Siyasət

"Heç bir dövlət gizli dinləmələrdən sığortalanmayıb"

20 Avqust 2014 13:09
0 Şərh     Baxış: 783

Arzu Nağıyev: "Kəşfiyyatda belə bir qayda var; o adam tez qərar qəbul edə bilir ki, çoxlu məlumatı var"

Alman kəşfiyyatının Türkiyə hökumətini dinləməsi ilə bağlı yaranan qalmaqal getdikcə böyüyür. Qeyd edək ki, Almaniya hökuməti 2009-cu ildə kəşfiyyat qurumu BND-yə Türkiyədə kəşfiyyat fəaliyyəti, dinləmələr həyata keçirmək üçün təlimat və səlahiyyət verib.

Almaniya baş naziri Angela Merkel isə bəyan edib ki, kəşfiyyat qurumunun fəaliyyətinə şərh vermək fikrində deyil, əgər tələb olarsa, bu barədə parlamentdə dinləmələrdə açıqlama verilə bilər.

Almaniyanın nüfuzlu "Bild" qəzeti isə dinləmənin əsas səbəbinin baş nazir Rəcəb Tayyib Ərdoğanın güclənməsi olduğunu yazıb. Sitat: "Türkiyənin yeni prezidentinin gücünün getdikcə artması Qərbdə narahatlıqla izlənilir".

Eyni zamanda qəzet yazıb ki, Türkiyə Balkan ölkələrində İslamın sürətlə yayılmasının əsas oyunçularından biridir. Həmçinin, Berlinin Suriyaya gedən almaniyalı "cihadçı"larla bağlı məlumat tələb etməsinə cavab olaraq Ankaranın Almaniyadakı PKK-çılarla bağlı məlumat tələb etdiyi qeyd olunur. Almaniya Sosial Demokrat Partiyasının fraksiya sədri Rolf Mützenich bildirib ki, bu hadisə "iki ölkə arasında inamsızlığı daha da artıracaq". Ancaq Xristian-Demokrat Partiyasının federal məclis daxili işlər komissiyasının rəhbəri Wolfgang Bosbach dinləməni anlayışla qarşıladığını, BND-nin Türkiyəni dinləmək üçün "haqlı səbəblərin" olduğunu deyib.

Qeyd edək ki, dövlət rəhbərlərinin dinlənməsi artıq dünyanın alışdığı xəbərlər sırasına daxil olub. Bir qədər əvvəl ABŞ-ın 35 dünya ölkəsini dinləməsi, daha sonra Almaniyanın ABŞ rəsmilərini dinləməsi ilə bağlı iddialar gündəmə gəlib. Türkiyə kimi inkişaf etmiş, güclü kəşfiyyat strukturu olan dövlətin rəhbərlərinin dinlənməsi maraq doğurur. Diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, Türkiyə baş nazirinin dinlənməsi ilə bağlı iddialar daha əvvəl də ortaya atılıb. Ərdoğanı dinləyənlər arasında ABŞ kəşfiyyatının, İsrail agentlərinin, dövlətin içindəki "gizli qurum"a bağlı şəxslər belə dinləmə həyata keçiriblər. Doğrudanmı dövlət başçılarını dinləmək bu qədər asandır?

Mövzu ilə bağlı "Yeni Müsavat"a şərh verən politoloq, xüsusi xidmət orqanlarında çalışmış Arzu Nağıyev deyir ki, kəşfiyyat orqanlarının xarici ölkələrin liderlərini dinləməsi artıq adi qəbul olunur. Ekspertə görə, böyük dövlətlər barədə xəbər toplamaq, xüsusən də rəsmi şəxslərin danışıqlarını əldə etmək vacib məsələdir: "Kəşfiyyatda belə bir qayda var: O adam tez qərar qəbul edə bilir ki, onun çoxlu məlumatı var. Dinləmənin iki növü var. Telefona qulaq asmaq var, bir də var efiri dinləmək. Aydın məsələsidir ki, heç bir dövlət xadimi telefonu ilə açıq şəkildə danışmır, məxfi hesab olunacaq məlumatları demir. Bu cür sözləri ancaq özünə yaxın, dar dairədə danışa bilər. Dar çərçivədə bu cür danışıqları dinləmək isə həddən artıq çətindir. Dinləmək üçün onun iş kabinetinə, gedib gəldiyi məkanlara xüsusi qurğular quraşdırılmalıdır və bununla da danışıqları dinlənilməlidir. Bu isə həddən artıq çətin bir işdir. Hər bir rəhbər də gözəl başa düşür ki, onu hər an dinləyə bilərlər. Hətta sovet dövründə telefonların üzərində yazılar olurdu. O yazılarda qeyd olunurdu ki, telefonla aparılan söhbətlər o demək deyil ki, sizi dinləmirlər".

Ekspertə görə, dinləmələrdən qaçmaq mümkün deyil. Çünki inkişaf edən texnoloji vasitələrdən istifadə edən dövlətlərin kəşfiyyatları bu işi hər bir halda həyata keçirməyə çalışır. A.Nağıyevin fikrincə, əks-kəşfiyyat fəaliyyətini güclü qurmaqla bir çox hallarda bu fəaliyyətlərin qarşısını almaq olur: "Türkiyədə ötən il baş verənləri, hökumətin qarşılaşdığı vəziyyəti, ölkədə baş verən proseslərə baxanda əmin olmaq olur ki, həqiqətən də Türkiyə hökumətinin rəhbərliyi dinlənilib. Dinləmələrin qarşısının alına bilməməsi kəşfiyyatın işi ilə bağlı deyil. Dinləmələrin qarşısını almaq da olur, bəzən də bu mümkün olmur. Bu baxır hansı texnika o birindən nə dərəcədə güclüdür. Xüsusi xidmət orqanlarında belə bir deyim var: xarici xüsusi xidmət orqanlarına qarşı əks fəaliyyət. Belə bir terminologiya var. Bunu həyata keçirmək üçün müxtəlif vasitələr var. Məsələn, Barak Obamanın korteji gedəndə 3 kilometr radiusunda heç bir mobil telefon çalışmır".

A.Nağıyev deyir ki, bir çox hallarda dinləmə iddiaları siyasi məqsədli olur. Bəzən kəşfiyyat orqanları rəqib ölkənin zəif nöqtələrini üzə çıxarmaq, informasiya savaşında zərbə vurmaq üçün dinləmə iddiaları ortaya atırlar: "Türkiyə çox güclü inkişaf etmiş bir ölkədir. Türkiyə xüsusi xidmət orqanlarının belə hərəkət etmək, başqa ölkələri dinləmək imkanları var. Bundan da çox güclü istifadə edir. Ancaq bu hadisənin həddən artıq şişirdilməsi bu məlumatın həm də siyasi yükünün olduğunu deməyə əsas yaradır. İlk növbədə sual olunmalıdır: Türkiyə rəhbərlərinin telefonlarına qulaq asmaq hansı qərarlara təsir edib, hansı qərar qəbul ediblər buna görə? Onu açıqlayan da yoxdur. Çünki bəzən bu cür məlumatlar kəşfiyyatın oyunları olur. Yəni mən sənə qulaq asdım, dinlədim kimi informasiya yayır və bunun qarşı tərəfdə hansı təsiri yaradacağını da öyrənməyə çalışırlar. Bir növ siyasi gediş olur".

"Yeni Müsavat"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.