Siyasət

Parisdən Bakıya tam dəstək - Fransa siyasətini yeniləyir

15 Mart 2017 12:51
4 Şərh     Baxış: 2 313

Paris öskürəndə Avropanı qızdırma tutur.

Avstriyalı diplomat Klemens fon Metternixin 170 il əvvəl söylədiyi bu sözlər hələ də aktualdır. Fransa ötən əsrlərlə müqayisədə zəifləyib, İkinci Dünya Müharibəsindən sonra dünya siyasətinin aparıcı qüvvələrindən biri statusunu itirib, qlobal süpergüclərin qarşıdurmasında kölgəyə çəkilib.

Fransa "Səfillər" romanının qəhrəmanı Qavroşun gizləndiyi Böyük Fil olaraq qalır: zəifləsə də, ətrafındakı satellitlərin sayı daha da artıb və onlar Parisdən çəkinirlər.

Fransa Avropa Birliyinə liderlik uğrunda Almaniya ilə əzəli rəqib, Avrasiyadakı geosiyasi proseslərin aktiv iştirakçısı və ən nəhayət, Cənubi Qafqazda xüsusi, hətta əlahiddə maraqları olan ölkədir.

Nəhayət, Fransa ATƏT-in Minsk Qrupunda həmsədr ölkədir və Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanmasına yönəlmiş prosesin idarəçilərindən biridir.

Bütün bunlarla yanaşı, Fransa erməni icmasının ən güclü, çoxsaylı və nüfuzlu olduğu ölkələrdən biri, qondarma "erməni soyqırımı"nı tanımış dövlətdir. Fransız siyasətçilər və dövlət xadimləri çıxışlarında, hərəkətlərində, açıqlamalarında erməni icmasının maraqlarını nəzərə almaq məcburiyyətindədirlər. Nədən ki, erməni seçicilər azsaylı deyillər və Fransanın da Ermənistanı, erməniləri dəstəkləməsinin aşkar, üzdə olan səbəblərindən biri, bəlkə də başlıcası budur.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın ermənilərə tərəfkeşlik etməsi də sürəkli müzakirə və diskussiya mövzusudur. Rəsmi Parisin belə mövqeyi bəlirlənməsə də, Fransanın hakimiyyət dairələrinin və siyasi isteblişmentinin bir para qərarları, davranışları bəhs etdiyimiz iddiaları daha da gücləndirir. Lakin Paris bilir ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır.

Azərbaycan əraziləinin 20 faizinin erməni işğalından azad olunması üçün real, effektiv addımlar atılmalıdır. Eyni zamanda, bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Paris Bakı ilə münasibətlərin dəyərini bilir

Parisdə Azərbaycanla Fransa arasındakı əlaqələrin daha geniş miqyas almasına təkan verəcək anlaşmalar da əldə olunub.

Dövlət başçımız İlham Əliyev Fransada dəfələrlə səfərlərdə olub, Fransa prezidenti Fransua Olland da iki dəfə Bakını ziyarət edib.

Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, çox aktiv siyasi dialoq aparılır.

Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin yaranmasından 25 il keçir. Bakı ilə münasibətlərinə həddən ziyadə ciddi önəm verən Fransa regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Fransa şirkətləri bu günədək Azərbaycanda energetika, aviasiya, kosmik sənaye, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı və digər sahələrdə təxminən iki milyard ABŞ dolları dəyərində 27 layihədə podratçı kimi iştirak etmişlər. Enerji sahəsində əməkdaşlıq iqtisadi münasibətlərimizin əsas istiqamətlərindən biridir. Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrdə iştirak edirlər. Azərbaycanın təşəbbüsü ilə uğurla icra edilən "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Humanitar sahədə də əməkdaşlığımız çox genişdir. Fransız dili uzun illərdir Azərbaycanda tədris olunur. Azərbaycanın 338 məktəbində 50 minə yaxın şagird fransız dilini öyrənir. Azərbaycanın yeddi ali təhsil müəssisəsində fransız dili tədris edilir. Bakı Slavyan Universitetində Viktor Hüqo adına Fransız Dili və Ədəbiyyatı Mərkəzi, Azərbaycan Dillər Universitetində Fransa Mərkəzi yaradılmışdır. Üç il əvvəl biz Bakı Fransız Liseyini yaratdıq. Cənab Prezident, Sizinlə bu liseyin açılışında iştirak etmişik. Ötən il isə Azərbaycan-Fransız Universiteti fəaliyyətə başladı. Artıq bir neçə ildir ki, Fransada da Azərbaycan dili tədris olunmağa başlayıb. Eyni zamanda, mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq aparılır.

Fransa ilə Azərbaycanın regionları arasında da əməkdaşlıq inkişaf edir. Azərbaycanın 14 şəhəri ilə Fransanın 12 şəhəri və 1 vilayəti arasında müvafiq sənədlər imzalanıb.

Status-kvo qəbuledilməzdir

Minsk Qrupunda həmsədr olan rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu, konfliktin yalnız sülh yolu ilə həllinin mümkünlüyünü vurğulayır.

Fransa prezidenti Fransua Olland dünən nazirlər və senatorlar qarşısındakı çıxışında deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb. Danışıqlar artıq 23 ildir ki, davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməmişlər. Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmayıb".

Ollandın bu sözləri, əslində, maraqlı, vaxtı çoxdan çatmış etiraf da sayıla bilər. Belə ki, rəsmi Paris münaqişə ilə bağlı vəziyyətdəki status-kvonun yolverilməzliyini anladığını bəyan edir. Belə bəyanatlar əvvəllər də olmuşdu və Fransa mövqeyini açıqlayaraq problemin həllində stabil donuqluq durumunun əlverişsizliyini vurğulamışdı. Lakin iş bəyanatlar səviyyəsində qalmaqla yanaşı, Parisin çıxışları ehtiyatlılığı, Ermənistanı "incik salmamaq" cəhdlərinin aşkar sezilməsi ilə yadda qalırdı.

İndisə Olland artıq Fransanın da səbrinin tükənmək üzrə olduğunu və Minsk Qrupundakı həmsədrlik statusundan yararlanaraq həlli çox uzanmış münaqişəni çözməkdə qərarlı olduğuna işarə vurub.

Situasiya bunu tələb edir. Nədən ki, ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu dəfəlrlə ifadə ediblər. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilib. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil.

Azərbaycanın dövlət başçısı İlham Əliyev fransız həmkarı ilə danışıqlardan sonra söylədi: "Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab Prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir".

Beləcə, rəsmi Bakı Fransaya yetərincə konkret, səbatlı və dəqiq messic ünvanlayaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin sonsuzadək uzadılmasına əsla razılaşmayacağını bildirdi.

Lapşin, Xədicə, və Öcalan

Azərbaycan Prezidenti İlham Əliyev Parisdə olarkən bir dəstə insan "etiraz aksiyası" keçiriblər. Guya Azərbaycanda "insan haqlarının pozulduğunu" bəyan edən, daha doğrusu çox pis fransız dilində qışqıranlar Bakıya qarşı standart arqumentlərdən və ittihamlardan yararlanaraq nə isə deməyə cəhd göstəriblər.

Onlar əllərində insan haqlarının psevdomüdafiəçisi Leyla Yunusun, jurnalist Xədicə İsmayılovanın , bloqer Aleksandr Lapşinin portretlərini tutmuşdular.

Yəni bu insanlar guya portretlərdəki şəxslərin hüquqlarını müdafiə edən demokratlar, ələlxüsus da Azərbaycanı tərk edib Fransada məskunlaşmış siyasi mühacirlərmiş.

Lakin operettanın ssenari müəllifi idiotizm səviyyəsinə vardığından oyunu sonadək planlaşdıra bilməyib, təfərrüatlara fikir verməyib.

İblis isə həmin təfərrüatlarda gizlənmişdi.

Senat binasının qarşısına yığışıb bağırışan insanlar bir qədər sonra improvizələrə başlayıblar. Terrorçu PKK təşkilatının və Ermənistanın bayraqları ucaldılıb, "hüquqları pozulan, binəva" Xədicə İsmayılova, Leyla Yunus və Aleksandr Lapşinin portretlərinə Abdulla Öcalanın iri fotoları əlavə olunub.

Bir qədər də keçib, çiyinlərinə Ermənistan bayrağı salınmış adamlar ortada dolaşaraq "Azərbaycan! Demokratiya! Vətənimizdə təqiblərə son qoyulsun!" qışqırıblar.

Ermənistan bayraqlı erməni, PKK bayrağını yelləyən Suriya kürdü Azərbaycanla bağlı sarsaq ittihamları bağırır - "hüquq müdafəçi"lərinin, Bakıya qarşı düşmən mövqe tutmuş "müstəqil beynəlxalq təşkilat"ların, ən nəhayət bu rüsvayçı və rəzil aksiyanı təşkil edənlərin marazmı budur.

Fransadakı erməni diaspor təşkilatları nə zamandan Azərbaycanın maraqlarını düşünür, PKK terror təşkilatı nə vaxtdan Leyla Yunusla və Aleksandr Lapşinlə maraqlanır - bilinmir.

Bilinən odur ki, aksiya təşkilatçıları "etiraz barıtı"nı çox etdiklərindən, marionetkalarına dürüst təlimatlar vermədiklərindən fransızların özləri belə, bu klounadaya maraqla baxırdılar.

"Əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan"

Azərbaycan Prezidenti İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə Ermənistan prezidenti Serj Sarkisyanın Parisdəki bəyanatlarına aydınlıq gətirdi.

"Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sözümün yekununda, həmçinin bildirmək istərdim ki, bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan.

Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər.

Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin.

Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır.

Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar".

Parislə İrəvan arasındakı əlaqələri, Fransadakı erməni icması mənsublarının sayını və onların siyasi aktivliyini, habelə Ermənistan prezidenti Serj Sarkisyanın Parisə hədsiz güvənməsini nəzərə alsaq, bu bəyanat, sadəcə, konstatasiya yox, Ermənistanın bərbad durumda olmasının dünya birliyinin diqqətinə çatdırılması idi.

Ermənistanın bütünlüklə hamilərindən asılı ölkə durumuna yuvarlanması faktdır və ermənilərlə yanaşı, onları "güclü" bilənlərin təkziblərinə rəğmən, belədir.

Ermənilərin bir real xilas yolu var. Ön şərtsiz Azərbaycan torpaqlarından rədd olub, çıxsınlar və buna uyğun olan beynəlxalq hüquqi şərtlərə əməl etsinlər. Yalnız bundan sonra rəsmi Bakı İrəvanla əlaqəli hansısa qərar verə bilər. İşğalçı zəbt etdiyi torpaqları tərk etməyincə, Ermənistanın bütün cəhdləri puç olacaq. Bunu İrəvanda və onun havadarlarının paytaxtlarında, o cümlədən Parisdə artıq dərk etsələr, xeyirlərinə olardı.

... Kardinal Rişelyenin söylədiyi bir kəlam çağdaş siyasətin məhək daşlarından biri sayıla bilər: "Il faut écouter beaucoup et parler peu pour bien agir au gouvernement d'un Etat" ("Gerçəkdən də ölkənin maraqlarını təmin etməyə çalışmaq üçün daha az danışıb daha çox qulaq asmaq gərəkdir".

Ermənilərlə yanaşı, "insan haqları və demokratiya" kimi refrenlənən klişeyə çevrilən şüarçılığa tapınanlar da bu həqiqəti gec də olsa, artıq bilməlidirlər.

Onlar bağırmaq, çığırmaq əvəzinə, qulaq asmalıdır.

Bəlkə onda çaşqın və pərişan biçarələr reallığı görələr.

Elçin Alıoğlu
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    1988 · 15 Mart 13:06140

    Boş sözlere qarnimiz toxdu bizim.İş görmek lazimdi.Torpaqlarimizi qaytarin.

    Cavab yaz
  • Anonim
    Sosyal Müselman · 15 Mart 13:1611

    Fransa xalası oğlunu bizim ayağımıza verir)))

    Cavab yaz
  • Anonim
    )) · 15 Mart 19:1500

    Bosh bosh danishmaqdan yorulmursuz,,fransa gece gunduz sizi fikirleshir"

    Cavab yaz
  • Anonim
    777 · 15 Mart 20:3000

    Çermenirik keçmeye çay çatmamis... Allah sene rehmet elesin, M.E.Sabir!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.