Hacıağa Fəqir Ordubadi
Böyük istedad sahibi olan bu şair çox ağır həyat yaşayıb. Yoxsulluqdan olmazın əzablara düçar olub. Amma istedadlı bir nəslin nümayəndəsi kimi, adı dövrünün ən iti qələm sahibləri sırasında çəkilib. Sonralar şairin oğlu, məşhur yazıçı M.S.Ordubadi atası haqqında yazırdı ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir... Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi".
Hacıağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Ailənin başçısı Məhəmməd kişi ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Bu səyahətlər zamanı gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirə təsir etmiş, onun gələcək dünyagörüşünün formalaşmasında müsbət rol oynamışdır. Fəqirlə bağlı Firidun bəy Köçərlinin apardığı tədqiqatlardan məlum olur ki, o, Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl şəkildə öyrənmişdir.
Elə həmin dövrdə ərəb və fars dillərinin köməyi ilə də klassik şərq şairlərinin əsərlərini mütaliə etmiş, Sədi, Hafiz, Xəyyam, Nizami və Füzuli kimi sənətkarların şerlərinə nəzirə və bənzətmələr yazmışdır. Hacıağa Ordubadinin şerlərinin müəyyən bir hissəsi dini mövzulara həsr edilmişdir.
Böyük şairlik istedadı olan Fəqir "Əncüməni-şüəra" ədəbi məclisinə cəlb edildikdən sonra onun yaradıcılığında yetkinləşmə mərhələsi başlayır və şair getdikcə realist ruhlu şeirlərə üstünlük verir. Yaradıcılıq fəaliyyətində tənqidi meyllərin güclənməsi onu axund və mollaların, din və şəriət adamlarının güclü təqibi ilə üz-üzə qoyur. Belə bir dövrdə din xadimləri və varlı şəxslər dini ehkamlara xidmət edən mövhumatçı şairlərə alçaldıcı həcvlər yazdırıb Fəqiri nüfuzdan salmağa çalışırlar. Bu cür ağır təqiblərə və yoxsulluğa məruz qalan şair vətəni Ordubadı tərk edərək bir müddət Türküstan və İranda yaşamağa məcbur olur.
"Yaycıdan mədrəsəyə bir taza zurnaçı gəlib..."
Həmin illərdə "Əncüməni-şüəra"nın üzvlərindən olan görkəmli maarifçi şair Məhəmməd Tağı Sidqi də Ordubadı tərk etmişdi. Hər iki ziyalı şairin Ordubaddan uzaqlaşması "Əncüməni-şuəra" ədəbi məclisinin zəifləməsinə və dağınıq vəziyyətə düşməsinə gətirib çıxarmışdı. Bu halda, vətəndən xaricdə Sidqi ilə görüşən Fəqir onun təkidi ilə yenidən Ordubada qayıdır və məclisə başçılıq etməklə bərabər, maarifçilik fəaliyyətini də davam etdirir.
O vaxtlar şair Ordubadda yeni üsullu xüsusi məktəb açır. Bu məktəbdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu. Yoxsul şairin başqa güzəran yeri yox idi, açdığı məktəbin cüzi gəliri hesabına dolanırdı. Amma ətrafdakı cəhalət adamları onu rahat buraxmır, tezliklə vəziyyət dəyişir. Beləliklə, şairin əleyhdarlarının hiyləsi ilə Culfanın Yaycı kəndindən Molla Kazım adlı biri Ordubada gələrək burada xüsusi məktəb açır və dini elmləri tədris etməyə başlayır.
Qurulan hiylə nəticəsində şagirdlər də öz valideynlərinin təkidi ilə Fəqirin məktəbini tərk edib Molla Kazımın dini məktəbinə axışırlar. Bu minvalla, "din və şəriət əhli" içərisində "nüfuzunu itirən" Fəqir özünün yeni üsulda açdığı məktəbi bağlamalı olur. Güzəranının xeyli ağırlaşmasına bais olan Molla Kazım şairin satirik qələminə tuş gəlir. Çiyninə yüklənən əzabların ağırlığından acıq və nifrətini gizlədə bilməyən Fəqir aşağıdakı həcv vasitəsi ilə Molla Kazımı satira atəşinə tutur:
Yaycıdan mədrəsəyə
bir taza zurnaçı gəlib,
Yelləyibdir tuluğun,
zurna çalan xaçı gəlib.
Belə insafını və dinini itirmiş, yolunu azmış adamların təzyiqi nəticəsində güzəranı ağırlaşan Fəqirin ömrünün sonlarına yaxın gözləri də tutulur. Bununla belə, dünya işığına həsrət qalan şair yenə də məclisdə iştirak edir, şeirlərini isə yaxın qələm dostları olan Sidqi, Nədim və Bikəs təxəllüslü şairlərə yazdırırdı.
Ehtiyac və sıxıntı içində bitən ömür
Kəskin qələmli şairin həyatının belə məşəqqətli vaxtlarında da mövhumatçı din xadimi və bir qrup varlı şəxs onu təqib edir, nüfuzdan salmağa çalışırdı. Bu təqiblər qısa zamanda öz nəticəsini verir. Onların hiyləsi nəticəsində komissarın və knyazın əmri ilə şairin atasını və əmisini həbs edirlər. Bu namərd addım Fəqirə çox ağır təsir edir. Şair səlahiyyətli şəxslərə şikayət etsə də, bu heç bir nəticə vermir. Sonda şair Naxçıvan xanlarından olan Kalbalı xana bu xüsusda mənzum məktubla müraciət edib ondan kömək istəyir. Həmin məktubdan sonra Kalbalı xanın işə qarışması nəticəsində şairin atası və əmisi həbsdən azad olunur. Lakin müəyyən vaxtdan sonra knyazın əmri ilə Fəqirin qardaşını da həbs edirlər.
Bu hadisə ilə bağlı olaraq Fəqir bir daha Kalbalı xana və İsmayıl xan Naxçıvanskiyə mənzum xahişnamə və mədhiyyələrlə müraciət edir. O məktublar bir daha sübut edir ki, yaradıcılığındakı tənqidi cəhətlərə görə şairin özü və ailəsi daim yerli hakim dairələrin, din və şəriət xadimlərinin güclü təqibinə məruz qalmışdır.
Fəqirin həyatı ömrünün sonlarına yaxın o dərəcədə dözülməz duruma düşmüşdür ki, şair ehtiyac ucbatından Ordubadın və Naxçıvanın varlı şəxslərinə mədhiyyələr yazıb onlardan azuqə və geyim şeyləri istəmişdir. İnsanın ürəyini ağrıdan bu gerçəyi Fəqirin əlyazma divanındakı müxtəlif şəxslərə yazılmış mənzum mədhiyyələri də təsdiq etməkdədir. Həmin mədhiyyələrində Fəqir Ordubad və Naxçıvanın varlı şəxslərindən sayılan tacir Hacı Məhəmməd Hüseynə, Mirzə Cəfər Ordubadiyə, Hacı Molla Hüseynə, Ordubadın hakimi Şeyxəli xanın oğlu Məhəmmədsadıq xana və başqalarına xahiş edərək dəfələrlə onlardan yardım istəmişdir.
Amma nə yazıqlar ki, bütün bu mədh və təriflərə baxmayaraq, şair varlı şəxslərin heç birindən yardım ala bilməmişdir. Belə olan halda, bir tərəfdən, yoxsulluq dərdi, digər tərəfdən də yazdığı əsərlərə qədir-qiymət verilməməsi Fəqiri ruhdan salıb ümidsizliyə və bədbinliyə düşar edir. Buna görə də, ömrünün sonlarına yaxın şair əvvəlki lirik məzmunlu qəzəllərindən tamam uzaqlaşıb, zəmanədən şikayət ruhlu bədbin şeirlər yazmağa başlayır. Böyük sıxıntı, qəm-qüssə və ehtiyac Fəqirin gücünü bitirir. Şair 1886-cı ildə vəfat edir. Şair dostları onu Ordubad qəbiristanlığında dəfn edirlər. Şairin ölümündən sonra 7 yaşlı oğlu Məmmədi və bacısını bir müddət əmiləri saxlamışdır. Lakin onların da imkanı olmadığından, az sonra gələcəyin böyük yazıçısı Məmməd Səid iş axtarmaq məcburiyyətində qalmışdır. Sonralar yazıçı yaradıcılığa həvəslənməsi haqqında belə deyirdi:
"Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içərisinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb və şeirləşmə işi özüm də hiss etmədiyim bir surətdə məni şeir yazmağa öyrətdi...".
"Azadlıq"
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Bakı aeroportundan görüntülər yayıldı: COP29... - VİDEO
- 60 faiz insan bu yolla tanış olur
- Taksi qiymətləri ARTACAQ - AÇIQLAMA
- Ankaraya gedən sərnişin avtobusu qəza törətdi: 30 yaralı var
- Dünyanın ən xoşbəxt şəhəri hansıdır?
- Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
- Bakı bu ərazilər plana düşdü - Tezliklə söküləcək - FOTO FOTO
- Qadınlar oxusun - hormonal balansı dəstəkləyən məhsul bu imiş
- Yaponiyada güclü zəlzələ oldu
- Bu şəxslər yanvarın 1-dən 285 manat alacaq
- Bu küçələrdən keçənlərin DİQQƏTİNƏ! COP29 zolaqları qüvvədən düşdü - VİDEO
- “Cessna 182” tipli təyyarə qəzaya uğradı - ölən və yaralanan var - FOTO
- Qəzaların çox olduğu prospektdə yenilik edilib - VİDEO
- Dövlət Vergi Xidməti məlumat yaydı
- VAZ-2101 40 min manata satışa çıxarıldı - görün nələr quraşdırılıb - FOTOlar
- Arıqlamaq istəyənlərin nəzərinə
- Azərbaycanlı aparıcı canlı yayımda təbaşir yedi - FOTO
- Hakan Fidan iddialara son qoydu
- Azərbaycanlı şagird Türkiyədə imtahanda ən yüksək balı yığdı - VİDEO
- İsrailin hücumları nəticəsində 24 nəfər öldü, yaralılar var
- Tanınmış aktyor Barışla Handenin serialında - FOTOlar
- 21 yaşlı gənc dəm qazından öldü
- Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəzada öldü
- Xına mərasimi aparıcısı: "80 minə məclis danışmışıq"