Siyasət

Riçard Morninqstar Avrasiya Gömrük İttifaqına münasibətini açıqladı - VİDEO

5 Fevral 2014 16:59
Baxış: 324
Milli.Az Türkel TV-yə (TTV) istinadən bildirir ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair əlaqələr daha da gücləndiriləcək. ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar bu əməkdaşlığın istiqamətlərinin anonsunu verib. TTV-yə eksklüziv müsahibəsində səfir, həmçinin 2015-ci ildə Rusiyanın reallaşdırmağa çalışdığı Avrasiya Gömrük İttifaqına Birləşmiş Ştatların münasibətini açıqlayıb.

Riçard Morninqstar bəyan edib ki, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində sıx əməkdaşlıq mövcuddur. Hazırda bu sahədə müxtəlif təlimlər və fəaliyyət həyata keçirilir. Eyni zamanda Birləşmiş Ştatların Azərbaycana kömək edə biləcəyi sahələrdən biri də enerji infrastrukturunun mühafizəsidir.
 
Riçard Morninqstar: "Bizim Azərbaycana kömək edə biləcəyimiz sahələrdən biri də enerji infrastrukturunun mühafizəsidir. Düşünürəm ki, qarşıdan gələn aylarda biz bu sahədə əməkdaşlığımızı davam etdirəcəyik. Eyni zamanda bizim Azərbaycanla terrorizmlə mübarizə və digər müvafiq təhlükəsizlik əlaqələrinin davam etdirəlməsinə ümid edirəm".
 
Səfir ABŞ-ın Rusiyanın 2015-ci ildə reallaşdırmağa çalışdığı Avrasiya Gömrük İttifaqına münasibətini açıqlayıb. Diplomat ABŞ-ın mövqeyini ifadə edərək bəyan edib ki, bu məsələ hər bir ölkənin suveren hüqüqudur və hansısa ölkə bu quruma üzvlüyü məsələsinə müstəqil qərar verməlidir.
 
Riçard Morninqstar: "Bizim bu məsələyə münasibətimiz və mövqeimiz budur ki, hər bir ölkə bu və ya digər qurum və təşkilata üzv olub-olmaması ilə bağlı özü müstəqil olaraq qərarını verməlidir. Azərbaycana gəldikdə isə Azərbaycanın hansı addım atması özündən asılıdır. Bir məqamı vurğulamaq istəyirəm ki, Azərbaycan müstəqil və suveren dövlətdir və hər hansı bir kənar digər dövlətin təzyiqi, təsiri olmadan müstəqil şəkildə qərarını verməlidir".
 
Səfir 2014-cü il ərzində Azərbaycanla ABŞ arasında əməkdaşlığın daha da genişlənəcəyini və bu çərçivədə yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin baş tutacağına inandığını vurğuladı. Belə ki, ötən illər ərzində bir sıra yüksək vəzifəli ABŞ rəsmilərinin Azərbaycana səfər etdiyini xatırladan diplomat bunların arasında dövlət katibinin iki rəsmi səfərinin, müdafiə nazirinin və digər yüksək vəzifəli rəsmilərin səfərlərini qeyd etdi.

Milli.Az


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.