Sağlamlıq

Bu, yeməklə kökəlmək deyil, daha qorxuludur!

31 Yanvar 2015 15:37
0 Şərh     Baxış: 5 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyada bir çox xəstəliklər var ki, insanlar, ümumiyyətlə, o xəstəliklərin var olmasından xəbərsizdirlər. Bu cür xəstəliyə yoluxanları gördükdə isə nədənsə ən son xəstələnmə ehtimalı olan insan kimi özlərini hiss edirlər. Halbuki, xəstəlik elə bir haldır ki, heç bir insan bundan sığortalanmayıb və hətta ən yaxşı qidalanıb olduqca sağlam yaşayan insanlar belə mümkünsüz hesab etdikləri xəstəliklərə hər an tutula bilər.

Sirr deyil ki, dünyanın yarıdan çoxu artıq çəkidən əziyyət çəkir. Gündəlik yaşam tərzi, hazır qidalar, tənbəllik, az hərəkət və bu kimi vərdişlərə bağlı olaraq insan günü-gündən çəkisinin artmasına nəzarət edə bilmir. Ola bilər, çəkinin artması hər hansı bir başqa səbəbdən qaynaqlanır, lakin ölkəmizdə hər çəkidən əziyyət çəkən insan bunu qidalanma ilə əlaqələndirir və ilkin olaraq qidasından kəsməyə başlayır. Əslində səbəbləri tamamilə başqa olan çəki artımını dayandırmaq üçün qidadan kəsilincə insan bədəni daha da zəifləyir və nəticədə xəstəliklərə qarşı daha da həssaslaşır.

O qədər də geniş hal almasa da lenfodem adlı xəstəlik mövcuddur ki, bu xəstəlik məhz insana yeyib təbii formada kökəlmiş insan görünüşü verir. Əslində olduqca qorxulu hesab olunan xəstəlik ilkin baxış zamanı özünü ələ vermir, çünki insanın əlləri, ayaqları və gövdəsi anidən şişmir. Zamanla yaranan şişkinlik qısa müddət ərzində artıq gözlə görülə biləcək qədər artır və bu xəstəlik kişilərdən çox qadınları hədəf alır. İnsan normal həyatına davam edərkən anidən üzüklər və saatının onun sıxdığını, əvvəl geyindiyi geyimlərə artıq 2 ay ərzində sığmadığını, ayaqqabılarının pəncəsindən dar gəldiyini hiss edirsə, həyəcan təbili çalmalı və təcili həkim yoxlanışından keçməlidir. Çünki bu cür kökəlmənin əsl səbəbi bəlkə də bütün dünyanın qorxduğu lenfodem xəstəliyinin ilk simptomlarıdır.

Acıbadem Kayseri Xəstəxanası Fizika Müalicə və Reabilitasiya mütəxəssisləri bu fikirdədir ki, lenfodem xəstəliyinin əsas səbəbi, linfa düyünləri və limfa kanallarının zədələnməsi ilə linfa dövranının pozulmasıdır ki, bunun da nəticəsində qol, ayaq və gövdədə gözlə görülə biləcək şişkinlik yaranır. Qolda və ayaqda hissizlik, sərtlik və ağrı kimi əlamətlər verən lenfodemin xüsusilə xərçəngli xəstələrə daha meylli olması diqqət çəkəndir və ümumi xəstələrin cinsinə nəzər saldıqda qadınlar daha çox xəstəlik üçün namizəddir. Mütəxəssislər bildirirlər ki, bu cür xəstələrin ilk olaraq dar geyimlərdən imtina etməsi vacib olduğu halda lenfodemə tutulduğunu bilmədən daha dar geyimlər geyinmək xəstəliyi bir qədər də alovlandırır. Lenfodemli qadınlar daha arıq görünmək istəyi ilə onsuz da bədəndə sürətlə inkişaf edən xəstəliyi dar geyimlərlə bir növ qıcıqlandırırlar.

Həkim-onkoloq Səbuhə Talıblının sözlərinə görə, heç bir həkim müayinə etmədən ilk baxışdan kök insanın lenfodemdənmi, yoxsa həqiqətən köklükdənmi əziyyət çəkdiyini ayıra bilməz: "Bir insanın lenfodem olub-olmaması diaqnozunu yalnız ekspert həkim qoya bilər. Çünki heç bir analiz, qan və ya ümumi müayinə lenfodemin dəqiq diaqnozunu qoymaq üçün ideal üsul deyil. Lenfodemli xəstələrə ona görə qadınlar daha çox meyllidir ki, lenfodem sinə xərçəngi riski daşıyan insanlar üçün daha xarakterikdir. Xərçəng müalicəsindən sonra kimya və ya radioterapiya görmüş xəstənin məhz o bölgədə olan limfa vəziləri daha da həssaslaşmış olur və xəstə o zaman lenfodemə tutulduğunun fərqinə varır ki, xəstəlik artıq 3-cü mərhələyə kimi inkişaf edir. Xərçənglə mübarizədən yorulan insan lenfodemə qarşı artıq elə də ciddi yanaşmır və nəticə olaraq qolda və bədəndə aşkar şişliklər meydana gəlir. Lenfodem bədəndə olan linfa vəzilərinin sıradan çıxması və düzgün işləmini yerinə yetirə bilməməsi səbəbindən yaranır və bu xəstəlik üçün bütün insanlar namizəddir".

Həmsöhbətimizin sözlərinə görə, insanın bu xəstəliyi düçar olub-olmamasından şübhələnmək üçün bəzi nüanslara fikir vermək də bəzən kifayət edə bilər. Məsələn, uzun müddət əlinizdə olan üzüyün anidən sıxması, saatın narahat etməsi, geyimlərin dar gəlməsi halı ilə üzləşdikdə, müəyyən müddət (1-3 ay qədər) dar geyimlərdən imtina etmək, çox isti olmayan duşda yuyunmaq, zülal və yağı az olan qidalardan istifadə etməklə rahatladığını hiss edirsə, əlləri və ayaqları mütəmadi nəzarətdə saxlamaq, yarana biləcək hər hansı bir qızartı, yanma, anidən soyuma, dırnaq ətrafındakı zərif ətlərin su yığması və bu kimi hallara diqqət edirsə, insan bədənindəki dəyişimlərin fərqinə vara bilər. Bu cür nəzarətdən sonra isə dərhal həkimə müraciət etmək lenfodemin dəqiq diaqnozunun qoyulmasına yardımçı olar.

ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.