Texnologiya

Mobil operatorlar istifadəçiləri necə aldadır?

7 Aprel 2014 19:26
8 Şərh     Baxış: 6 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dövrdə internetin həyatımızda rolu böyükdür

Bir çox işlərimizi onun vasitəsi ilə həll edirik. İnternetdən isə ən çox gənc nəsil istifadə edir. Bəs mobil operatorların internet paketlərinə qoyduğu qiymətlərlə onların müştərilərə göstərdiyi xidmətin keyfiyyəti üst-üstə düşürmü?

Araşdırmalarımız onu göstərdi ki, GSM operatorlarımız bir çox halda müştərilərini yox, öz mənafelərini düşünürlər. Bəzən isə müştərilərini aldatmaqdan belə, çəkinmirlər. Misal üçün onların internetin sürətinin az olmasına baxmayaraq, reklamlarda şişirdərək, daha yüksək sürətləri vəd etmələrini göstərmək olar. Azercell, Bakcell və Narmobile şirkətləri öz müştərilərinə internet data kartları təklif edirlər. Bu data kartlar vasitəsi ilə Azərbaycanın istənilən yerində çox rahat bir şəkildə internetdən istifadə edilə biləcəyini öz reklamlarında müştərilərinə çatdırırlar. Amma redaksiyamıza daxil olan çoxsaylı şikayətlər bunun tam əksini göstərir.

Salyanda yaşayan İlkin Vəliyev adlı oxucumuzun sözlərinə görə, bu rayonda Nar data kartından istifadə etmək qeyri-mümkündür: "Evə internet çəkdirmək istəyirdim. Televizorda Narmobile şirkətinin data kartının reklam çarxını gördüm: Limitsiz internet və sadəcə, ayda 20 manata... Sərf edəcəyini düşünüb, aldım. Evə gətirib, kompüterə taxanda hər şeyi anladım. İnternetin sürəti o qədər zəif idi ki, sadə bir saytı açmaqda çətinlik çəkirdim. Müştəri xidmətlərinə zəng vurdum. Mənə dedilər ki, bizim rayonda hələlik internet üçün yetərli stansiya quraşdırılmayıb. Mən də dedim ki, əgər elədirsə, reklamlarda deyin ki, Salyanda işləmir".

Bakı sakini olan Taleh Cəfərli deyir ki, limitsiz internetdən danışırlar, amma heç də elə deyil: "Yeni nəsil limitsiz Sür@" adı ilə Bakcell şirkəti reklamlar verir. Şəhərin hər yerində limitsiz data kart adı ilə insanları aldadırlar. Bunu yaxşı bilirəm, çünki o aldadılanlardan biri də mənəm. Limitsiz dedikləri üçün 9 manat verdim, data kart aldım. Elanda yazılmışdı ki, Sür@ - Modem 3G və GSM/EDGE şəbəkəsində işləyir. Məlumat ötürmə sürəti 3G şəbəkəsində 21 Mbit/s qədərdir. Amma nəinki 21 Mbit/s, heç 6 Mbit/s-də görmədim. Yasamalda yaşayıram, Bakının demək olar ki, mərkəzidir, amma data kart çox zəif işləyir. Limitsiz demişdilər. O da yalandı. Müəyyən internet paketi verilir. Misal üçün 1 GB 30 gün 7 manat, 2GB 9 manat, 5 GB 15 manat və 10 GB 22 manat... Bu paketlər isə qısa müddətdə bitir. Bundan sonra sürət 64 kbit/s-ə düşür. 64 kbit/s ilə isə heç bir iş görmək olmaz".

Azercell data kartları ilə bağlı şikayətlər isə daha fərqlidir. Bakı sakini Gülnarə Quliyeva deyir ki, Azercell şirkətinin internet data kartını aldığı üçün çox peşmandır: "Reklamlarda gördüm ki, Azercell data kartını pulsuz verirlər. Getdim Azercell dükanına... Dedilər ki, 10 ay müddətində ayda 9 manatlıq paket seçməklə data kartı pulsuz ala biləcəyimi dedilər. Razılaşdım və aldım. Açığı deyim ki, sürətinə söz ola bilməz. Yaxşıdır. Amma əsas məsələ başqadır. Bir ay müddətində data kartı istifadə etdim. Ay sonunda internet bitdi. Yenidən 9 manat ödədim, amma internet bərpa olunmadı. Müştəri xidmətlərinə zəng vurdum, aldığım cavab məni şoka saldı. Mənim 9 manat ödəməyimə baxmayaraq, hələ də borcum var idi. Səbəb isə internet paketin bitməsinə baxmayaraq, xəbərdarlıq edilməməsi idi. Buna görə də, internet paketi bitdikdən sonra borc yazılmağa başlanıb. Öyrəndim ki, data kartı istifadə etdiyin ilk ay ərzində internet trafikini yoxlamaq olmur. Ona görə də, müştərilər ay sonunda şok borc sürprizi ilə qarşılaşırlar. Onlardan data kart aldığım üçün çox peşmanam. İstifadə etmirəm, amma məcbur hər ay 9 manat balansa pul köçürürəm".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.