Cəmiyyət

Özgə qapısında aş...

9 Aprel 2014 13:23
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, anspress Rusiyadan geri qayıdan yüz minlərlə azərbaycanlının yaradacağı problemlərlə maraqlanıb

Aprel-mart aylarında Bakıda rusiyasayağı brend mallar geyinmiş, amma təmiz kənd şivəsi ilə danışan gənclər və ortayaşlılar çoxalıb. İlk baxışdan dərhal anlamaq olur - bunlar aprelin 1-dən Rusiyada əmək miqrantları üçün yaradılmış çətinliklər üzündən Azərbaycana geri qayıtmış əyalət insanlarıdır. 10-15 il qabaq əyalətlərdən birbaşa Rusiyada getdiklərinə görə, həm paytaxt Bakının dəbindən, həm də son illərdə Azərbaycanda formalaşmış leksik çalardan uzaq qalıblar.

Aprelin əvvəlindən qüvvəyə minən yeni qaydaya görə, Rusiyada əmək lisenziyası olmayan miqrantlar bu ölkədə 3 aydan artıq qala bilməyəcəklər. Ölkəni tərk edən miqrant Rusiyaya bir də 3 aydan sonra qayıda bilər ki, bununla da indiyə kimi Rusiyada fasiləsiz fəaliyyət göstərən əmək miqrantları bu ölkədə il ərzində fasilələrlə cəmi 6 ay qala bilərlər. Təbii ki, belə olan təqdirdə əmək miqrantları Rusiyanı tərk etməyə məcbur olurlar.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, son üç ayda Azərbaycana təkcə Rusiyadan 150 min adam geri qayıdıb. Ekspert öz fikirlərini rəqəmlərlə əsaslandırır: 2012 və 2013-cü illərin statistikasına görə, təxminən 140-160 min azərbaycanlı miqrant rəsmi şəkildə Rusiyada əmək fəaliyyəti ilə məşğul olurdu. 400 minə yaxın azərbaycanlı isə Rusiyada qeyri-qanuni çalışırdı. Yəni onlar heç yerdə qeydiyyata düşmədən öz bizneslərini idarə edirdilər. Nəticədə, 600 minə yaxın azərbaycanlı bu və ya digər şəkildə Rusiyada əmək fəaliyyəti ilə məşğul olurdu. Amma Rusiyanın sosioloji mərkəzlərinin məlumatına görə, 2014-cü ilin ilk üç ayında bu ölkədə azərbaycanlı miqrantların sayı 27 faiz azalıb. Bu da təxminən 150 min azərbaycanlının Rusiydan geri vətənə qayıtması deməkdir. Azər Allahverənovun fikrincə, Ukraynada baş verən hadisələr də minlərlə insanın geri qayıtmasına səbəb olub.

Rusiyadan gələn insan axınının bir qismi Bakıya üz tutub ki, bu da paytaxtda kirayə qiymətlərini kəskin artırıb. "MBA" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimovun verdiyi məlumata görə, ilin əvvəlindən aprel ayının 1-ə şəhər üzrə mənzillərin orta kirayə qiyməti 5,54% artıb, ötən ilin uyğun dövrü ilə müqayisədə isə 6%-ə yaxın qiymət artımı müşahidə edilib. Nəticədə, aprel ayının 1-ə şəhər üzrə mənzillərin orta aylıq kirayə qiyməti 585 manat olub, 1 kvadratmetr 9,41 manatdan kirayəyə verilib.

"Qiyməti artımı daha çox yataq bölgəsi sayılan 3-cü zonada müşahidə edilir. 3-cü zonaya kütləvi yaşayış əraziləri - mikrorayonlar, Yeni Yasamal, Badamdar, Əhmədli və yaşayış massivləri, metro stansiyalarına yaxın ərazilər daxildir. Şəhərin mərkəzi isə 1-ci zona saylır və burada mənzilin orta aylıq kirayə qiyməti 807 manatdır. 2-ci zonada bu, 563 manat və 3-cü zonada 420 manatdır. Şəhər ətrafında (4-cü zonada) isə orta qiymət 250 manat təşkil edir. Əslində, kirayə qiymətləri ilin əvvəlindən artıb və ən böyük sıçrayış fevral ayında yaşanıb, 7%-dən çox olub",- deyə Nüsrət İbrahimov vurğulayır.

Onun sözlərinə görə, Rusiyadan gələn miqrantların təsiri alqı-satqıda da hiss edilir. Mart ayında alqı-satqı qiymətləri 3%-ə qədər artıb. "MBA" konsaltinq şirkətinin hesablamalarına görə, Rusiyadan geri qayıdan miqrant ailələri minlərlə mənzil kirayələyiblər: "Bakıda 40 minə yaxın mənzil kirayə bazarına çıxarılır".

Təbii ki, geri qayıdan əmək miqrantları Bakıda iş tapmağa çalışılar ki, bu da əsasən inşaat işçilərinə nəsib olur. Amma Rusiyadakı azərbaycanlı miqrantların böyük əksəriyyəti xırda alverçilərdir ki, Bakının çoxdan sabitləşmiş bazarı onların çox az qismini qəbul etmək imkanındadır. Nəticədə, bir çox miqrantlar Rusiyada əmək miqrantlarının sayına qoyulacaq limitin geri götürülməyinə ümid edərək, bu ölkədən çıxmalarının 3 ayı tamam olduqdan sonra yenidən Rusiyaya dönməyə məcbur olublar. Bu, "MBA" konsaltinq şirkətinin rəqəmlərində də özünü göstərib: martda kirayəyə verilən mənzillərin orta qiymətində 3,23 faiz azalma olub. Göründüyü kimi, bu insanlar yenidən qeyri-müəyyən bir gələcəyin qoynuna atılıblar.

Bir çox ekspertlər həmin insanlar üçün ölkə daxilində iş yerləri yaratmağı mümkün sayırlar və bunun mexanizmini çox sadə görürlər: Azərbaycanın aran bölgəsində 400 min hektar əkin sahəsi artıq neçə illərdir ki, şoranlaşma üzündən əkilmir və bu sahələrdə bazar iqtisadiyyatı əsasları ilə kooperativ təsərrüfatları asanlıqla bərpa etmək olar. Yəni neft hasilatının ildən-ilə azaldığını nəzərə alaraq dövlət sərmayələrini məhz aqrar sektora, meliorasiyaya yönəltmək olar ki, bu da yeni iş yerləri deməkdir.

Lakin Azər Allahverənovun fikrincə, Rusiyadan geri qayıdan miqrantlar kənd ləhcəsi ilə danışsalar da, onları kəndlərə qaytarmaq mümkün olmayacaq: "Bu adamlar artıq Moskvada brend geyimlərə alışmış, yetərincə şəhərliləşmiş insanlardır. Onların maddi imkanları da nisbətən yüksəkdir və onlar gedib kənddə əkin-biçinlə məşğul olmazlar. Onlar ya Rusiyaya qayıtmaq, ya da Ukrayna, Belarus və Türkiyə kimi ölkələrdə işləmək barədə düşünürlər",- deyə ekspert bildirib.

Onun fikrincə, Azərbaycan Rusiyadan gələn miqrantların daha imkanlılarına diqqət yetirməlidir: "Rusiyada elə insanlar var ki, onlar iş qurublar və müəyyən gəlirlərini də Azərbaycana yerləşdərirlər. Hamı bilir ki, Bakıda yeni tikilən binalardakı mənzillərin xeyli hissəsi Rusiyadakı azərbaycanlı orta biznes adamlarına məxsusdur. Onlar əllərindəki pulu əmlaka yatırmaqla ölü kapitala çevirirlər. Zənnimcə, dövlət Rusiyadakı orta biznes adamlarının Azərbaycanın əyalətlərində, xüsusilə də hökumətin yenidən diqqət yetirmək istədiyi aran rayonlarında emal müəssisələri qurması üçün xüsusi proqram işləməlidir".

Təbii ki, bu, aran rayonlarında yaradılacaq koperativlərə bir növ emal sənayesi dəstəyi ola bilər. Həmin adamların əlaqələri həmin regionlarda istehsal edilən məhsulların ölkədən kənara ixracını da asanlaşdırar, region əhalisi üçün yeni iş yerləri yaranar. "Həm də ki, belə proqram orta sinfin yaranmasına da dəstək olar ki, bu, Azərbaycanda sabit cəmiyyətin formalaşdırılması üçün çox vacibdir",- deyə Azər Allahverənov vurğulayır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.