Maraqlı

Bu təamlar iyrəndirir

16 Fevral 2014 19:07
1 Şərh     Baxış: 3 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İnsan bədənində məskunlaşan bakteriyalar, onun tüpürcəyi və hətta saçı müəyyən xörək və içkilərin hazırlanmasında istifadə olunur.

Milli.Az  Rusiya mətbuatına istinadən onlardan bəzilərini diqqətinizə çatdırır. Yəni, bəlkə, nə zamansa, hansısa ölkədə olarkən qarşınıza çıxdı, biləsiniz ki, qabınızdakı nədir.

Kuşikami sakesi

Yaponiyada düyü yetişdirilməyə başlayandan bu ölkədə insan tüpürcəyindən fermentləşdirmədə istifadə olunur. 

Dzömon dövründə ("kəndir ornamentləri dövrü", e.ə. 13000 - e. 300) kəndlilər palıd qozası, qarabaşaq və darını çeynəyirdilər ki, qıcqırma prosesi yaxşı qetsin. İnsan tüpürcəyindəki amilaza enzimi ərzağın tərkibindəki mürəkkəb şəkər birləşmələrini bölür, bundan sonra maya bu şəkərlə qidalanaraq onu alkoqola çevirir. Düyü erasının başlanması ilə sakenin də ilk variantları yarandı. Onun hazırlanması üçün gənc bakirə qız bir neçə ovuc düyünü çeynəyib düyü ilə dolu nəhəng çənin içinə tüpürürdü. Sonra onu qarışdırır və qıcqırmağını gözləyirdilər. Nəticədə kuşikami sakesi alınırdı. VII əsrdə sakenin daha təmiz hazırlanma qaydaları yarandı və kuşikami tarixdə qaldı.

Çiça


Bu içki də eyni texnologiya ilə hazırlanır, sadəcə burada düyü deyil, qarğıdalı çeynəyirlər. Onun da tarixi minillərlə ölçülür: İnk imperiyasında aklyauasi məktəbinin ("seçilmiş qadınlar evi") qızları çiçanı ayinlərin keçirilməsi üçün hazırlayırdılar. Onu indiyədək Mərkəzi və Cənubi Amerikanın bəzi bölgələrində hazırlayırlar.

Ana südündən hazırlanan məhsullar

 
Birbaşa insan bədənindən alınan yeganə ərzaq var, o da ana südüdür. Onun tərkibində böyüyən insan orqanizmi üçün lazım olan hər bir element var. Hətta yaşlı insan da yalnız onunla qidalanaraq sağ qala bilər. Bu yaxınlarda eksperimenti xoşlayan kulinarlar ana südündən inək, qoyun və keçi südündən olduğu kimi məhsullar hazırlamağa çalışıblar. 2011-ci ildə Londondan olan bir şirkət ana südündən hazırlanmış "Baby Gaga" adlı dondurmanı satışa buraxdı. İlk partiya 1 payı 14 funt-sterlinqdən bir neçə günə satılıb qurtardı.
2010-cu ildə isə Manhettendə şef aşpaz Deniel Ancerer səhiyyə nazirliyinin qəzəbinə gəldi. Çünki özünün Klee Brasserie restoranında öz arvadının südündən hazırladığı pendiri satırdı.

2011-ci ildə isə Nyu-Yorkda "Lady Cheese Shop" adlı qeyri-adi sərgi təşkil olundu. Orada Miriam Simun istəyən hər kəsə insan südündən hazırlanmış müxtəlif pendirləri dadmağı təklif edirdi.

Bunlardan başqa, bəzi uşaqlarına süd verən qadınlar özləri də südlərilə eksperimentlər aparırlar: İnternet şəbəkədə bu ilin əvvəlində istifadəçi xanımlar öz südlərindən hazırlanmış yoqurt, yağ və s.-nin reseptlərini paylaşıblar.

İnsan bakteriyalı pendir

İnsan orqanizmi pendir hazırlanmasına elə südsüz də "töhfə" verə bilər. Bioloq Kristina Aqapakis və ətirlərin yaradıcısı Sissel Tolaas bu yaxınlarda "işbirliyi" qurdular: pendirin hazırlanması üçün insanın ayaq barmaqları, ağzı və hətta yazıçı Maykl Rollanın göbəyindən aldıqları bakteriyalardan istifadə etməyə çalışdılar. O pendiri qərbin yeməyə qarşı steril münasibətinə antiteza kimi fikirləşsələr də, əsas hədəfləri həmin pendirin unikal dadı deyil, qoxusu idi.
Təsəvvür edirsiniz?  

L-sisteinli ərzaqlar

 
İnsan tükünün tərkibində də olan L-sistein amin turşusudur. Ondan çörəyin, bulkaların, pizzanın hazırlanmasında kondisioner kimi istifadə olunur.

Bu maddəni əsasən ördək tükündən alır, yaxud laboratoriyada sintez edirlər. Ancaq onun mənbəyi kimi insan tükündən də istifadə oluna bilər.

2010-cu ildə Amerikanın "Mother Jones" jurnalı bir sıra şirkətlərə məhsullarının tərkibindəki L-sisteinin insan mənşəli olub-olmaması barədə sorğu göndərmiş və bir neçəsindən müsbət cavab almışdı (bəziləri isə ördək tükündən istifadə etdiklərini demişdilər).

Probiotiklər

 
Yəqin, tərkibində probiotiklər olan yoqurt və digər süd məhsullarının reklamıyla tez-tez rastlaşırsınız. O reklamlarda faydalı bakteriyaların tərifi yerə-göyə sığmır. Amma heç birində o bakteriyaların haradan alındığı deyilmir. Əlbəttə, heç deməzlər də. Çünki bir çox probiotikləri məhz insan bağırsaqlarından alırlar, bu barədə danışmaq isə uğurlu marketinq sayılmır. Məsələn, Yakult adlı südlü içkinin tərkibindəki aktiv komponent - Lactobacillus casei Shirota süd bakteriyası - Mikrobioloji tədqiqatlar institutunda insan nəcisindən alınmışdı.

Odur ki, nə yeyib-içdiyinizə diqqət edin!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.