Siyasət

Cəbhədəki təxribatları general şərh etdi

30 Noyabr 2015 18:14
Baxış: 1 970

Ermənilərin cəbhədə törətdikləri son təxribatların məqsədi onların ordumuzun döyüş qabiliyyətini yoxlamaq istəyindən irəli gəlir.

Bunu Milli.Az-a Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış son gərginliyi şərh edən hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.  



Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun necə inkişaf etdiyini ermənilər də görürlər və onların ön xətdə müxtəlif təxribatlar etmələri, müdafiə sistemini, boşluqların olub-olmamasını yoxlamaq üçün kəşfiyyat və kəşfiyyat-diversiya qruplarını göndərmələri ilk dəfə deyil. Amma onlar istəklərinə nail ola bilmirlər:

"Ermənilər görürlər ki, regionda ümumi gərginlik yaranıb, Rusiya ilə Türkiyə arasında münasibətlər korlanıb. Onlar da bundan istifadə edib cəbhədə vəziyyəti gərginləşdirib ordumuzdakı vəziyyəti yoxlamaq istəyirlər. Ermənilər bizim mövqelər barədə kəşfiyyat məlumatları ala bilmirlər. Ona görə də toqquşmalar yaranır. Belə hallarda düşmən tərəfdən 1-2 nəfər olmur, onların sayı nisbətən çox olur. Ona görə də toqquşmalarda bizim hərbçilərimiz arasında da şəhid olan və yaralanan var. Qısası, onlar ordumuzun döyüş qabiliyyətini yoxlamaq istəyirlər".



General-leytenant qeyd edib ki, ermənilər istəyirlər ki, təxribatlarla ön xətdə hansısa səhlənkarlıq aşkar etsinlər. Onlar yüzlərlə cəhd ediblər ki, bizim müdafiə xəttimizi keçsinlər, arada boşluqlar tapsınlar:

"Amma ön xətdə duran əsgərlərimiz buna imkan vermirlər. Onlar da qıcıqlanırlar. Çox yaxşı bilirlər ki, Azərbaycan Ordusu hazırda çox güclüdür və əgər döyüş başlansa, onların vəziyyəti necə olacaq. Təkcə Dağlıq Qarabağda deyil, Ermənistan üçün də ciddi problemlər yaranacaq. Ona görə də öz canlarının qorxusundan onlar növbəti dəfə bizim döyüş hazırlığımızı yoxlamaq istəyiblər. Bunu heç onların ön xəttində duranlar istəmirlər. Lakin Ermənistan ordusunun rəhbərliyi onları buna məcbur edir. Əsgərlərimizin qarşısına çıxanlar isə lazımi payını alacaqlar və alırlar da".

Qeyd edək ki, noyabrın 30-da qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu isə yaralanıb.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır: "Qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür, bu qanlı provokasiya nəticəsiz qalmayacaq və düşmənə vurulacaq zərbə sarsıdıcı olacaqdır".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.