Sağlamlıq

Bu həna hələ çox su aparacaq...

29 Mart 2014 14:21
0 Şərh     Baxış: 4 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saçların təbii üsulla boyanması daha faydalıdır

Saç qadını gözəl göstərən amillərdən biridir. Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görünər. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edib.

Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkanı verir. Saç düzümünü, formasını, rəngini seçmək qadınların öz zövqlərindən asılıdır. Təmiz və baxımlı saç özü artıq bir düzümdür. Bu gün əksər xanımlar saçlarını boyamaqdan, gündəlik fendən və ya saç ütülərindən imtina etmirlər. Düz və baxımlı saça sahib olmaq istəyənlər isə çox vaxt daha pis nəticə ilə qarşılaşırlar. Yanmış, solmuş, cansız və elektriklənən saçlar müalicə olunmaq yerinə daim boyanır və fenlənir. Nəticədə isə saçlar tökülür və qadın saç baxımından olduqca baxımsız görünür. Köməyə isə hər zamankı kimi saç boyaları gəlir.

Əslində isə boyalar saça sağlamlıq vermir, onları qidalandırmır və heç bir şəkildə bəsləmir. Daim istifadə olunan boyalar bir müddət sonra saç uclarında haçalanma, saçda quruluq və sönüklük yaradır. İnsan bu boyalardan asılı vəziyyətə düşür. Digər bir tərəfdən tərkibində müxtəlif kimyəvi maddələrin olması dəriyə də mənfi təsir göstərir. Bu gün əksər gənclərin saçı tez ağarır. Bu ağları gizləmək üçün də boyalara üz tutanlar az deyil. Halbuki boyadan daha ucuz və olduqca keyfiyyətli olan digər bir üsul var: həna. Şəhər xanımlarının hənaya münasibəti birmənalı deyil. Kimisi üçün həna qədimdən qalma bir üsul, kimisi üçün isə istifadə etməyi düşünməyəcəyi bir məhsuldur. Əslində isə həna düzgün istifadə olunduqda saç üçün boyadan daha effektli və daha təsiredici gücə malik olur.

Həkim-trixoloq Azadə Mustafayevanın sözlərinə görə, həna saçlar üçün olduqca faydalı və məsləhətlidir. Qırılma, quruma və haçalanma kimi saç problemlərinə son qoya bilən hənanı bu gün əksər xanımlar istifadə edir. Hər saç rənginə uyğun gələn hənalar ən az boya qədər təsirli və effektiv olur. Düzgün istifadə etdikdə nəticə olaraq həm saçlar boyanır, həm saç kökləri qidalanır, həm də orqanizm heç bir kimyəvi maddəni udmaq məcburiyyətində qalmır:

"Həna deyəndə xanımların ağlına nədənsə qoyulduqdan sonra qırmızıya çalan rəng gəlir. Bu, nənələrimiz vaxtında olan hənalar idi, hansı ki, onları yuyub saçdan təmizləmək olduqca çətin olurdu. Hazırda isə müxtəlif ölkələrin hənaları satışda var. İran, Hindistan, Pakistan, Türkiyə istehsalı olan hənalar saçlara çox gözəl təsir edir və istənilən rəngə boyayır. Həna baş dərisini bakteriya və göbələklərdən qoruyur, saç dibini qoruyur və tökülmələrin qarşısını alır. Hənadan istifadə etməmişdən əvvəl saçların boyalı olub-olmamasına diqqət yetirmək lazımdır. Nəzərə almaq lazımdır ki, boyalı saçların həna qoyulduğu zaman yanma ehtimalı var. Buna görə saçlar hənalanmamışdan əvvəl boyanın saçdan tamamilə axması üçün mayonezdən istifadə etmək olar. Yumamışdan öncə 15 dəqiqə ərzində saçda saxlanan mayonez saçdan boyanın sökülərək təmizlənməsinə səbəb olur. 3-4 dəfə bu prosesi təkrarladıqdan sonra saçlara təbii hənanı qoymaq olar".

Trixoloq bildirir ki, həna saçlara bürüyücü təsir edərək onu qalınlaşdırır və səthini hamar edir. Saçlara təbii parlaqlıq və ipəklik bəxş edir. Həna boyanmaya kimyəvi yolla təsir etmir, çünki o digər kimyəvi boyalar kimi saçların təbii piqmentini parçalamır. Tərkibində olan efir yağlarının hesabına saçların səthində qoruyucu təbəqə əmələ gətirir. Kimyəvi boyalar kimi həna saçların səthindən tam yuyulmur. Kimyəvi boyalarla boyanma zamanı saç günəş şüalarının və dəniz suyunun təsirindən öz keyfiyyətini itirdiyi halda, həna ilə boyanmış saçda bu baş vermir. Hamiləlik və südvermə zamanı xanımlara həkimlər tərəfindən icazə verilən yeganə təhlükəsiz saç boyası məhz hənadır. Bu, eyni zamanda hamiləliklə əlaqədar korlanmış saçın keyfiyyətini də bərpa edəcək. Hənanın saça qoyulmasında yaş məhdudiyyəti yoxdur:

"Xanımlar, əgər hənadan istədikləri rəngi ala bilmirlərsə, bu o demək deyil ki, hənadan imtina etmək lazımdır. Əksinə, müxtəlif qatqılar edərək rəngləri balanslaşdırmaq və istənilən rəngi əldə etmək mümkündür. Məsələn, əgər xanımın saçı tünd-qaradırsa, satışda olan tünd-qara hənadan istifadə etsin. Əgər sarışındırsa, hənanın tərkibinə limon şirəsi və çobanyastığı dəmləməsi qatmaq olar. Qəhvəyi rəng üçün çay dəmi, mixək, şabalıdı rəng üçün isə qəhvə tozu qatmaq hənanın rəngini dəyişəcək. Mütəmadi hənadan istifadə nəticəsində saçlar daha gur, möhkəm, parlaq, rəngi isə dayanıqlı olur".

Qeyd edək ki, tibbi olaraq hənanın heç bir zərəri qeydə alınmayıb. Olduqca faydalı olan həna tək saçı deyil, elə dırnaqları da bəsləyir, göbələk yaranmasının qarşısını alır. Boya istifadəsi zamanı saç dərisinin yanma, quruma və bu kimi problemlər üzə çıxırsa, hənada belə narahatlıqlar qətiyyən müşahidə olunmur. Hənanın saçı zamanla qurutması isə düzgün deyil. Heç bir rəngdəyişdirici maddə qatılmasa belə, istifadə zamanı zeytun yağı ilə hənanı qarışdırıb tətbiq etmək saçı qorumuş və qidalandırmış olacaq. Təbii gözəllik üçün təbii üsullardan istifadə etmək lazımdır.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.