Cəmiyyət

Millət vəkili İTV-dəki biabırçılıqdan yazdı - VİDEO

25 Oktyabr 2014 14:36
2 Şərh     Baxış: 1 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Millət vəkili Etibar Hüseynov öz Facebook səhifəsində İTV telekanalının efirindəki kobud səhvdən bəhs edib.

Milli.Az bildirir ki, E.Hüseynov "İTV-nin efirində biabırçılıq" başlıqlı statusunda yazıb: "Dünyanın əksər ölkələrində İctimai TV-lər tamaşaçıların (özəl və dövlət televiziyalarına nisbətdə) daha çox güvənib, inandığı bir kanal sayılır. Elə bizdə də belədir...
 

Amma dünən şahidi olduğum bir məqam sadəcə təəssüf hissi yaratdı. Bu inam və güvənə kölgə saldı.
 

Belə ki, İTV-nin Ana xəbər buraxılışında təqdim olunan hava haqqında məlumat ən azından avqust ayından qalma idi. Çünki bir sıra Orta Asiya respublikalarında bu gün şaxtalı havalar hökm sürdüyü halda, İTV ekranlarında həmən ərazilərdə 35-40 dərəcə isti proqnozu verilirdi.
 

Tam aydın idi ki, buraxılışı hazırlayanlar artıq neçə müddətdir ki, yalnız ölkədaxili hava proqnozlarının göstəricilərini dəyişiblər, vəssalam. Bu isə tamaşaçıya qarşı hörmətsizlik, onu ələ salmaq - bir sözlə əsl biabırçılıqdır. Bunun başqa adı yoxdur.
 

Hava haqqında buraxılışlara bu qədər laqeyd yanaşan yoldaşlara isə demək istərdim ki, səhv edirlər. Heç də hamı sizin zənn etdiyiniz kimi, "Hava haqqında"nı tək aparıcının açıq-saçıq geyiminə görə izləmir. Bu bütün TV-lərdə ən kütləvi izlənən bölümlərdən biridir. Buna görə də təsadüfi deyil ki, az qala bütün TV-lərdə bu buraxılışlar tanınmış sponsor markaları tərəfindən təqdim olunur.
 

Unutmayın ki, bir çox hallarda insanlarımız növbəti gün üçün çalışma və səfərlərini məhz bu məlumatlar əsasında planlayırlar. Ona görə də lütfən və lütfən diqqətli olun. Və bütün dünyaya yayımlandığınızı da bir an belə unutmayın. Çünki əmin olun ki, dünyanın hər hansı bir nöqtəsindəki əcnəbi tamaşaçı sizlərin hər hansısa proqramınıza baxmasa belə hava haqqında buraxılışa mütləq nəzər yetirir. Ona görə də sizlər də diqqətli olun... Ki, yağışdan çıxanları təzədən yağmura salmayasınız".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.