Siyasət

Müəmmalı sükut...

28 Avqust 2015 14:24
Baxış: 2 318

Yaxud "mən vuranda qan çıxar, sən vuranda su?"

Srağagün ABŞ-da dəhşətli cinayət hadisəsi baş verib! Virciniya ştatında canlı yayım zamanı bir jurnalist və bir fotomüxbir naməlum şəxs tərəfindən güllələnib.
Hadisə səhər saatlarında jurnalistlər "Bridgewater Plaza"da müsahibə alarkən baş verib.
Öldürülən jurnalistlər 24 yaşlı reportyor Alison Parker və 27 yaşlı fotoqraf Adam Vard ştatın WDBJ 7 televiziyasının əməkdaşları olub.
İş başında öldürülən jurnalistlərin qatili polislər tərəfindən həbs edilmək üçün təqib edilərkən özünü güllə ilə vurub.
Bu barədə internet saytlarının bir çoxunda, habelə televiziya kanallarında xəbərlər verilib, hətta qətlə yetirmə məqamı da göstərilib.
Təəssüf doğuran haldır! Allah öldürülənlərə rəhmət eləsin, doğmalarına və yaxınlarına səbir versin!
Hadisəyə jurnalistika baxımından yanaşanda meydana qəribə məqamlar çıxır.
Söhbət təkcə hadisədən yox, fakta münasibətdən gedəndə isə bəzi qəzetlərin mahiyyəti görünür. 
Deyirlər, hər cür müqayisə nöqsanlıdır. Amma əsl həqiqətin üzə çıxarılması üçün də müqayisəsiz keçinmək mümkün deyil!
Avqustun 8-də Azərbaycanda da belə bir faciəvi hadisə baş verdi. Amma bir qədər fərqli formada "Facebook"dakı statusuna görə bir qrup insan tərəfindən döyülən jurnalist Rasim Əliyev səhərə yaxın xəstəxanada dünyasını dəyişdi. 
Çox kədərli və faciəvi haldır.
Allah Rasim Əliyevə də rəhmət eləsin, doğmalarına və yaxınlarına səbir versin.
Rasim Əliyevi döyməyə gələnlər onu öldürmək niyyətində olmamışdılar! Sadəcə sosial şəbəkədəki statusuna görə "qulaqburması" vermək istəyirdilər.
Hadisə jurnalistin peşə fəaliyyəti ilə bağlı olmayıb!
Odlu və ya soyuq silahdan istifadə edilməyib!
Göründüyü kimi, iki ölüm hadisəsi arasında fərq böyükdür!
Bu fərq hər iki hadisənin Azərbaycan mətbuatında, daha doğrusu özlərini "tənqidçi qəzet"lər adlandıran nəşrlərdə "işıqlandırıl(ma)ması" zamanı lap aydın görünür.
Adətən jurnalistlərin öldürülməsi azad sözə və mətbuata qəsd kimi qiymətləndirilir. Bu şərtlə ki, hadisə peşə fəaliyyəti ilə bağlı olsun. Əminik ki, Azərbaycanda mətbuatla bağlı kiçicik bir hal belə baş verəndə yaxalarını cıran "Human Rights Watch", "Amnesty İnternational", "XIX Artikel" kimi beynəlxalq təşkilatlar Amerika olayı ilə bağlı susaraq heç bir açıqlama verməyəcəklər. Hətta ABŞ Dövlət Departamentinə "hadisədən narahat olduqlarını"da bildirməyəcəklər. Çünki ordan maliyyələşirlər və "pulverənin" "xətrinə dəymək" olmaz.
Bəs "bizimkilər" niyə susur?
Amma Rasim Əliyev hadisəsində susmamışdılar!
İki qəzetin timsalında ortadakı faktlara nəzər salaq.
"Yeni müsavat" Rasim Əliyev olayına 10 nömrəsində toxunub. Yazıların 1-i manşetdə, 4-ü birinci səhifədə verilib. Bütövlükdə 2-i bütöv səhifə həcmində olmaqla 21 yazı dərc edilib.
"Azadlıq" qəzeti isə bununla bağlı 3 manşet verib. 9 nömrəni əhatə edən 21-yazıdan 5-i səhifə həcmində olub. Hətta bir dəfə AXCP sədri Əli Kərimov özünə zəhmət verərək (12.08.2015-ci il) mövzu ilə əlaqədar "Çox təhlükəli ölkədə yaşayırıq" sərlövhəli yazı ilə çıxış edib.
Bəlkə də bütün bunları nəzərdən keçirərək statistika düzəltməzdik. Əgər "Yeni müsavat"ın və "Azadlıq"ın dünənki (27.08.2015) nömrələrində ABŞ-dakı hadisəyə də eyni münasibət bəslənilsəydi. 
Amma nəinki "eyni münasibət" "bəslənilməyib", hətta qəzetlər bu fakta toxunmayıblar, bir xətt belə yer ayırmayıblar!
Niyə? Bəlkə xəbərləri yoxdur?
Ola bilməz!
Dünya KİV-inin ən mühüm mövzusuna çevrilən bu hadisədən doğrudanmı "bizim" qəzetlər xəbərsizdirlər?
Nə desən olar!
Əslində "Azadlıq" ABŞ-la bağlı dünənki nömrəsində "çox vacib" bir "məsələ"yə toxunub.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın Yeni Azərbaycan Partiyasının icra katibi, sədr müavini Əli Əhmədovla görüşündən informasiya verən qəzet bundan "çox böyük" "sensasiya"da düzəldib.
Səfir görüşdən sonra "Twitter" səhifəsində yazıb ki, "Noyabrda azad və şəffaf seçkilərin keçirilməsi Azərbaycanın demokratik inkişafında müsbətə doğru addım kimi qiymətləndiriləcək." Çox gözəl! Elə belə də olacaqdır! Həm seçkilər azad, şəffaf və obyektiv şəraitdə keçiriləcək, həm də müşahidəçilər ona yüksək qiymət verəcəklər.
Buna heç kəsdə zərrə qədər də şübhə yoxdur!
Qaşınmayan yerdən qan çıxarmağa çalışan "Azadlıq" adi görüşü görün necə "obyektiv", jurnalistlərin peşə davranışı qaydalarına "dəqiq" "əməl etməklə" "işıqlandırıb".
Yazının sərlövhəsi belədir: "ABŞ səfirindən hökumətə seçki mesajı". - Nə mesajbazlıqdır! Görüşdə səfir sözünü deyib, cavabını da eşidib də!
İkinci sərlövhəyə diqqət yetirin: "Sekuta demokratik seçki şərti irəli sürməklə iqtidara son şans verdi". - Allah, sən saxla!
Bu yazıq səfiri niyə dilə-dişə salırsınız? Axı o kimdir ki, müstəqil dövlətə "son şans" verə?! Qoyun kişi işini işləsin də!
Hələ mətndəki bir cümləyə də baxın: "Ekspertlərin fikirincə, ABŞ səfirinin bu açıqlaması YAP hakimiyyətinə son mesaj kimi dəyərləndirilə bilər".
Ekspert kimdir? Bu nə səy fikirdir? Qoyun dövlətlər mehriban yaşasınlar də! Yoxsa sizin çörəyiniz ziddiyyət və qarşıdurmalardan çıxır deyə, hamını bir-birinə düşmən etmək istəyirsiniz?!
ABŞ-dakı jurnalist ölümünə nədənsə "əhəmiyyət" verməyən "Azadlıq" Rasim Əliyev olayına yenidən qayıdıb. "Məndən ötdü... Qardaşıma dəydi" adlı yazıda Milli Məclisin deputatı Aqil Abbasın bostanına daş atmağa çalışıb. Nədənsə, hörmətli millət vəkilinin "Mən Cavidi həbsdə görmək istəmirəm" - deməsi "Azadlıq"dakılara xoş gəlməyib. Onun başına ağıl qoymaq istəyiblər.
Dünyanın işinə baxın, ey!
Bütün günü söz və düşüncə azadlığından, fikir plüralizmindən dəm vuranlar indi Aqil Abbasın onlar kimi düşünüb danışmasını istəyirlər! Adamdan soruşarlar ki, Aqil müəllim açıqlama verməmişdən qabaq gəlib sizinlə məsləhətləşməli, fikrinizi öyrənməli idi? Siz hələ qəzet nə olduğunu bilməyəndə Aqil Abbas respublikanın tanınan qələm sahibi idi!
Özünüzü belə aparırsınız ki, hamı sizi qoyub qaçır da!
Biz "Azadlıq"ın nədən necə yazmasına qarışmırıq! Bu, vicdan və peşəkarlıq məsələsidir! Amma dünyada bomba kimi partlayan iki amerikalı jurnalistin işbaşında güllələnməsi faktına göz yumulmasına bir xeyli təəccüblənirik(?!) Axı bu məsələdən yazmaq istəsəydiniz, toxunulası məqamlar çox idi. Həm də bizdəki kimi şişirdilən, siyasiləşdirilən, zorla iqtidara "bağlanılan" məsələləri demirik. ABŞ üçün ənənəvi və problemli məqamlara işarə vururuq.
Bütün hallarda bu sizin tərəfdən çox müəmmalı sükutdur!
Görəsən, bu müəmmalı sükutun arxasında nə durur?
Axı özümüzdəki xuliqanlıq zəminində baş verən faciədən çox gen-bol danışdınız və yazdınız!
İndi niyə səsiniz çıxmır?
Yenə o zəhrimar "qrant" məsələsidir?!
 
"Azərbaycan" qəzeti

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.