Cəmiyyət

Bakıda aktyoru döydülər, nazirlik isə "görüşüb-öpüşüblər" dedi - YENİLƏNİB

9 Aprel 2014 16:43
1 Şərh     Baxış: 1 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün əməkdar artist, "Oda" teatrının aktyoru İlqar Cahangir Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən təhqir və təzyiqə məruz qalması haqda mediaya açıqlama verib


16:43


Milli.Az-ın aznews.az-a istinadən məlumatına görə, aktyor bildirib ki, bu gün saat 11.00 radələrində Bakı Beynəlxalq Avtovağzalında özünü Nəqliyyat Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən bir vətəndaşı döyməsini lentə aldığına görə, hücuma məruz qalıb. Vətəndaşı döyən şəxslər onu təhqir edib, sonra isə onun telefonunu alıb yaddaş kartını çıxarıblar. İ.Cahangir daha sonra onu avtovağzalın ikinci mərtəbəsində oturan rəisin kabinetinə apardıqlarını da deyib.

Daha sonra Nəqliyyat Nazirliyi aktyor İlqar Cahangirin Bakı Şəhər Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən təhqirə məruz qalması ilə bağlı mediada yayılan xəbərə münasibət bildirib.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov aznews.az-a açıqlmasında bildirib ki, İ.Cahangir hadisə ilə bağlı İdarəyə dəvət edilib və bu məsələ araşdırılıb. O vurğulayıb ki, araşdırma nəticəsində bəlli olub ki, Departamentin əməkdaşlarının işi taksi sürücüsü ilə olub. Aktyor isə bura müdaxilə edib: "İlqar Cahangir münaqişəsi yaranan departament işçiləri və ərazi rəhbəri ilə barışdırıldı. Aktyorla özüm də şəxsən görüşdüm. Yekunda bütün narazılıqlar aradan qaldırıldı və onlar öpüşüb-görüşdülər".

Nazirlik rəsmisi əlavə edib ki, buna baxmayaraq, sürücü və aktyoru təhqir edən əməkdaşlardan izahat alınıb və bununla bağlı lazımi tədbir görüləcək: "Müfəttişlərimizi birmənalı şəkildə təlimatlandırmışıq ki, vətəndaşlarla davranış qaydalarına riayət etsinlər. Keçən ilin sonundan bu ilin ötən dövrünə qədər müddətdə davranış qaydalarını pozduğuna görə, 35 nəqliyyat müfəttişi işdən kənarlaşdırılıb".

Taksi sürücüsünün aqibətinə gəldikdə isə Əmrah Cəfərov bildirib ki, sürücü qeyri-qanuni olaraq Siyəzən-Bakı arasında taksi fəaliyyəti ilə məşğuldur: "Sürücü saxlanılaraq barəsində protokol tərtib edilib".

Bu arada isə "Oda" Teatrı əməkdar artist İlqar Cahangirin Nəqliyyat Departamentinin işçiləri tərəfindən hücuma məruz qalması ilə əlaqədar aidiyyəti qurumlara və ölkə prezidenti İlham Əliyevə müraciət edib.

----------
12:39

Dünən Avtovağzal ərazisində özlərini Nəqliyyat departamentinin əməkdaşları kimi təqdim edən iki nəfər mülki şəxs qanunsuz hərəkətlərə yol verib


Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Qafqazinfo"ya hadisənin şahidi olmuş və eyni zamanda da təhqirə məruz qalmış aktyor İlqar Cahangir deyib.

Aktyor bildirib ki, dünən Siyəzən rayon sakini Nazim Qəhrəmanov Avtovağzal ərazisində qanuni dayanacaqda avtomobilini saxlayıb:

"Bu zaman iki nəfər mülki şəxs ona yaxınlaşaraq maşınını burada saxlamaması üçün təkid edib. Sürücü bunun qanuni olduğunu bildirsə də, həmin şəxslər buna məhəl qoymayaraq onu təhqir ediblər. Mən də müfəttişlərin vətəndaşı təhqir etməsinə biganə qala bilmədim, oraya yaxınlaşdım. Hadisəni videoya çəkdim. Bu zaman arxadan kimsə mənim telefonumu götürüb apardı. Məni də deyilməsi mümkün olmayan ağır sözlərlə təhqir etdilər".

İ. Cahangir daha sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşlarını çağırıb: "Dedilər ki, biz Nəqliyyat Departamentinin işlərinə qarışmırıq. Özünüz həll edin. Ara sakitləşdikdən sonra telefonumu versələr də, yaddaş kartını qaytarmayıblar. Mən indi sürücü ilə bərabər Nəqliyyat Departamentinə gedirəm. Məsələni araşdırsınlar. Görək bizə hücum edib təhqir edənlər kimdir. Mən bu işin axırına kimi gedəcəm. Gündüz vaxtı bu mülki şəxslər hansı cürətlə qanunsuz şəkildə vətəndaşa hücum edirlər? Bunu izah etməlidirlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.