayım pirat üsulla həyata keçirilir. Kabel televiziyaların icazəsiz işləməsi də qanunsuzdur. Müqavilələrinin olub-olmamasını bilmək lazımdır.

Hüquqşünas hesab edir ki, bu məsələlərə dövlət strukturları nəzarət etməlidir. Əgər qanunsuz yayım həyata keçirilərsə, onları böyük cərimələr gözləyə bilər.

Milli.Az-ın araşdırdığı məsələyə münasibət bildirən tanınmış media eksperti Zeynal Məmmədli isə bildirdi ki, kabel televiziyaları xidmət sektorudur və onlar insanlar üçün xidmətləri asanlaşdırırlar. Kabel şəbəkələri insanları maraqlandıran kanalları paket şəklində müştərilərə təqdim edə bilirlər.

Ekspertin sözlərinə görə, kabel şəbəkələrində qiymətlərin aşağı düşməsi üçün rəqabət təmin olunmalıdır: "Paketləri Rusiya və Türkiyə ilə müqayisə etsək, kəskin fərq ortaya çıxacaq. Fərq həm proqramların sayında, həm də xidmətdədir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda kabel televiziyalarında inhisarçılıq var. Kabel televiziyalarında yayımlanan kanalların çoxu pulsuz televiziyalardır, amma kabel televiziyaları bunu baha qiymətə satırlar. Tələbat olan paketlər isə çox bahadır".

Z.Məmmədli hesab edir ki, kabel televiziyalarının ödənişli kanallarla anlaşması olmalıdır: "Anlaşma olmayanda Lig TV ilə meydana gəlimiş problem təkrarlana bilər. Lig TV ilə anlaşma olmadan yayımlanırdı, bu məsələ ortaya çıxanda həmin TV kabel şəbəkələrindən çıxarıldı. Digital yayıma keçəndən sonra paketlər məsələsi ciddi gündəmdə olacaq. Söz azadlğı, mətbuat azadlığı, televiziyaların tənzimlənməsi bir yana, kabel televiziyaları da tənzimlənməlidir. Kabel televiziyalarımızın pullu kanallarla anlaşmasının olub-olmamasını bilmək üçün pullu televiziyalara üz tutub Azərbaycanda hansı kabel televiziya ilə anlaşması olub-olmamasını öyrənmək olar".

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Milli.Az-a bildirdi ki, kabel şəbəkələri yayımladıqları telekanalların distribüteri ilə əlaqə yaradırlar. Onlara haqq ödəməklə həmin telekanalları sonradan abunəçilərinə satırlar. Bu, dünyada qəbul olunmuş sivil qaydadır. Şura sədri qeyd etdi ki, Türkiyənin Lig TV kanalı ilə bağlı kabel televiziyalarının problemi vardı. Lig TV sonradan həmin kabel şəbələrindən çıxdı. İndi ayrıca şirkət Lig TV-ni yayımlayır.

Azərbaycanda fəaliyyət göstərən kabel televiziyalarının pullu kannallarla anlaşmalarının olub-olmamasını bilmək üçün həmin televiziyalarla əlaqə saxlayıb, mövzuya qayıdacağıq. Milli.Az-ı izləyin...

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.