Siyasət

Siyavuş Novruzov: "Müsavat ömründə bir dəfə seçki keçirdi, onu da saxta"

29 Sentyabr 2014 13:57
Baxış: 766
"Müsavat Partiyası ömür boyu seçki haqqında danışanda deyib ki, seçkilər saxtalaşdırıldı, biz seçilə bilmədik. Yalandan cəmiyyəti aldatmağa çalışır. Azərbaycan cəmiyyəti gördü ki, bunlar ömründə bir dəfə seçki keçirdilər, onu da saxta". Bunu Trend-ə Müsavat Partiyasının qurultayını şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, orada nümayəndələr saxta yolla qurultaya seçilmişdilər: "Çünki Arif Hacılı bilavasitə Müsavatın icra aparatına rəhbərlik edib. Müstəqil komissiya yaratmadılar, icra aparatında fəaliyyət göstərən insanlar özlərinə uyğun adamları qurultaya nümayəndə seçdilər. Bunlar rayon təşkilatlarının sədrləri və özlərinə yaxın olan insanlar idi. Digərlərinin seçilməsinə imkan verməmək üçün belə addım atdılar. O nümayəndələr vasitəsilə ədalətsiz, standarta uyğun olmayan bir qurultay keçirdilər və sədr seçdilər".

YAP rəsmisinin sözlərinə görə, digər tərəfdən qurultayda partiyanın keçmiş başqanı, yorğun demokrat çıxış etdi: "Bir dənə olsun Müsavatın perspektivi, inkişafı, islahatlar, qarşıdan gələn bələdiyyə və parlament seçkiləri ilə əlaqədar söz demədi. Qurultay hər gün çağırılmır ki. Qurultay bir dəfə çağırılır və beşillik proqram müəyyənləşdirilir. Lakin orada bir dənə də olsun proqram qəbul olunmadı".

S.Novruzov deyib ki, ümumilikdə, İsa Qəmbər çıxışında əsasən Rusiyanın əleyhinə danışdı: "Azərbaycan cəmiyyətində yaxşı bilirlər ki, Rusiya ilə əlbir işləyən İsa Qəmbərin özü olub. Mitinqlər vaxtı Polyaniçko İsa Qəmbəri Şəhriyar adına klubda hazırlaşdırırdı ki, o mitinqdə necə çıxış eləsin. Primakov 20 Yanvar hadisələri zamanı bildirmişdi ki, kiminlə işiniz olur-olsun, İsa Qəmbərə toxunmayın. Digər onlarla bu cür faktlar sadalamaq olar. Bu adam əvvəldən-axıra bilavasitə Rusiyanın xüsusi xidmət orqanlarına qulluq edib. İndi qurultayda bu məsələlərə tamam başqa don geyindirmək istəyirdi".

S.Novruzov hesab edir ki, ümumilikdə, Müsavat artıq bitmiş bir partiyadır: "Yerdə qalanlar da artıq öz etirazlarını bildirirlər və yəqin ki, yaxın vaxtlarda onlar da partiyanı tərk edəcəklər".

Qeyd edək ki, şənbə günü müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib.

Partiya başqanlığına Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy namizədliyini vermışdi. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.

Q.İbadoğlu öncə Trend-ə müsahibəsində deyib ki, Arif Hacılı öz potensialı, resursları ilə ona qalib gəlməyib.

Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.