Siyasət

Cəbhə xəttində şiddətli atışma davam edir, şəhid sayı 5-ə çatdı - YENİLƏNİB - VİDEO

2 Avqust 2014 10:58
208 Şərh     Baxış: 69 372

10:42

Bu gecə saat 03:00 radələrindən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Milli Ordusunun mövqeyləri atəşə tutulub. Anspress-in verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Güllücə kəndi ərazisindən mövqeylərimizi iriçaplı silahlardan intensiv olaraq atəşə tutublar. Atışma saat 05:00-a qədər davam edib.
Milli Ordumuzun əsgərləri düşmən tərəfi cavab atəşilə susdura bilib.

Məlumata görə, cəbhədə şəhid olanların sayl 5-ə çatıb. Lakin hələlik onun adı bəlli deyil. Atışma zamanı 8 əsgərimiz yaralanıb.

---------
10:01


Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 73 dəfə pozulub.
 

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Qaralar, Koaxnəbi, Ağdam, Əlibəyli kəndlərində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
 

Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.


----------
09:46


Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmən təxribatı zamanı onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.

Həlak olan hərbi qulluqçular:
- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.


----------
09:07

Gecə saatlarında cəbhə xəttində bir neçə istiqamətdə şiddətli atışma davam edib.

APA-nın verdiyi xəbərə görə, düşmən Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, həmçinin Ağdam rayonunun Ergi düzü adlanan ərazisi boyu - işğal altında olan Yusifcanlı, Mərzili və Novruzlu kəndləri istiqamətində yerləşən mövqelərindən iriçaplı silahlardan istifadə edərək Azərbaycan Ordusunun mövqelərini şiddətli atəşə tutub. Məlumata görə, düşmənin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycanın 3 əsgəri yaralanıb. Yaralılar hərbi hospitala yerləşdiriliblər. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Azərbaycan Ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.


Ermənistan ordusu Ağdamın işğal altında olan Güllücə kəndi istiqamətində yerləşən mövqelərindən də Azərbaycan Ordusunun üzbəüz mövqelərini şiddətli atəşə tutublar.

Cəbhənin bu istiqamətində də yaralıların olduğu bildirilir.
Qeyd edək ki, düşmən Azərbaycan ordusunun şiddətli cavab atəşindən təşvişə düşərək, təmas xəttinə nəzarət etmək məqsədilə cəbhə boyu tez-tez işıqlandırıcı vasitələrdən (fişənglərdən) istifadə edir.

Milli.Az

-----------
10:58

Videoları izləmək üçün şəkillərə klikləyin.



---------
09:07

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.