Sağlamlıq

Onkologiya Mərkəzi: "Hər il 300 uşaq onkoloji xəstəliyə düçar olur"

4 Aprel 2014 12:26
Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Onkologiya Mərkəzi: Hər il Azərbaycanda 300 uşaq onkoloji xəstəliyə düçar olur

"Onkoloji xəstə uşaqların 80 faizi sağalır, 20 faizini isə sağaltmaq olmur"

Hər il Azərbaycanda 300 uşaq onkoloji xəstəliyə düçar olur. APA-nın xəbərinə görə, Azərbaycan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının şöbə müdiri Reyman İsmayılzadə Səhiyyə Nazirliyinin "Tibb" qəzetinə müsahibəsində deyib ki, böyüklərlə müqayisədə uşaqlarda onkoloji xəstəliklərə daha az, təqribən 0,5-1 faiz hallarda rast gəlinir.

Uşaqlarda olan onkoloji xəstəliklərin əksəriyyətinin embrional şişlər olduğunu deyən şöbə müdiri qeyd edib ki, onlar uşaq ana bətnində olarkən əmələr gəlir, ancaq doğulduqdan bir müddət sonra özünü göstərir: "Yəni, böyüklərdə onkoloji xəstəliklərin əmələ gəlməsində ətraf mühit, irsi faktor, həyat tərzi, ekoloji problemlər, qidalanma, stress və digər amillər rol oynayırsa, uşaqlarda onkoloji xəstəliklərin əsası ana bətnində qoyulur. Uşaqlarda bu xəstəliklər böyüklərə nisbətən daha yaxşı müalicə olunur. Onkoloji xəstəlik aşkarlanan hər on nəfərdən 7-8-i tam sağala bilir. Onkoloji xəstə uşaqların 80 faizi sağalır, 20 faizini isə təəssüf ki, sağaltmaq olmur. Müalicə olunub sağalan uşaqların valideynləri adətən uşaqlarının diaqnozunu gizlədir və övladının xərçəng xəstəsi olduğunu və sağaldığını demirlər. Amma 20 faiz sağalmayan uşaqların valideynləri bu barədə hər yerdə danışırlar. Bunun nəticəsində hər kəs də düşünür ki, xəstəliyin müalicəsi yoxdur və sonu ölümdür".

R.İsmayılzadə qeyd edib ki, erkən diaqnostika xəstəliyin tam müalicəsində mühüm rol oynayır. Onun sözlərinə görə, bu isə daha çox valideynlərin məsuliyyətindən, pediatrların bu sahədə müəyyən biliyinin olmasından, pasiyentlərin düzgün yönləndirilməsindən asılıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.